24.11.2023 20:00
Qərb Ermənistana Azərbaycanın şərtlərini qəbul etdirir: Rusiya Cənubi Qafqazdan qovulur
Azərbaycanla Ermənistan arasında gedən sülh danışıqları dalana dirənib. Belə ki, öncə Azərbaycan Brüssel, daha sonra isə Vaşinqton müstəvisindən aparılan danışıqları dayandırdı.
Azərbaycan İspaniyanın Qranada şəhərində oktyabrın 5-də planlaşdırılan beştərəfli görüşdən (Ermənistan-Azərbaycan-Fransa-Almaniya-Avropa İttifaqı) imtina etdi.
Niyə? Çünki Azərbaycan görüşdə Türkiyənin iştirakını təklif etmişdi və bunda israr edirdi. Fransa və Almaniya isə buna imkan vermədi. Fransa rəsmilərinin ermənipərəst bəyanatları, XİN başçısının Ermənistana səfəri və hərbi əməkdaşlıq, silah-sursat veriləcəyi haqda açıqlamalar nəzərə alındı. Eyni zamanda Aİ Şurasının Prezidenti Şarl Mişelin Azərbaycanı ittiham edən açıqlamasını da nəzərə alan rəsmi Bakı bu formatda danışıqlarda iştiraka lüzum görmədi.
Baxın, Qranadadakı görüşdə Türkiyənin iştirakına Paris və Berlin razı olmadı.
İndi isə Almaniyaya yaxınlığı ilə tanınan və 2015-ci ildən ortada olan “politico.eu” saytında bugünlərdə gedən bir məqalənin başlığına diqqət edək:
“Azerbaijan can become a constructive player in the Caucasus”, yəni Azərbaycan Qafqazda konstruktiv oyunçuya çevrilə bilər. Məqalənin ikinci başlığı bizim üçün xüsusi ilə maraqlıdır. Nə yazırlar? Yazırlar ki, ABŞ, Aİ və Türkiyə tərəflər arasında vasitəçilik prosesinə rəhbərlik etməlidir, çünki onlar regionda təhlükəsizlik əlaqələrini və qarşılıqlı iqtisadi əlaqəni gücləndirə biləcək nizamlanmadan birbaşa faydalanacaqlar.
“Politico.eu” son dərəcə nüfuzlu saytdır. Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Antoni Blinken amerikalı qanunvericilərə Azərbaycanın Ermənistana hücum ehtimalı barədə açıqlama vermiş və ABŞ-ın Azərbaycana hərbi yardımı dayandıra biləcəyi ilə bağlı məlumat yaymışdı. Düzdür, bu xəbər tezliklə ən yüksək səviyyədə təkzib edildi. Ancaq az sonra bəlli oldu ki, “politico.eu” saytının yaydığı xəbər doğru imiş. Yəni bu sayt nə yazdığının fərqindədir. Birmənalı şəkildə deyir ki, Azərbaycan Cənubi Qafqazda konstruktiv oyunçuya çevrilə bilər. İkinci və ən önəmli məqam odur ki, ABŞ Aİ ilə birlikdə Türkiyə-Azərbaycan-Ermənistan danışıqlarına rəhbərlik etməlidir. Mən də əminəm ki, bu, ən optimal yoldur və konkret nəticələrin əldə olunacağı formatdır. Zatən Azərbaycanın da istədiyi budur...
ABŞ dövlət katibi Antoni Blinkenin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında noyabrın 20-də Vaşinqtonda keçirilməsi planlaşdırılan danışıqların pozulmasına görə isə məsuliyyət dövlət katibinin köməkçisi Ceyms O’Braynın ayağına yazılmalıdır. Dövlət Departamentinin Avropa və Avrasiya Bürosundakı müavini, O’Braynın “ABŞ-ın Azərbaycana münasibəti əvvəlki kimi olmayacaq” bəyanatına, 907-ci düzəlişin yenidən qüvvədə qalması haqda qərara cavab olaraq Xarici İşlər Nazirliyi bu mövqeyi “birtərəfli, qərəzli, əsassız və qəbuledilməz” hesab etdi...
Azərbaycan nə təklif edir? Rəsmi Bakı “3+2” formatında (Azərbaycan, Ermənistan, İran, Türkiyə və Rusiya), Tiflisdə və iki ölkə sərhədində ikitərəfli görüşə hazır olduğunu bəyan edir. Azərbaycan ABŞ, Aİ və Türkiyənin də birgə vasitəçiliyinə müsbət baxır. Rəsmi Bakı Moskva müstəvisinə də maraq göstərir. Ancaq Qərbin sifarişi ilə Rusiya ilə bütün körpüləri yandıran Ermənistan bunu qətiyyən istəmir. Ona görə də Moskva görüşü real deyil və mümkün variant kimi qəbul oluna bilməz.
Gördüyünüz kimi, Azərbaycan həm Vaşinqtonu, həm də Brüsseli ermənilərə birtərfli şəkildə simpatiya bəsləməkdə suçlayır. Təbii ki, Ermənistan bu Qərb-Azərbaycan qarşıdurmasından yararlanmağa çalışır. Əlbəttə, Qərblə qarşıdurmaya getmək Azərbaycan üçün arzuolunan yol deyil.
Ancaq biz onu da untmamalıyıq ki, Qərbdə Azərbaycanın son dərəcə önəmli bir müttəfiqi var. Şübhəsiz ki, bu, Böyük Britaniyadır. Noyabrın 22-də Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının xarici işlər, Birlik Ölkələri və İnkişaf Ofisində Parlamentlə əlaqələr üzrə dövlət katibinin müavini, Avropa və Şimali Amerika üzrə dövlət naziri Leo Dokertini qəbul etdi. Son dərəcə xoş atmosferdə keçən görüşdə qarşılıqlı münasibətlərdən məmnunluq duyulduğu vurğulandı.
Yəqin ki, diqqət edirsiz. Son vaxtlar Ermənistan Qərbin ən güclü ölkələri ilə əlaqələrini gücləndirməyə çalışır. Öncə Fransa ilə yaxınlaşan Ermənistan daha sonra Almaniya ilə münasibətlərini yeni və daha yüksək səviyyəyə qaldırdı. İndi isə Ermənistan Böyük Britaniya ilə yaxınlaşmaq üçün ciddi addımlar atmaqdadır. Ermənistan mənbələri yazır ki, ötən həftə Londonda tərəflər arasında strateji xarakterli danışıqlar keçirilib. Cənab Leo Dokerti Bakıya gəlməmişdən öncə İrəvanda olmuşdu, qısa zaman içində münasibətlərdə xeyli irəliləmə var.
Ermənistan mediası yazır ki, Böyük Britaniyanın əsas hədəfi Rusiyanın Cənubi Qafqaza təsirini sıfırlamaqdan ibarətdir. O cümlədən Ermənistan-Azərbaycan münaqişəsinin həlli və sülh prosesinin başa çatdırılması da Britaniyanın Cənubi Qafqazdakı prioritetləri sırasındadır.
Qeyd edim ki, Britaniyalı nazir Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Londona səfəri başa çatdıqdan dərhal sonra İrəvana gəlib. Ötən həftə Ermənistan səfirliyi Londonda yeni binaya köçüb.
Mirzoyan bu münasibətlə belə deyib: “Yeni bina ilə birlikdə biz həm də əlaqələrimizin dərinləşməsi üçün yeni təməl qoyuruq”.
Təkcə Ermənistan yox, Britaniya da tərəflər arasında “strateji dialoq”un başladığını elan edib.
Səfərindən bir qədər əvvəl Leo Dokerti deyib: “Cənubi Qafqaz həm daxili, həm də qonşu ölkələrdən gələn regionun sabitliyini təhdid edən ciddi təhlükəsizlik çağırışları ilə üz-üzədir. Qeyri-sabit regionda Böyük Britaniya islahatlar, sülh və sabitlik üçün etibarlı tərəfdaşdır”.
Britaniya səfirliyindən bildirilib ki, nazirin səfəri zamanı Ermənistanda demokratik islahatlar gündəliyi, eləcə də Ermənistan və Azərbaycan arasında birbaşa danışıqların zəruriliyi müzakirə olunacaq. Nazir İrəvan, Bakı və Tiflisə “iqtisadiyyatın diversifikasiyası və Avropanın Rusiyadan asılılığını azaltmaq üçün ticarət və təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirməyi” təklif edəcək.
Diqqət etdinizmi? Britaniya “Ermənistan və Azərbaycan arasında birbaşa danışıqların zəruriliyini” vurğulayır. Əlbəttə, bu, təsadüfi deyil. London yaxşı bilir ki, Azərbaycan da birbaşa danışıqlardan yanadır.
Erməni siyasi şərhçi Hakob Badalyan deyir ki, Böyük Britaniyanın Cənubi Qafqazda fəallaşması Rusiyanın bölgədəki təsirini neytrallaşdırmağa yönəlib: “Əsas diqqət Qərb platformalarında Ermənistan-Azərbaycan “sülh prosesi”nin təşviqi və başa çatdırılmasına yönəldiləcək. Bu da Rusiyanın bölgədə təsirinin zəiflədilməsi və ya praktiki olaraq ləğv olunması mərhələsinin başlanmasına imkan verəcək”.
Erməni şərhçinin sözlərinə görə, Azərbaycan indi Qərb platformalarından və Qərbin vasitəçiliyindən deyil, Ermənistanla danışıqlardan imtina edir və İrəvan Azərbaycanın şərtləri ilə razılaşmayana qədər rəsmi Bakı özünü belə aparacaq. Britaniyanın Azərbaycanın bu təklifinə dəstək verməsi həm də o deməkdir ki, Vaşinqton və Brüssel də bu formata razıdır. Qərb üçün ən önəmlisi odur ki, bu danışıqlarda Rusiya olmasın. Azərbaycanla Ermənistanın Tiflisdə görüşməsi və konkret nəticə ilə görüşdən ayrılması son dərəcə realdır. Hə, fiziki baxımdan Qərb o görüşdə iştirak etməyəcək, ancaq ruhən orada olacaq və prosesi tənzimləyəcək.
“Jam-news.net” saytı erməni siyasi ekspert Hakob Badalyanın bəzi fikirlərinə yer verib.
O deyir: “Ermənistanı Azərbaycanın şərtlərini qəbul etməyə inandırmağa cəhd edilir.
Britaniya, təbii ki, Azərbaycan iqtisadiyyatına yüz milyardlarla dollar sərmayə qoyub. Ona görə də Azərbaycana müəyyən təsir gücünə malikdir. Amma məsələ ondadır ki, Britaniyanın Azərbaycana təsir etməyə həvəsi varmı və real olaraq belə təsir imkanları varmı?”
Badalyan hesab edir ki, “Britaniya oyununun məntiqi” başqadır, vurğu Ermənistana “müəyyən bonus vədləri” verməkdir ki, İrəvan Azərbaycanla yeni sövdələşmə ideyası ilə razılaşsın...
Gördüyünüz kimi, Böyük Britaniya artıq Azərbaycan-Ermənistan danışıqlarında qeyri-rəsmi vasitəçi rolunda çıxış edir. Mən hesab edirəm ki, bu, Azərbaycanın dövlət maraqları baxımından son dərəcə önəmli məsələdir.
Onu da xatırladım ki, XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan çar Rusiyasının bir parçası idi. XX əsrin ilk illərində Britaniya Azərbaycan neftinə 60 milyon rubl sərmayə qoymuşdu. Bu, o vaxt üçün son dərəcə böyük kapital idi. Hələ uzaq 1904-cü ildə Britaniya kerosinə olan tələbatının 47,1 faizini Bakıdan alırdı...
1918-ci ilin yanvar ayında ingilis ekspedisiyası Azərbaycanın neft mədənlərinin Birləşmiş qüvvələrin (Almaniya və Osmanlı imperiyası) təsiri altına düşməsinin qarşısını almaq məqsədilə Bağdaddan Bakıya göndərildi. Bu müddət ərzində Böyük Britaniya ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında mərkəzi Tiflisdə yerləşən Britaniyanın Qafqaz üzrə Ali Komissarı Oliver Uoldrop vasitəsilə de-fakto diplomatik əlaqələr quruldu...
Yəni Britaniya-Azərbaycan münasibətlərinin tarixi kökləri var. 1994-cü il sentyabrın 20-də Bakıdakı Gülüstan sarayında “Azəri”, “Çıraq” və “Günəşli” dərin dəniz yataqlarından hasil olunan məhsulların müştərək paylanması haqqında müqavilə bağlandı. Böyük Britaniyanın BP şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda neft-qaz kompleksində fəaliyyət göstərən ən iri şirkətdir. Onu da qeyd edim ki, bağlanmış müqavilənin müddəti 2050-ci ilə qədər uzadılıb. Yəni ən azı həmin vaxta qədər Britaniyanın Azərbaycanda həyati maraqları var...
Bəs Böyük Britaniya ABŞ və Aİ-nin bacarmadığı vasitəçilik missiyasını uğurla həyata keçirə bilərmi? Böyük Britaniya dünyada xüsusi çəkisi olan ölkədir. Məsələn, dünyanın 88 ölkəsində ingilis dili ya dövlət dilidir, ya da dövlət dili səviyyəsindədir. 1920-ci ildə Böyük Britaniya yer kürəsindəki torpaq ərazisinin 24 faizinə hökm edirdi. Şübhəsiz ki, son 500 ildə dünyada dominant mövqedə olan Böyük Britaniyanın siyasi təcrübəsi yetərincə yüksəkdir və belə bir ölkə Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasına nail ola bilər. Mən ona da əminəm ki, Britaniya səhnə arxasında olsa da bu prosesdə iştirak edir. Belə görünür ki, Britaniya səhnə arxasından səhnəyə çıxmağa qərar verib. Tezliklə Ermənistan-Azərbaycan danışıqlarında canlanma baş verəcək.
Bir önəmli məqamı da qeyd edim. Azərbaycanla Qərb arasındakı münasibətlər pisləşməyib. Çünki Azərbaycan bütün varlığı ilə Qərbə bağlıdır. Azərbaycanın ixrac etdiyi əsas 2 şey var: neft və qaz. Hər ikisinin də əsas alıcısı Avropadır. Hə, İsrail Azərbaycan neftinin 40 faizini alır. Ancaq İsrail də Qərbin bir parçasıdır...
Erməni politoloq Alen Gevondyan Azərbaycan-Qərb münasibətlərini son dərəcə dəqiq ifadə edir: “Bakıya ünvanlanan kəskin bəyanatlara və Azərbaycana qarşı bəzi formal sənədlərin qəbuluna rəğmən, Qərblə Azərbaycan tərəfinin maraqları böyük ölçüdə üst-üstə düşür”. Azərbaycanla Qərbin bir-birinə ehtiyacı var. Hazırda Cənubi Qafqazda Gürcüstan və Ermənistan Qərbin yanındadır. Azərbaycansız Cənubi Qafqaz Qərb üçün o qədər də gərəkli məkan deyil. Həm də Rusiyanın enerji mənbələrindən imtina edən Qərb Azərbaycana alternativ enerji mənbəyi kimi görür. Yəni qarşılıqlı asılılıq ortadadır.
Gözləyək. Tezliklə səhnənin pərdəsi qaldırılacaq və Britaniya öz əzəməti ilə səhnəyə daxil olacaq. Qərbin alqışları altında yeni tamaşa başlayacaq...
Şahmatda "İngilis açılışı" (c4 ilə başlayan gediş) var. Bu açılış ağ fiqurla oynayana üstünlük verir. Azərbaycan isə 44 günlük müharibə başlayandan bəri Ermənistana qarşı ağ fiqurlarla oynayır...
Elbəyi Həsənli
Xəbər 4510 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|