Fazil Məmmədovun vəzifədən kənarlaşdırılmasından və Mikayıl Cabbarovun nazir təyinatından sonra Vergilər Nazirliyi ətrafında baş verənlər bir çox mətləblərin üstünü açmaqdadır.
Yoxlamaların böyük qisminin, həmçinin sahibkarların “çarmıxa çəkilməsi” prosesinin dayandırıldığı bir şəraitdə, istər-istəməz vergi planının necə yerinə yetiriləcəyi barədə suallar yaranırdı.
XəzərNews.az bildirir ki, “AzPolitika.info”ya daxil olan məlumata görə, yoxlamaların və sahibkar “ovunun” aradan qaldırılmasına baxmayaraq, nəinki planda kəsir yaranıb, əksinə, yanvar ayı üzrə proqnoz 110-115 faiz arasında artıqlaması ilə yerinə yetirilib! Bu, bir tərəfdən nazirlik rəhbərliyini və hökuməti sevindirsə də, digər tərəfdən böyük sual və şok effekti yaradıb.
Məsələ ondadır ki, ötən il Vergilər Nazirliyinin xətti ilə daxilolmalar 6 972 mln. manat (proqnozun 91,2%-i) təşkil edib. Yəni, plan 9 faiz kəsirlə yerinə yetirilib ki, bu da az qala 700 milyon (!) manat deməkdir.
Kimsə deyə bilər ki, yanvar ayında vəsaitin çox yığılmasında kvartal üzrə hesabatların təqdim olunması və borcların ödənməsi rol oynayıb. Bunun müəyyən qədər rolu ola bilər, ancaq birdən-birə 110-115 faiz nəticə ortaya qoyula bilməzdi. Həm də məsələ ondadır ki, artıq xeyli vaxtdır sahibkarlara kvartalın sonunu gözləməyə imkan verilmir və vergi borcları aybaay ödətdirilir. Yəni ki, yanvar ayı digər aylardan yığılan vəsaitə görə bu qədər fərqlənə bilməz. Məsələn, ötən ilin yanvar-iyul ayları ərzində dövlət büdcəsinə 4 milyard 84 milyon 988,4 min manat ödənilərək Vergilər Nazirliyi üzrə müəyyənləşdirilmiş proqnoz tapşırığına 100,1 faiz əməl olunub. İndi isə planın artırıldığı və ən əsas diqqət yetirilməli olan məqam – yoxlamaların dayandırıldığı şəraitdə bu qədər vəsait necə yığılıb?
Belə çıxır ki, camaat öz istəyilə daha çox vergi ödəyir, nəinki sıxma-boğma ilə? Əlbəttə ki, yox. Sadəcə, məntiqlə belə alınır ki, təkcə könüllü şəkildə ödənilən vəsait planı artıqlaması ilə yerinə yetirməyə kifayət edir. Və ötən illərdə də belə olub. Bəs yoxlamalar, cərimələr, sanksiyalar və müxtəlif təzyiqlərlə yığılan pullar hanı? Həmin pulların üzərinə 700 milyonadək plan kəsirini də gəlsək, alınan rəqəmləri təsəvvür edirsinizmi?
Məlumata görə, bu fakt hazırda nazirlikdə və hökumətdə ciddi müzakirə mövzusuna çevrilib. Elə mətbuatda da dəfələrlə Fazil Məmmədovun rəhbərliyi dövründə külli miqdarda vəsaitin büdcədən yayındırıldığı və onun istefaya göndərilməsində bunun xüsusi rolu olduğu qeyd edilib.
M.Cabbarovun vəzifəyə gətirildiyi ilk ayların nəticəsi, yəni yoxlamaların dayandırıldığı şəraitdə planın 10-15 faiz artıqlaması ilə yerinə yetirilməsi də, bu ehtimalı xeyli gücləndirir.
Sayt dəfələrlə bu mövzuya toxunaraq, qeyd edib ki, hələ digər vergi növləri bir kənara, təkcə sadələşmiş vergi üzrə daxilolmalar reallığa uyğun görünmür. Çünki bu vergi növü üzrə yığılan vəsait ödəyicilərin sayına bölünəndə, çox kiçik, simvolik rəqəmlər alınır ki, bu da mümkünsüzdür.
Ancaq nədənsə, indiyə qədər buna göz yumulub və görünən odur ki, il ərzində bu şərtlər daxilində yeni nazirin rəhbərliyi altında yığılan məbləğ planı üstələyəcəksə, bu fakt sabiq nazirə ciddi problemlər yaradacaq…
Xəbər 3087 dəfə oxunub.