Noyabrın 25-dən dekabrın 3-nə kimi Stohkolm şəhərində İsveç, Almaniya, Macarıstan, Rumıniya, Polşa, Hindistan, Türkiyə, Azərbaycan, Ukrayna, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistandan olan alimlər və tədqiqatçıların iştirakı ilə “Qalib xalqın müzəffər lideri – İlham Əliyev” mövzusunda multidisiplinar beynəlxalq elmi simpozium keçirilib.
Xəzərnews.az xəbər verir ki, Dünya Azərbaycanlılarının Beynəlxalq Fondu (DABF) və İsveç Azərbaycanlıları Konqresinin (İAK) təşəbbüsü, Azərbaycan Respublikasının Qarsdakı Baş Konsulluğu, Stokholm Universiteti (İsveç), Sankt-Peterburq Universiteti (Rusiya), Sankt-Peterburq Regional İctimai Təşkilatı “Azərbaycan Milli Mədəniyyət Mərkəzi, "Çinar" (Rusiya), Dünya Azərbaycanlıları Platforması (Türkiyə) və Şamaxı rayonu Heydər Əliyev Mərkəzinin (Azərbaycan) dəstəyi ilə təşkil olunan simpozium 44 günlük Vətən müharibəsindəki qələbəmizə həsr olunub.
Simpozium Beynəlxalq Kadrlar Akademiyasının (UNESCO) fəxri professoru Ellada Gərayzadənin sədlik etdiyi Təşkilat Komitəsinin tərkibindəki müxtəlif ölkələrdən olan alimlərin iştirakı ilə baş tutub.
Simpoziumda çıxış edən DABF-ın həmtəsisçisi, İAK-ın sədri Emil Mirzəyev belə bir simpoziumun təşkilində onlara dəstək verən tərfədaş qurumlara təşəkkürünü bildirib.
E.Mirzəyev qeyd edib ki, noyabr ayı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb:
“30 ilə yaxın bir müddətdə düşmən işğalında qalan Azərbaycan torpaqları 44 günlük Vətən müharibəsi nəticəsində Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə Azərbaycan əsgərinin rəşadəti sayəsində işğaldan azad edildi. Möhtərəm prezidentimiz çıxışlarında hər zaman qeyd edirdi ki, o gün gələcək və Qarabağ tamamilə düşmənlərdən təmizlənəcək. Prezident İlham Əliyevin bu sözlərinə xalqımızın, xüsusən də xaricdə yaşayan azərbaycanlıların heç bir zaman şübhəsi olmadı və həqiqətən də vaxtı gəldiyi zaman biz bunun şahidi olduq”.
E.Mirəzyev əlavə edib ki, bu gün işğaldan azad olmuş torpaqlara qayıda biliriksə, məğrur və qalib bir xalq kimi dünya miqyasında tanına biliriksə, ilk növbədə cənab prezidentə, Vətən üçün canından keçən bacı-qardaşlarımıza, qazilərimizə, onları yetişdirən ata-analarımıza borcluyuq:
“Mən xaricdə yaşayan bir Azərbaycanlı kimi, şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə Alahdan şəfa diləyirəm”.
Simpoziumda Azərbaycan və Avropanın müxtəlif universitetlərindən olan 127 alim mövzu ilə bağlı məruzələrlə çıxış ediblər.
Sonda simpozium iştirakçılarına sertifikatlar və diplomlar təqdim olunub.
Xəbər 5736 dəfə oxunub.