19.09.2024 18:20
Müəllimlərin həyatında PR-ın rolu varmı?
Gənc müəllimlərin müasir dövrdə rəqəmsallığa, sosial platformalara marağının daha çox artdığını müşahidə edirik. Bəs PR bu rəqəmsallıqda hansı rolu oynayır?
Xəzərnews.az-a müsahibəsində PR mütəxəssisi Fidan Quluzadə məsələyə aydınlıq gətirib.
-Fidan xanım, PR gənc müəllimlərin tədris həyatında hansı rolu oynayır?
“PR müəllimlərin fəaliyyətində vacib rola malikdir. Çünki onlar təkcə sinifdə deyil, həm də valideynlərlə və həmkarları ilə səmərəli və davamlı ünsiyyət qurmalıdırlar. İctimaiyyətlə əlaqələr bacarıqlarının təkmilləşdirilməsi gənc müəllimlərə təhsil proseslərini və cəmiyyətlə münasibətlərini daha səmərəli idarə etməyə imkan verir”.
-Gənc müəllimlərin PR sahəsində güclü olması üçün ən çox hansı bacarıqlara yiyələnmələri vacibdir?
“Müəllimlərimizin PR sahəsində güclü olması üçün əsas amillərdən biri yumşaq bacarıqlarının olmasıdır. Bu həm təhsil həyatında, həm də öz şəxsi inkişafında böyük rol oynaya bilər. Hal-hazırkı təhsil həyatımızda müəllimlərin ünsiyyət qurma bacarığı daha vacibdir. Yaxşı ünsiyyət bacarığı olan müəllimlər təbii ki, şagirdlərlə, valideyn və məktəb rəhbərliyi ilə şəffaf ünsiyyət qura bilirlər. Xüsusən də valideynlərlə. Dövrümüzün ən aktual məsələlərindən biri məktəb həyatında müəllim, şagird və valideyn üçlüyüdür. Müəllimlərin ünsiyyət bacarığı nə qədər yaxşı olsa bu üçlü münasibət o qədər yaxşı irələliyəcək. Buna görə də valideynlərlə güclü, etibarlı münasibət qurmaq müəllimin uğuru üçün çox vacibdir. Valideynlərlə mütəmadi olaraq ünsiyyətdə olmaq, şagirdlərin davranışı barədə onlara məlumat vermək və onların tədris prosesində iştirakını daha da yaxşı vəziyyətə gətirib çıxara bilər”.
-Yumşaq bacarıqlardan başqa müəllimlərimiz özlərinin PR-nı necə yaratmalıdırlar?
“Müsbət imic yaradaraq müəllimlər öz PR-nı yarada bilərlər. Müəllimlər həmişə öz peşəkar nüfuzlarını qorumalıdırlar. Həm sinif daxilində, həm də sinifdən kənarda peşəkar mövcudluğu qorumaq vacibdir. Məktəb nailiyyətlərini, layihələri və innovativ tədris metodlarını valideynlər və cəmiyyətlə bölüşərək müsbət imic yaratmağa çalışmalıdırlar”.
-Müəllimlərin sosial şəbəkələrdə fəallığı onların PR-nı gücləndirirmi?
“Əlbəttə, sosial şəbəkə platformaların olması, müəllimlərin iş həyatında mühüm rol oynayır. Rəqəmsal əsrdə ictimaiyyətlə əlaqələr üz-üzə ünsiyyətlə məhdudlaşmamalıdır. Əsasən də müəllimlərimizin e-poçt, sosial media və ya məktəb veb saytı kimi rəqəmsal platformalar vasitəsilə effektiv ünsiyyət qurmaları onların PR sahəsində daha da inkişaf etməsinə gətirib çıxardır. Qeyd edim ki, sosial şəbəkələrdə ünsiyyətdə mütləq şəkildə peşəkar dildən istifadə etməli və məxfiliyə diqqət yetirilməlidir”.
-İndiki təhsil mühitində sizcə müəllimlər PR-larını apara bilirlərmi?
“Son illərdə daha çox müəllimlərin PR-da yaxşı formada irəlilədiyini görürəm. Əvvəllər bunu demək çətin olsa da indiki vəziyyətdə müəllimlər özləri sosial şəbəkələrdən düzgün istifadə etməyi bacarırlar. Biz də Azərbaycan Gənc Müəllimlər Assosiasiyası olaraq müəllimlərə PR bacarıqları, media savadlılığı təlimləri keçib, lazımı dəstək veririk. Qeyd edim ki, İctimaiyyətlə əlaqələr bacarıqlarından səmərəli istifadə edən gənc müəllimlər həm məktəb mühitində, həm də cəmiyyətlə münasibətlərdə daha uğurlu olurlar. Açıq ünsiyyət, empatiya, böhranın idarə edilməsi və müsbət imic yaratmaq kimi elementlər müəllimlərin ictimaiyyətlə əlaqələrdə uğurlu olmasını təmin edir”.
İsmayıl Rəhimoğlu
XəzərNews.az
Xəbər 2630 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|