04.05.2017 10:07
Hafka”nı çökdürənlər: Ziya Məmmədov 15, “Şərurlu İsfəndiyar”...
“Hafka” kimi tanınan iş adamı, hazırda müflis vəziyyətdə olan oliqarx Hafiz Məmmədovun bankının (“Bank of Azerbaijan”) müflis olaraq bağlandığı, lisenziyasının alındığı məlumdur.
“Bank of Azerbaijan”la bağlı problemin səbəbləri haqda müxtəlif məlumatlar yayılıb. Bir vaxtlar nəqliyyat naziri Ziya Məmmədovla biznes ortağı olan “Hafka”nın digər biznes aktivləri kimi həmin bankın da bu ortaqlığın pozulmasının nəticəsi olaraq çökdüyü haqda danışılıb.
Lakin bank sənədləri göstərir ki, “Bank of Azerbijan”ın müflis olmasının əsas səbəbi Ziya Məmmədov da daxil olmaqla bir çox oliqarxların götürdükləri milyonlarla dollarlıq krediti ödəməkdən imtina etməsidir. Yəni məsələ əslində sadədir-“Hafka”nın keçmiş ortaqları və digər oliqarxlar onun bankından pulları daşıyıblar, sonra isə qaytarmaqdan imtina ediblər.
Məsələn, “Bank of Azerbaijan”ın borcluları arasında keçmiş nəqliyyat naziri Ziya Məmmədovun şirkətlərinin və yaxın adamlarının adlarına rast gəlirik. Məlum olur ki, Z.Məmmədovun ailə şirkəti olan ZQAN Holding-in (sonradan adını “Garant Holding” olaraq dəyişdi) tərkibində olan müxtəlif şirkətlər qısa müddət ərzində bankdan 5 milyon dollar və elə o qədər də manat kredit götürüblər.
Bu da yetməyib, ZQAN Holding-in maliyyə direktoru Kamran Niftəliyev öz adına bankdan 1.65 milyon manat kredit götürüb. Habelə Z.Məmmədova və “Azəryolservis”in rəhbəri olduğu dövlərdə Cavid Qurbanova bağlı olan tikinti şirkətləri “Hafka”nın bankından dollar və manatla cəmi 2.5 milyona yaxın kredit alıblar. C.Qurbanovun bir başqa tikinti şirkəti isə 3 milyon manat kredit alıb.
Ziya Məmmədovun İlqar Əliyev adlı qohumu isə bankdan 1 milyon (manat və dollarla) götürüb. Habelə keçmiş nazirin oğlu Anar Məmmədov özünün nəqliyyat şirkəti üçün bandan 4 milyon dollar kredit alıb.
SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılov isə “Bank of Azerbaijan”dan öz şirkətlərindən biri üçün 1.5 milyon, digəri üçün 2.5 milyon manat kredit alıb. “Şərurlu İsfəndiyar” kimi tanınan tikinti biznesmeni “Hafka”nın bankından 1.1 milyon manat götürüb, krediti hansısa Şahnisə Məmmədovanın adına rəsmiləşdirib. Üstəlik “Bank of Azerbaijan”ın filiallarından biri ancaq “Şərurlu İsfəndiyar” və onun qohumları üçün işləyirdi.
Siyahı davam edir və belə məlum olur ki, hazırda “Bank of Azerbaijan”ın geri qaytarılmayan kreditləri 160 milyon dollardır. Başqa sözlə, “Hafka”nın bankını əməlli-başlı talayıblar və indi onun keçmiş sahibinin harayını eşidən, həmin borclulardan pulları alıb qaytaran yoxdur. Üstəlik “Hafka”nın bankını boşaldanların heç birinin barəsində cinayət işi qaldırılmayıb...
(virtualaz.org)
Xəbər 2111 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|