23.02.2021 15:42
Arif Buzovnalıdan yeni QƏZƏL
Vüsal eşqilə düşmüşdür vətəndən dərbədər ahu,
Duyub yar ətrini çöllər gəzər axşam-səhər ahu.
Sudan su inciməz damcı düşəndə damcı üstündən,
Məvəddət məşqin etməkçün gələr dünyaya hər ahu.
Elə zənn etmə göz dikmiş yerə, boynubükük durmuş,
Gözündən düşməyən bir kölgədən çəkməz nəzər ahu.
Xumar gözlər ləbaləb qan, nəfəs təng, durmadan qaçmış,
O səhradan bu səhraya yetirməkçün xəbər ahu.
Vəfa zəhrilə qan paylar vücuda səcdədə aşiq,
Baş insan, əl-ayaq insan, ürək insan, cigər ahu.
Cahanda ey məhəbbət nemətindən bixəbər insan,
Sənin zikrində aciz qaldığın sözlə mələr ahu.
Vəfadan iz qoyar kim diz qoyar torpağə izzətçün,
Nə əksiklik gələr insana olsa bir qədər ahu?
Sədaqət qəddini əymiş, təəccüb etmə məhşərdə
Əlif tək qəddi dik hu məhzərində dursa gər ahu.
Behiştdən bir nişan olmaz məgər bu, eşq dəştində
Tuta bir bəxtəvər insan əlin bir bəxtəvər ahu?
Əgər eşqin dili bir gün zəmanət versə dünyaya,
Gəzər aslanlar içrə qorxusuz, görməz xətər ahu.
Əgər qəm udduğun olmuşsa da, sus, dinmə, ey insan,
Udar dilsiz-ağızsız hər qəmi səndən betər ahu.
Bədəndə çırpınıb ruh inciyər cismin günahından,
Nə cür ki hər sədadan titrəyər, hürkər, əsər ahu.
Zəiflik yox, zəriflik imtəhanından alıb əla
Bəşər meydanına girmiş ki, göstərsin hünər ahu.
Sözün, Arif, deyil Bəhrülülumi şeri tək şirin,
Onun şəhdilə şerün səmtinə eylər güzər ahu.
Arif Buzovnalı
Xəbər 2450 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|