05.12.2019 15:25
Magistratura imtahanlarının II mərhələsinin ləğvi təklif olundu
Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə magistraturaya qəbul imtahanlarının II mərhələsinin ləğvi təklifinə münasibət bildirib.
XzəərNews.az xəbər verir ki, M.Abbaszadə jurnalistlərə açıqlamasında Təhsil Nazirliyinin təşəbbüsü əsasında magistraturaya qəbulla əlaqədar təhlillərin aparıldığını və gəncləri elmlə məşğul olmağa cəlb etmək üçün prosedurların bir mərhələli keçirilməsinin müzakirə olduğunu deyib.
O bildirib ki, təkliflər aidiyyəti qurumlara göndərilib:
"Hələlik qaydalar Nazirlər Kabineti və müvafiq qurumlar tərəfindən təsdiqlənməyib. Müəyyən ixtisaslar var ki, orada ikinci mərhələ qalacaq. Bu, yazı işi tələb olunan ixtisaslara aiddir. Daha dəqiq məlumatları yalnız qaydalar tam təsdiq olunandan sonra açıqlamaq mümkündür".
Təhsil eksperti Kamran Əsədov magistratura üçün keçirilən qəbul imtahanlarının ikinci pilləsinin ləğvini birmənalı qarşılamır.
O, “bakalavrların ixtisas üzrə bilikləri yoxlanıldığı mərhələnin ləğv olunmasını təklif edənin təhsildən anlayışı yoxdur, o şəxs, qurum təhsildən 100 işıq ili uzaqdır” fikirlərini bildirib.
“Bildiyiniz kimi, magistraturaya qəbul imtahanları iki mərhələdə keçirilir. Birinci mərhələdə bakalavrların məntiqi təfəkkürü, xarici dil və informatikadan bilik səviyyəsi yoxlanılır və DİM tərəfindən qoyulan şərtləri ödəyənlər imtahanın ikinci mərhələsində iştirak etmək imkanı əldə edirlər. İkinci mərhələdə isə bakalavrların ixtisas üzrə bilikləri yoxlanılır və müsabiqə iki mərhələnin ümumi balı əsasında həyata keçirilir.
İndi təklif edilib ki, ikinci mərhələ, yəni bakalavrların ixtisas üzrə bilikləri yoxlanıldığı mərhələ ləğv olunsun. Bilmirəm bunu kim, hansı qurum təklif edib, amma onu dəqiq deyə bilərəm ki, bakalavrların ixtisas üzrə bilikləri yoxlanıldığı mərhələnin ləğv olunmasını təklif edənin təhsildən anlayışı yoxdur, o şəxs, qurum təhsildən 100 işıq ili uzaqdır.
Siz deyəsən magistraturanın məqsədini ya bilmirsiz? Magistr ixtisas dərəcəsidir, ilkin ixtisas üzrə elmi dərəcədir. Magistratura ali xüsusi təhsil pilləsi olaraq, ikinci pillə ali təhsildə müəyyən ixtisas üzrə biliklərin dərinləşdirilməsinə xidmət edir. Amma siz bu mərhələ üçün ixtisas imtahanının ləğv edirsiz. Onsuz da universitetlərdə ixtisaslar zəif tədris olunur. Bakalavrlar magistr imtahanı üçün sonda ixtisas fənlərini oxuyub bir az məlumatlı olurlar. Siz bunu təklif etməklə, ümumiyyətlə ixtisaslı kadrların kökünü kəsəcəksiniz”.
Kamran Əsədov qeyd edib ki, birinci mərhələ ilə magistr seçmək gülüncdür, lazımsızdır.
“Məntiqi təfəkkürü, xarici dil və informatikadan bilik səviyyəsini yoxlamaqla magistr seçərlər? Magistr imtahanının birinci mərhələsi kurslara, repitetorlara xidmət edir. İxtisasını bilməyən bakalavrın magistraturada nə işi var?
Məntiqdən ona görə imtahan olmamalıdır ki, hal hazırda imtahanda istifadə olunan məntiq test tapşırığı bakalavrların məntiqi düşüncəsini yox, riyazi biliyinini yoxlayır.
Riyaziyyat üzrə magistr imtahanı verən ilə, tarix üzrə magistr imtahanı verənə eyni məntiq test tapşırığı təqdim etmək yanlışdır. İnformatika sualalrı isə proqramist səviyyəsindədir.
Təklif edirəm ki, magistr imthanı bir mərhələli olsun və bakalavrlar yalnız ixtisas və xarici dildən imtahan versinlər.
Ümid edirəm ki, Nazirlər Kabineti yuxarıda dəyişiklik üçün təklif olunan absurd ideyanı qəbul etməyəcək”.
Xəbər 1439 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|