07.09.2018 16:54
REAL İlqar Məmmədovu qınayanlara CAVAB VERDİ
REAL partiyasının sədri İlqar Məmmədov avqustun 13-də şərti azadlığa buraxılıb. O, bir müddət sonra - 4 sentyabrda mətbuat konfransı keçirib. İlqar Məmmədovun mətbuata açıqlamaları heç də birmənalı qarşılanmadı. Belə ki, REAL sədrinin açıqlamaları sosial şəbəkələrdə müzakirələrə səbəb oldu. Hətta bu açıqlamaları lağa qoyanlar da tapıldı. Müxalif partiyaların bəzi üzvləri social şəbəkələrdə İlqar Məmmədovun səriştəsiz olduğunu, deyildiyi qədər güclü siyasətçi olmadığını və suallardan yayındığını önə çəkən fikirlər paylaşdılar.
Eyni cəbhədən olan insanların İlqar Məmmədova fərqli yanaşmasını REAL-da necə qarşılayıblar?
XəzərNews.az-ın məlumatına görə, məsələ ilə bağlı Modern.az-a danışan REAL Partiyasının icraçı katibi Natiq Cəfərli bildirib ki, mətbuat konfransı peşəkar şəkildə keçib:
“Gələcəklə, keçmişlə və bugünlə bağlı mesajlarımızı verdik. Bəlkə də bəzi insanlar daha fərqli şeylər gözləyirdilər. Ola bilər həm müxalif çevrə, həm də digər insanlar populizmə daha çox öyrəşiblər, düşünürlər ki, siyasətçilər daha çox boğazdan yuxarı danışsın, populist çıxışlar etsin. Amma biz məsələyə peşəkar yanaşmağa çalışdıq və İlqar Məmmədov da sırf peşəkarcasına siyasi, iqtisadi, sosial və xarici siyasət mövzularında fikirlərini açıqladı.
Açıqlamalar kimlərinsə təxminlərindən aşağı səviyyədə oldusa, bu, onların problemidir, yəni biz Azərbaycanda yaranan gündən bu günə kimi populizmdən kənar siyasət yürütməyə çalışmışıq.
Mətbuat konfransında da eyni addımı atdıq. Təbii ki, oraya çıxıb boğazdan yuxarı çox sərt bəyənatlar vermək olardı, hansılar ki, yerinə yetirilməsi indiki zamanda mümkün deyil. Belə çıxışlar bəzi çevrələrə daha xoş olardı, amma bu, içiboş bir siyasət olardı, biz hər zaman belə bəyanatlardan qaçmağa çalışmışıq. İlqar Məmmədovla, onun keçirdiyi mətbuat konfransı ilə bağlı müxtəlif fikirlərin səsləndirilməsi onların haqqıdır. Tənqid də, tərif də sağlam olanda bu inkişafa, tərəqqiyə, təşkilatın özünü təkmilləşdirməsinə səbəb olur. Əgər ortalıqda qərəz varsa, o qərəzə ümumiyyətlə cavab vermək və həmin qərəzli fikirləri yayanlarla disskussiya aparmaq fikrimiz yoxdu. Çünki qərəzli insan obyektiv deyil, obyektiv olmayan insanla müzakirə aparmaq düzgün deyil”.
Natiq Cəfərli deyib ki, İlqar Məmmədova, REAL-a qarşı qərəzli çıxışlar etmək el dili ilə desək, paxıllıqdan irəli gəlir:
“İlqar Məmmədovun kifayət qədər populyar siyasətçi olması və məsələlərə peşəkarcasına yanaşması müəyyən çevrələrdə çox güman ki, paxıllıq doğurur. İlqarın əsas siyasi fiqur olaraq həm ölkə daxilində, həm də xaricdə olan tanıtımını da nəzərə alaraq aparıcı fiqura çevrilməsi artıq reallaşmaq üzrədir. Bu da bəzi insanların, çevrələrin xoşuna gəlmir və qərəzə səbəb olur”.
N.Cəfərlinin sözlərinə, onların məqsədi ana müxalifət olmaq deyil:
“Bizim məqsədimiz seçkilərlə hakimiyyətə gəlib hökumət olmaqdır. Yəni ondan sonra bizim ana müxalifətimiz kim olacaq, o bizi maraqlandırmır”.
Xəbər 2014 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|