06.09.2018 16:38
Akif Çovdarovdan təzə XƏBƏR
Vəkili sentyabrın 6-da ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovla görüşüb.
XəzərNews.az bildirir ki, bu barədə Modern.az-a onun hüquqlarını müdafiə edən Kamandar Nəsibov məlumat verib.
K.Nəsibov müvəkkilinin səhhətinin pisləşdiyini açıqlayıb:
“Təxminən bir həftə əvvəl Çovdarovun səhhətində ciddi problem yarandı. Onun həyatı təhlükədə idi. Onu müayinə etmək üçün həkim belə yox idi. Biz şikayət edəndən sonra bir həkim çağırdılar. Həkim gəldi baxdı, bildirdi ki, bu xəstəlik zon şəraitində müalicə edilə bilməz. Həkim dedi ki, onun sağalması üçün real bir şey etmək mümkün deyil.
Əvvəldən də bilindiyi kimi, Akif Çovdarov bir sıra xəstəliklərdən-ürəyin işemik çatışmazlığı, ürəyin ritmik pozğunluğu, ürək aritmiyası, həmçinin xərçəng xəstəliyindən əziyyət çəkir. Ürəyinin hər an dayanması riski daşıyır. Eyni zamanda, müvəkkilimin mədəsi kəsilib. Onun hələ də həbsdə saxlanılmasını işgəncə kimi qəbul etmək olar. Beynəlxalq aləmdə belə xəstəlik daşıyan xəstəyə cəza versələr də, cəzanı dondururlar və onu müalicə üçün evinə buraxırlar. Müalicə tam başa çatanadək hökmün icrası dayandırılır. Bizdə də praktikada belə hallar olub. Amma bunun Çovdarova tətbiqinin qarşısı alınır. Onun səhhəti üçün təhlükə indi də davam edir”.
Hüquq müdafiəçisinin sözlərinə görə, ailə üzvlərinin, yaxınlarının Akif Çovdarovla görüşü üçün qanunun verdiyi səlahiyyətlər çərçivəsində riayət edilir:
“Sonuncu dəfə həkimlər onu müayinə etdikdə bildirdilər ki, Çovdarovun bu şəraitdə müalicə olunması mümkün deyil. Çovdarov burada digər məhkumlarla birgə cəza çəkir. Asudə vaxtlarında müəyyən olunmuş yerlərdə açıq havada onlarla birgə gəzişir. Amma vaxt onun səhhətinin əleyhinə işləyir”.
Qeyd edək ki, A.Çovdarov 2015-ci ilin noyabr ayında həbs edilib. O, Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunaraq, 12 müddətinə azadlıqdan məhrum edilib.
Xəbər 1594 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|