07.10.2020 12:28
“Qrip mövsümünə az qalıb, koronavirus daha da arta bilər”
“Bu gün xalqımıza əvvəlki kimi öz sağlamlıqları üçün koronavirusdan qorunmaqla bağlı müraciət etmirik. Bu gün Azərbaycan səhiyyə əsgərləri xalqa müraciət edərək təkcə sağlamlığımız üçün yox, əsgərlərimiz üçün, vətənimiz üçün, haqq davamız olan Qarabağ üçün “COVID”ə yox deməyə çağırır”.
XəzərNews.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov AzTV-yə müsahibəsində bildirib. O qeyd edib ki, artıq hər bir insan “COVID-19”un insanlıq üçün yarada biləcəyi fəsadlarından xəbərdardır. Bugünkü mübarizə başqadır, hər kəs ona görə ehtiyatlı olmalıdır ki, koronavirusla bağlı hər hansı gözlənilməz alovlanma reanimasiya yataqlarının “COVID”ə görə sərf olunmasına gətirə bilər: “Doğrudur, Azərbaycan bu virusla mübarizə aparmağın yollarını bilir. Hamıya məlumdur ki, koronavirus kontroldan çıxandan sonra ölkə səhiyyəsinin onunla mübarizə üçün 2 ay zaman ayırması lazım gəlir. Həmin reanimasiya yataqlarında hər bir koronaviruslu xəstəsinin başında olan 7 nəfərə yaxın tibb işçisi mübarizəyə vaxt ayırarkən əsgərə ehtiyac olanda lazımi xidməti göstərə bilməyəcək.Tibb personalının “COVID”li xəstə ilə əsgər arasında seçim etməməsi üçün bu çağırışa əməl etməlidir. Hər kəs deyə bilər ki, biz vətən uğrunda ölməkdən qorxmuruqsa, koronavirusdanmı qorxacağıq? Amma bunu özümüz üçün yox, bunu vətənimiz üçün, əsgərlərimiz üçün etməliyik. Hər bir insanın mükəlləfiyyətidir ki, bu məsələyə həssas yanaşsın”.
Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı isə məktəblərdə yoluxma hallarından danışıb və Azərbaycanda məktəblər açılandan bəri az miqdarda yoluxma faktının olduğunu bildirib. O qeyd edib ki, ümumilikdə məktəblərdə koronavirusla bağlı yoluxma hallarında artım müşahidə olunmur. Bütün dünyada artım daha çox iş yerlərində, əhalinin kütləvi toplaşdığı məkanlarda baş verir. “Bu xəstəlik Avropada daha şiddətli şəkildə ortaya çıxıb və sonra azalmağa başlayıb. Hazırda qərb ölkələrində yenidən artım var. Azərbaycanda isə avqust ayının ortalarından bəri pandemiya 100-150 civarındadır. O vaxtdan bəri artımın olmaması çox yaxşı haldır. Bilirsiniz ki, qışa doğru getdiyimizə görə, həm də qrip mövsümünə giririk. Qriplə bu virusun birlikdə necə olacağı isə bilinmir. Onların bir-birinə təsirlərindən xəbərsizik. Ona görə də əl gigiyenasına, maskaya, sosial məsafəyə diqqət etmək lazım gəlir”, - H. Harmancı deyib.
ÜST nümayəndəsi əlavə edib ki, yay ayları boyunca daha çox gənclər arasında yoluxma halları müşahidə olunurdu. Bəlkə də, buna görə ölüm sayında azalma var idi: “Lakin qış aylarında insanlar evdə olacaq deyə daha çox tövsiyələrə əməl etməlidirlər. “COVID” hələ bitməyib. Xüsusən bir yerə toplaşanda, kütləvi tədbirlərdə, yas mərasimlərində artım ola bilər. Ona görə öz sağlamlığımıza fikir verməliyik. Hər kəs kütləvi tədbirlərdən uzaq olmalıdır”.
Xəbər 2082 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|