O, şöbə müdirinin onu Prezident Adminstrasiyasında çalışan əri ilə hədələdiyini deyir...
Bakı şəhər, Əmircan qəsəbə sakini Esmira Kərimova Ə. Qarayev adına 2 saylı Kliniki Uşaq Xəstəxanasından şikayətçidir.
Onun sözlərinə görə, yanvarın 8-dən etibarən 4 uşağından 3-ü sarılıq diaqnozu ilə həmin xəstəxananın infeksion xəstəliklər şöbəsinə yerləşdirilib.
Valideyn xəstəxanada xəstələrin analiz nümunə yoxlanışının gecikdirilməsindən, otaqlar və ayaqyolunda natəmiz şəraitdən, normal qidalanmama və içməli su yoxluğundan şikayətçidir.
Xəzərnews.az xəbər verir ki, şikayətçi Meydan TV-yə deyib ki, Suraxanı rayonunda yerləşən 154 və 87 nömrəli tam orta məktəbin bir çox şagirdi eyni diaqnozla adıçəkilən xəstəxanaya yerləşdirilib.
Onun da övladları 154 nömrəli tam orta məktəbin şagirdləridir.
Xəstəxanadan çəkilən şəkildən də görünür ki, bir çarpayıda iki xəstə uşağa sistem köçürülür, birgə saxlanılır.
"Bura ayın 8-də 6-cı sinifdə oxuyan kiçik oğlum Maliklə gəldim. Heç digər uşaqlarımı yoxlamadılar. Özümüz uşaqları yoxladan kimi 11-ci sinifdə oxuyan qızım Fatimə və 9-cu sinifdə oxuyan Əlidə də sarılıq aşkarlandı. Ora gedəndən sonra Əlinin və onların təhsil aldığı məktəb yoldaşlarını gördük, sanki bütün Suraxanı burdadır”, – deyə valideyn qeyd edib.
"Təmizlik yox, qayğı yox, məsuliyyətsizlik hökm sürür”
Onun sözlərinə görə, xəstəxanada vəziyyət acınacaqlıdır: "Xəstəxana sarılıq, qızılca infeksiyasına yoluxan uşaqlarla doludur. Bu xəstəlik hələ bir rayonda belə artıb. Niyə bunun qarşısı alınmır? Dünən xəstəxanadan çıxdım, çünki evdə 5 yaşlı körpəm qızdırma içindədir. Analizini vermişik, bilmirik onda da sarılıqdır, yoxsa qızılcadır. İnfeksiyanı xəstəxanadan evə mən gətirmişəm, çox güman. Orada uşaqlara özüm baxmışam. Uşaqlar qızdırma içindı, halsız vəziyyətdədirlər, baxan yoxdur. Bütün otaqlarda vəziyyət eynidir, şəraitsizlik, uşaqlara baxım yox, təmizlik yox, qayğı yox, məsuliyyətsizlik hökm sürür”.
"3-4 mərtəbəli xəstəxananın ayaqyolusu bərbad vəziyyətdədir. Sabun yoxdur, bir tək spirt var, o da yaramır. O gün bir valideyn səriştəsizliyə görə uşağını buradan məcburi çıxardı. Uşaqlardan qan analizi götürürlər, laboratoriyaya gec çatdırırlar deyə qan laxtalanır. Analizin cavabları gecikir, üstəlik, hər valideyndən də beş manat taksi pulu alırlar ki, qanı analizə göndəririk. Taksi də olsun lap 10 manat. Hara, Gəncəyə yola salırlar? Xəstəxananın özündə və ətrafdakı iri xəstəxanalarda niyə laboratoriya yoxdur? Qızımın əlinin üstünü deşik-deşik edib qan götürüblər, səhərisi deyirlər ki, o qan yararsızdır. Gör, qanı nə qədər saxlayırlar ki, laboratoriyaya çatanda laxtalanır”, – şikayətçi belə deyir.
Şikayətçi xəstəxanda üzləşdiyi vəziyyətdən sarsıntı keçirdiyini deyir: "Pensilin qabında 14 yaşlı oğlumdan analiz götürüblər. Saat birin yarısı gəlmişəm, hələ analiz stolun üstündədir. Şokdayam. Tibb bacısını çağırıram ki, analiz stolun üstündə nə gəzir, niyə gecikib? Tezdən alınan bu analizi günorta hara göndərəcəksiniz, effekti nə olacaq? Mən bunların yoxlanış və analizinə də inanmıram. Uşağımdan başqa şöbədə qan götürüblər. Deyirəm ki, bunu təkrar niyə etmisiniz? Deyirlər ki, bilmirik. Kim bilsin bəs? Bu qədər özbaşnalıq olar?”.
"Elə bir qabda yemək qoyublar ki, itimin qabı ondan təmizdir”
Esmira Kərimova onu da əlavə edir ki, xüsusi pəhriz şəraitində saxlanılan uşaqlara natəmiz qablarda xəstəxana yeməyi verilir.
O həmçinin deyir ki, nəzarət və xidmət bərbaddır, amma hər kəsdən rüşvət istənilir: "Dünən bir fakta çox pis olmuşam. Uşaqlar sarılıq xəstəliyindən əziyyət çəkir, yatırlar. Onlar pəhriz xəstələridir. Həkimlər, tibb bacıları yaxşı masa qurub yeyib-içirlər. Tort, yemək-içmək qalığı da masada qalıb. Mənim uşaqlarım yenə böyükdür, deyirəm yatın, baxmayın. Bəs orada körpələr var axı. Onlar görür, nəfsi keçir, istəyir. Boşqablar elə ortalıqda qalıb. Bu gün yenə xəstəxanaya getdim. Uşaqlara guyaqarabaşaq veriblər. Elə bir qabda yemək qoyublar ki, itimin qabı ondan təmizdir. Özüm orada olmalıyam ki, nəzarət edim. Deyirəm baxmırsınız, qoyun körpə övladımı da bura gətirim, özüm baxım uşaqlara. Deyirlər, sizə burda qalmaq olmaz, çünki 3 yaşdan sonra uşaqlar tək qalmalıdır. Kimə güvənib körpə uşağımı qoyum orada? Uşaqlardan soruşuram ki, mən gedəndən sonra yoxlanış, baxış oldu sizə? Deyirlər ki, yox”.
"Qoşulan sistemə nəzarət yox idi deyə özüm söndürdüm”
Vətəndaş deyir ki, 2010-cu ildə əsaslı təmir olunan, müasir avadanlıqlarla təchiz olunan və prezidentin də baş çəkdiyi bu xəstəxanada 200 çarpayılıq yataq olsa da, iki uşaq eyni yataqda yatır. Üstəlik, içməli su olmadığından xəstə yaxınları suyu özləri almaq məcburiyyətindədir.
Bir aparatda müxtəlif xəstəliyi olan uşaqlar yoxlanılır, adlarına isə bülleten açılmır. Edilən çoxsaylı şikayətlərə isə şöbə müdiri vəzifədə olan əri ilə hədə-qorxu gəlir: "Uşaq gözünün ağına, bəbəyinə kimi sarıdır. Həkim deyir ki, görmürəm. Bu boyda xəstəxanada bir UZİ aparatı var. Hamını ora salırlar. Bu, xəstəlik artımı deməkdir. Təcili tibbi yardım baxan kimi dedi ki, sarılıqdır. Bunlar deyir ki, hələ bilmirik, görmürük . Dava etdiyim, şikayətçi olduğum əsas şöbə müdiridir. Əri ilə hədələyir bizi. Deyir ki, bilirsiniz mənim ərim harda çalışır, Prezident Adminstrasiyasına. Deyirəm ki, uşaqlar sapsarı kimi saralmalıdır ki, inanasınız? Dörd uşaq anasıyam, işləyirəm, uşaqlarım xəstədir, istəyirəm ki, bülleten açdırıb burda qalım, uşaqlaırma özüm baxım. Deyir ki, mümkün deyil, üç yaşa qədər uşaqların anasına bülleten düşür. Mən dörd uşağı bunlara necə etibar edim? Bir gün çıxmışam oradan, dəli olmuşam. Mən necə rahat çıxım işə? Xəstəxanada normal yemək yox, su yox. İçməli su ciddi problemdir. 10 litr suyu atam alıb gətirib. Həyat yoldaşım su, meyvə, yemək alıb aparıb. Elə yemək verirlər, adam heç üzünə baxmaq istəmir. Eyni qabda müxtəlif uşaqlara yemək verilir. Ayaqyollarında infeksiya, antisanitariya hökm sürür”.
"Xəstəxanada ştativ yoxdur, təhlükəsizliyi yoxdur. Uşaqlara tibb bacısı baxmalı olduğu halda, özüm yedizdirdim, su verdim, hətta qoşulan sistemə nəzarət yox idi deyə özüm söndürdüm. Gördüm ki, bitir, hava gedir uşağın bədəninə tez söndürdüm. Axşam baxmayıb səhəri gəlib ki, uşağına baxmışam 5 manat ver. Deyirəm ki, hansı uşağa baxmısan? Mən tibb bacısı görmədim axı. Anası baxıb onlara. Çox haqsızlıq var. Belə bərbad xəstəxana görməmişdim”, – o qeyd edib
Səhiyyə Nazirliyi adıçəkilən xəstəxanın TƏBİB-in tabeliyində olduğunu deyir.
TƏBİB-dən isə Meydan TV-yə bildirilib ki, sorğu araşdırılandan sonra cavab veriləcək.
Xəbər 4264 dəfə oxunub.