18.06.2021 18:50
Mərkəzi Bank inflyasiya göstəriciləri barədə məlumat yaydı
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin pul siyasətinə həsr olunmuş ötən iclasından bəri illik inflyasiya tempi hədəf çərçivəsində (4±2%) qalıb.
AMB-dən XəzərNews.az-a verilən məlumata görə, mayda istehlak qiymətləri indeksi sabit qalıb, 12 aylıq inflyasiya 4.9% təşkil edib.
Bildirilib ki, ümumi inflyasiyanın başlıca ənənəvi mənbəyi olan ərzaq inflyasiyasına mövsümi faktorlar azaldıcı, dünya ərzaq qiymətlərində bahalaşmanın davam etməsi isə artırıcı təsir edir. Mövsümi amillər əsasən yerli meyvə-tərəvəz məhsullarının ucuzlaşması ilə müşayiət olunur. Mayda ərzaq qiymətləri orta hesabla 0.3% azalıb, illik ərzaq inflyasiyası 5.2% təşkil edib.
Qeyri-ərzaq məhsulları və xidmətlərin qiymətləri inflyasiya idxalı və məcmu tələbin bərpası ilə yanaşı daxili xərc amillərindən də təsirlənir. İllik əsasda may ayında qiymətlər qeyri-ərzaq məhsulları üzrə 4.4%, xidmətlər üzrə isə 4.8% yüksəlib. Beləliklə, illik inflyasiyanın strukturunda qeyri-ərzaq məhsulları və xidmətlərin qiymət dəyişiminin rolu artıb.
Dövlət tərəfindən tənzimlənən qiymətlər, həmçinin mövsümə həssas kənd təsərrüfatı məhsulları nəzərə alınmadan hesablanan orta illik baza inflyasiya 2021-ci ilin yanvar-may aylarında 2.6% təşkil edib.
Faktiki inflyasiyanın inersiyası inflyasiya gözləntilərində də özünü göstərir. Real sektor üzrə monitorinqə görə qeyri-neft sənayesi, ticarət və tikintidə qiymət gözləntiləri indeksi artıq 3-cü aydır ki, pozitiv zonada qərarlaşmışdır. İnflyasiya gözləntiləri may ayında əvvəlki aya nəzərən qeyri-neft sənayesində, ticarətdə və xidmət sektorunda cüzi azalıb, tikinti sektorunda isə artıb.
Rəsmi məlumatda bildirilib ki, iyunda yenilənmiş proqnozlara görə 2021-ci ilin sonuna illik inflyasiya hədəf diapazonunda qalacaq. İyun, iyul və avqust aylarında mövsümi amillərin inflyasiyaya azaldıcı təsirlərinin davam edəcəyi gözlənilir.
Xəbər 2338 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|