10.08.2023 10:13
“JEK”lər hər ay qanunsuz pul toplayıb? - Müəmma
30 noyabr 2018-ci il tarixində "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanuna edilən dəyişikliyə əsasən, bu günə qədər mənzillərdən yığılan xidmət haqlarına tətbiq edilən vahid tarif ləğv edilib. Amma MİS-lər hələ də sovet dövründən qalmış sistemlə çalışaraq, fəaliyyətlərini mənzil idarəçiliyi ilə bağlı müxtəlif istiqamətlərdə davam etdirirlər.
"JEK”lər "fəaliyyət”lərini genişləndirərək qanunsuz pul yığımına da başlayıb. 2022-ci il üçün mənzillərdən xidmət haqları yığan "JEK” əməkdaşları tariflərin artırıldığını elan ediblər.
Bəs "Jek”lərin fəaliyyəti nə dərəcədə qanunidir?
XəzərNews.az xəbər verir ki, məsələ ilə bağlı Referans.az-a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, hər kəsin Mənzil Kommunal İstismar Sahəsi kimi tanıdığı "JEK”lərin fəaliyyəti qanunsuzdur:
"Hər kəsin MİS kimi tanıdığı və JEK kimi bildiyi idarələr əslində 1959-cu ildə SSR-də yaradılıb. Bu idarələrin əsas məqsədi dövlətin balansında və mülkiyyətində olan vətəndaşlara verilmiş çoxmənzilli binaların idarə olunması, onun kommunal şəraitinin yaxşılaşdırılması və ya həmin əraziyə kommunal xidmətlərin göstərilməsi olub. Lakin dövlətimiz müstəqilliyini qazandıqdan sonra artıq bir özəlləşdirmə dalğası başladı və bunun nəticəsində vətəndaşlar sosial kirayə müqavilələri əsasında onlara məxsus olan orderli mənzilləri özlərinin mülkiyyətinə keçirə bildilər. 2009-cu ilə qədər Azərbaycan Respublikasının ərzisində Azərbaycan SSR-nin mənzil məcəlləsi qüvvədə idi. 2009-cu ildə isə həmin qanun ləğv olunub və Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minib”.
Hüquqşünasın sözlərinə görə, Azərbaycan Respublikasının Mənzil Fondunun özəlləşdirilməsi haqqında 1993-cü il qanununun 13-cü maddəsinə görə özəlləşdirilən mənzillərin vahid tarif əsasında xidmət göstərməsi və onlardan ödənişlərin yığılması "JEK"lərə həvalə olunub: "Amma 2018-ci ildə həmin qanundakı o müddəa ləğv olundu və maddədə göstərilən həmin hissə, yəni "JEK"lərə aid olan bənd ləğv olunub. Bununla da "JEK"lərin ən böyük səlahiyyəti itirilmiş hesab olunub. Səlahiyyəti itirilmiş bir idarənin də qanuni fəaliyyət göstərməsi, pul yığması əsassız və qanunsuzdur, çünki onların bu gün bununla bağlı qanuni əsası mövcud deyildir”.
Ramil Süleymanov bildirib ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 141.1 maddəsinə əsasən çoxmənzilli binaların idarə edilməsi, habelə qaydaların pozulmaqla müqavilənin əksinə həyata keçirilməsi məsuliyyətə səbəb olur. Yəni bu birmənalı olaraq qanun pozuntusudur. Amma təəssüflər olsun ki, bu gün vətəndaşlarımızın böyük əksəriyyəti bundan xəbərsizdir. Onlar daha çox "JEK"lərə ailə tərkibi haqqında və ya yaşayış yerinə dair yaşayışla bağlı müraciət edirlər və müraciət etdikləri anda da "JEK"lər onlara yığılmış mənzil xidmətləri borcunun müəyyən bir qisminin ödənilməsi qarşısında arayışın verilə biləcəyini bildirir. Amma vətəndaşlar bilməlidir ki, həm ailə tərkibi haqqında arayışı, həm də yaşayış yerinə dair arayışı istənilən Asan Xidmət məntəqələrinə müraciət etməklə almaqları mümkündür.
İndiki halda qanunsuz halda fəaliyyət göstərən "JEK"lərin ləğv olunmaqla onların işçi heyyətinin bələdiyyələrin tərkibinə verilməsi və vətəndaşların da həmin kommunal ödənişləri bələdiyyələrə ödəməsi daha məntiqli və qanunidir. Bununla bağlı qanunvericiliyə düzəliş olunmalıdır", - deyə Ramil Süleymanov qeyd edib.
Xəbər 1435 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|