“Qaçqınkom” sədrinin oğlunun Sumqayıtda “Bələdiyyə parkı”nı restorana görə məhv etdiyi deyilir, baş nazirin müavini isə iddiaları təkzib edir
XəzərNews.az bildirir ki, bir neçə gün öncə “Yeni Müsavat”ın elektron poçtuna Sumqayıt sakinlərindən şikayət daxil olmuşdu. Şikayətdə Sumqayıt şəhərində, Səməd Vurğun küçəsi ilə Cəlil Məmmədquluzadə küçəsinin kəsişməsində böyük bir yaşıllıq zolağının məhv edildiyi bildirilirdi. Sayt dərhal məlumatı xəbərə çevirib, ictimailəşdirib.
Qəzetin müxbiri məsələni araşdırmaq üçün Sumqayıta gedib, həmin ünvana baş çəkib. Məlumdur ki, Sumqayıtda yaşıllığa qənim kəsilməkdə Qaçqın və Məcburi Köçkünlərin işləri Üzrə Dövlət Komitəsinin (qısaca “Qaçqınkom”) sədri Əli Həsənovun yaxınlarının adı hallanır. Bu mövzuda redaksiyamıza daha bir şikayət məktubu daxil olub.
Məktubda müsavat.com-un “Əli Həsənovun nəvəsi Sumqayıtda yaşıllığı məhv edir” adlı yazıya diqqət çəkilir. Xatırladaq ki, fevralın 23-də dərc olunan xəbərdə deyilirdi ki, Sumqayıtda Səməd Vurğun küçəsi ilə Cəlil Məmmədquluzadə küçəsinin kəsişməsində böyük bir yaşıllıq zolağı məhv edilir. 50-dən artıq şam ağacının kəsildiyi bildirilirdi. Şəhər sakinləri redaksiyaya bildirmişdilər ki, bu ağacların yaşı çoxdur, Sovet dövründə əkilib.
Sayt yaşıllığı məhv edən şəxslərin kimliyi haqda da məlumat vermişdi. Məlum olmuşdu ki, ağacları kəsib yerində obyekt tikmək istəyən şəxs Həsənli Emil Emin oğludur. Emil Həsənlinin baş nazirin müavini, “Qaçqınkom” sədri Əli Həsənovun nəvəsi olduğu bildirilir. Məlumatda o da deyilirdi ki, Əli Həsənovun qardaşı İlyas Həsənov Sumqayıt Yaşıllaşdırma İdarəsinin rəisidir.
Emil Həsənlinin atasının hüquq mühafizə orqanlarında yüksək vəzifə tutduğu haqda da bilgi verilmişdi.
Redaksiyaya daxil olan sonuncu xəbərdə isə bildirilir ki, Sumqayıtın 6-cı məhəlləsində, “Bələdiyyə parkı”nda yerləşən məşhur “Green Park” restoranının ərazisində də çoxillik küknar ağaclar kəsilib. Redaksiyanın elektron poçtuna daxil olan məlumata görə, ərazidə qalan ağaclar isə mühasirəyə alınıb. Sitat: “Çox güman ki, bir müddətdən sonra təzə obyektə mane olan ağaclar da yerli-dibli məhv ediləcək. Təzə tikilən obyektin sahibi Əli Həsənovun oğlu, hüquq mühafizə orqanlarında yüksək vəzifə tutan Emin Həsənovdur. 2017-ci ildə “Qaçqınkom”un sədri Əli Həsənovun oğlu şəhərin mərkəzində, çox gözəl və sakit guşədə yerləşən “Green Park” restoranını alandan sonra onu söküb və yerində hal-hazırda qırımızı kərpicdən 2 mərtəbəli möhtəşəm bir restoran tikir.
Qeyd edək ki, adıçəkilən obyekt, keçmiş “Green Park” restoranının ərazisi olan bu yer Sumqayıt Şəhər İcra Hakimiyyətinin binasından çox da uzaqda deyil, şəhər polis idarəsinin düz yanında, təzə tikilən şəhər prokurorluğunun inzibati binasının yaxınlığınd, YAP-ın Sumqayıt təşkilatının keçmiş binasının düz qabağında yerləşir. Yəni görülən işlər, bu obyektin inşası zamanı baş verən neqativ hal, tam göz qabağında, özü də görün “haraların” “kimlərin” yanında baş verir.
Yazıda daha sonra qeyd olunur ki, adi vətəndaş icazəsiz burada heç zaman daşı daş üstə qoya bilməz. Sitat: “Burda necə deyərlər, ancaq Əli müəllimin övladları və nəvələri yaşıllığı mühasirəyə alaraq obyekt tikə bilərlər...
Obyektin yeni fotolarından göründüyü kimi, ərazidə tikilən restoran çox möhtəşəm olacaq.
Bu qədər ağacın məhv edilməsini yəqin ki, Əli müəllimin qardaşı, şəhərdə yaşıllığa baxan İlyas Həsənov (Sumqayıt Yaşıllaşdırma İdarəsinin rəisi) ört-basdır edir. Bir müddətdən sonra mühasirəyə alınmış bu çoxillik küknar ağaclarının aqibətinin necə olmasını güman etmək elə də çətin deyil.
Çox güman ki, icra başçısı cənab Zakir Fərəcov bu qanunsuzluqdan xərbərsizdir. Ona görə də hörmətli icra başçısına müraciət edərək bildiririk ki, yəqin o “Bələdiyyə parkı”nda tikilən obyektin tikintisində baş verən “yaşıl soyqırım”a vaxtında “stop” deyəcək. Yoxsa, mühasirəyə alınan onlarla çoxillik, nadir növ ağaclar diblərinə ağ neft töküləndən sonra artıq gec olacaq. Və ümid edirik ki, bu məsələni Sumqayıt Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi də nəzarətə götürüb diqqətində saxlayacaq...”
Əli Həsənov “Yeni Müsavat”a məktub yolladı – “...təxribatdı”
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun imzası ilə redaksiyamızın poçtuna məktub daxil olub. Ə.Həsənov özünün və yaxınlarının barəsində yazılanlara reaksiya verib, təkzib edib. Həmin məktubu olduğu kimi dərc edirik:
“Bu, sizin ikinci yazınızdır. Bu yazılara qəti etirazımı bildirirəm. Çünki həqiqətə uyğun deyil.
Əvvəla, qeyd etdiyiniz ünvana yaxın ərazidə 2 il bundan əvvəl 11.10.2016-cı il tarixdə torpaq sahəsi ayrılıbdır. Ayrılan yer asfalt örtükdür və həmin ayrılan yerdə bir dənə də ağac yoxdur və orada heç bir tikinti işi aparılmayıbdır. Eyni zamanda saytda yerləşdirdiyiniz videoda göstərdiyiniz yerin isə həmin ayrılan torpağa aidiyyəti yoxdur. Bu da növbəti təxribatdır. Bu barədə sizə danışan şəxslər isə həmin asfalt örtüyündən taksi dayanacağı kimi istifadə edən şəxslərdir. Heç bir Sumqayıt sakini mənim ünvanıma olmayan işə görə söz deməz. Mən buna tam əminəm. Çünki 30 il o şəhərin tikintisi ilə və yaşıllıqların salınması ilə məşğul olmuşam. O şəhər mənim üçün çox doğmadır və mən 50 ildir orada yaşayıram.
9 aydır müxtəlif qəzetlər, saytlar sifarişlə məni şantaj edirlər. O insanlar mənə bəllidir: Sifariş verənlər də, idarə edənlər də.
Mən 50 ildir ki, dövlətimə xidmət edirəm. Onun 20 ilini qaçqın və məcburi köçkünlərlə işləyirəm. Həmişə dövlətçilik mövqeyində olmuşam. Nə qədər etimad göstəriləcəksə, o qədər də xidmətimi davam etdirəcəm.
Görünür əlləri hər yerdən çıxıb, indi də mənim üçün əziz, doğma olan Sumqayıt şəhərinə əl atıblar.
Məsəl var: “Quyunu dərin qaz, gen qaz, özün düşəcəksən”, “Nə atarsan aşına, o da çıxar qarşına”, “Sirkə nə qədər tünd olsa, öz qabını çatladar” .
Çox təəssüf edirəm ki, bizim bəzi insanlarımızda qısqanclıq o qədər yüksəkdir ki, onların vurduğu zərbələr çox dəhşətlidir. Bizdə az da olsa belə insanlar var.
Bir daha deyirəm. Mənim heç kimin qarşısında gözükölgəliliyim yoxdur. Bir insanın üzərinə bu qədər ədalətsiz yeriməzlər. Bu, artıq insanlıq çərçivəsindən kənara çıxmaqdır.
Siz məqalənin sonunda qeyd etmisiniz ki, adı çəkilənin mövqeyini dərc etməyə hazırsınız. Xahiş edirəm, vədinizə əməl edib, mənim müraciətimi dərc edin."
Xəbər 2047 dəfə oxunub.