10.12.2022 11:15
Qisas qanunu...
İslama qədər – cahiliyyət dövründə ərəblər arsında belə bir adət var idi ki, onların qəbiləsindən bir nəfər öldürüldükdə, zərərçəkən tərəf qatilin mənsub olduğu qəbiləyə divan tutardı. Hətta, həmin qəbilənin bütün üzvlərini öldürmək üçün hər bir vasitədən istifadə edərdilər.
İslamın yarandığı ilk vaxtlarda da bu adət öz qüvvəsində idi. Məhz, belə bir dövrdə “Bəqərə” surəsindəki 178-179 ayələri nazil oldu. Buyurulur: “Ey iman gətirənlər! Sizə öldürülənlər barəsində qisas qanunu yazıldı. Azad insan müqabilində azad insandan, qul müqabilində quldan, qadın müqabilində isə qadından (qisas alınmalıdır). Bir kəs öz din qardaşı tərəfindən əfv olunarsa (və qan bahası alıb qisasdan keçərsə), bu halda bəyənilən yol seçilməlidir (diyə verilərkən onu verən şəxsin vəziyyəti nəzərə alınmalıdır). O (qatil) da diyəni gözəl surətdə (öldürülən şəxsin qəyyumuna) verməlidir. Bu, Allah tərəfindən rəhmət və hökmün yüngülləşdirilməsir. Hər kəs bundan sonra təcavüz edərsə, dərdli əzaba düçar olacaqdır. Sizin üçün bu qisasda həyat vardır, bəlkə təqvalı olasınız”.
Göründüyü kimi, islam dini öldürülən şəxsin qəyyumları əfv etmədikləri halda qisas hökmünü, əksi baş verdikə isə diyəni (qan pulunu) müəyyən etmişdir. Bu qanunla cəmiyyətdə son dəriəcə yüksək əhəmiyyətə malik olan toxunulmazlıq və ehtiram məsələsi irəli çəkilir – yəni, cahiliyyə dövrünün qanunları qüvvədən düşmüş hesab olunur.
Əksər müsəlman ölkələrində şəriət qanunları qüvvədə qalsa da, bundan daha çox siyasi məqsədlər üçün istifadə olunur. Son günlər İranda baş verənlər buna bariz nümunədir. Azadlıq mücadiləsinə qalxan xalqa qarşı şəriət qanunlarını siyasiləşdirmək və ondan məqsədli şəkildə “faydalanmaq” islamla daban-dabana ziddir. Təkcə, Bəlucistan vilayətində eyni gündə və eyni saatda “azadlıq” deyə hayqıran üç qardaşın edam edilməsinə əsla bəraət verilə bilməz. Bu və bu kimi hallar islama, ümumən isə dinimizin bütün hökmlərinə qarşı ləyaqətdən kənar hərəkətlərdir. Buna bənzər halları, ərəb ölkələrində də müşahidə etmək olar...
Azərbaycan müsəlman ölkəsi olsa da, burada şəriət hökmləri işə “yaramır”. Çünki ölkəmiz dünyəvi qanunlarla idarə olunur. Amma cəmiyyətdə fərdlərarası münasibətlər daha çox qanundankənar, yəni cahiliyyə dövründə olduğu kimi tənzimlənir. Bu da sonda olduqca xoşagəlməz hallarla nəticələnir. Bəzən zərər çəkən tərəf şəriət hökmlərindən xəbərsiz olmaqla yanaşı, dövlət qanunlarına da məhəl qoymur və fərdi qayda da “hökm” çıxarmağa üstünlük verir. Nəticədə tayfalararası ədavət uzun müddət “qüvvədə” qalmış olur. Bir neçə gün öncə Beyləqanda baş verən qanlı olayı misal olaraq göstərə bilərik. İllər öncə torpaq üstündə yaranan ədavət qonşular arasında uzunmüddətli münaqişənin əsasını qoydu. Bir ailənin dörd üzvünün eyni gündə qətlə yetililməsi təkcə bu ailənin, tayfanın deyil, həmin cəmiyyətin – ictimai münasibətləri tənzimləyə bilməyən cəmiyyətin faciəsidir.
Və etiraf olunmalıdır ki, dünyəvi qanunları icra edənlər çox vaxt müqəssirin (nələrə görəsə) qanuni cəzasını müəyyən etmir və bununla da cəmiyyətdə, fikrimizi daha dəqiq ifadə etsək, tərəflər arasında yeni ziddiyyətin əsasını qoymuş olur. Məhz, bu baxımdan şəriət hökmlərinin müəyyən məsələlərdə qüvvədə qalması daha məqsədəmüvafiq olardı. Təbii ki, bu gün bunu ölkəmizdə gerçəkləşdirmək mümkünsüzdür, çünki bu qanunları stimullaşdıra biləcək gerçək qazılar ünstitutu yoxdur, heç ötən onilliklərdə də olmayıb.
Yenə də yuxarıda sitat kimi verdiyimiz ayələrə nəzər salaq. Mübarək ayələrə nəzər salanda məlum olur ki, bu hökm heç dəəfv yolunu bağlamamış, eləcə də şəxslərin fərdi toxunulmazlıq hüququna riayət etməklə, qatil və cinayətkarın da belə işlərə sövq olunmasına qətiyyətlə maneçilik yaratmışdır. Ayədə buyurulur ki, əfv edib qan pulu aldıqdan sonra tərəflərdən heç birinin təcavüz etməyə haqqı yoxdur. Buradan bir daha aydın görünür ki, hər bir məsələnin bütün yönlərini həqiqət əsasında araşdıran islam dini nahaq qan axıdılması məsələsində də mətləbi layiqincə və hər cür yanılışlıqdan uzaq olmaqla bəyan etmişdir.
İndi gəlin görək, dünyəvi qanunlar bunu necə tənzimləyir. Tutaq ki, “X“ cinayətkarı əks tərəf əfv etmək istəsə də, hökmü verənlər buna əsla əhəmiyyət vermək istəmir. Guya, cinayət etmiş şəxs göndərildiyi cəzaçəkmə müəssisəsində büsbütün islah olunacaqdır. Amma verilmiş cəza müddəti başa çatdıqdan sonra o, bəzən amansız cinayətkar kimi azadlığa çıxır və sonradan heç cür cəmiyyətə uyğunlaşa bilmir.
Kimlərəsə elə təsir bağışlaya bilər ki, dinimiz cinayətkarı səbəbsiz olaraq bağışlamağı hökm edir. Bu, tamamilə səhv bir baxışdır. İslam buyurur ki, yersiz qisasçılıq hisslərindən uzaq olmaq əsas şərtdir və əgər qatildən qan pulu alınıbsa, o zaman qisasçılığa şərait yaradan amillərə rəvac verilməməlidir.
Əlbəttə, bağışlanılma məsələsi hissə qapılaraq belə bir böyük günaha əl atıb sonra öz əməlindən peşman olan şəxslər haqda ola bilər. Amma törətdiyi cinayətləri ilə “fəxr” edən cinayətkarlar heç bir halda əfv və güzəştə layiq deyildir.
Əli Bəhram
XəzərNews.az
Xəbər 915 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|