Onun haqqında xatirələri dinləmək və gənc nəslə Taleh İsmayılov kimi qəhrəmanları tanıtmaq üçün doğulduğu Boladi kəndinə getdik. Yaşadığı ev kəndin əsas - asfalt yolundan xeyli uzaqdadı… Təbii ki, digər şəhid qapılarına gedən yollar kimi: baxımsız, kələ-götür. Biz Talehlə bağlı xatirələri dinləyərkən təkcə Boladi kəndi ilə kifayətlənmədik. Azərbaycanın hər tərəfində yaşayan və Talehlə birgə hərbi xidmət keçən hərbçi dostlarını, əsgərlərini də danışdırdıq.
Taleh İsmayılovu tanıyaq
Vətən müharibəsində qəhrəmancasına şəhid olan hərbçilərimizdən biri də 34 yaşlı Taleh İsmayılovdur. Taleh Səndal oğlu İsmayılov 26 noyabr 1986-cı ildə Lənkəran rayonunun Boladi kəndində anadan olub.
2005-ci ildə Goranboy rayonu "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olub.
Taleh 2014-cü ildə Ağdam istiqamətində bir neçə hərbçimizin şəhid olmasından sonra müddətdən artıq hərbi qulluqçu kimi xidmətə yazılmaq qərarına gəlib. İxtisasca sürücü olsa da, artilleriya divizionunda xidmət etdiyi müddətdə istər silahla fərdi davranış, istərsə də 122 mm-lik D-30 haubitsa-topu barədə biliklərə yiyələnib.
2015-ci il yanvarında Ağcabədi rayon "N" saylı hərbi hissəsində müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətə başlayıb, 2016-cı ildə “Aprel döyüşləri”ndə fəal iştirak edib.
2020-ci il sentyabrın 27-də başlanan ikinci Qarabağ müharibəsi zamanı Füzuli, Cəbrayıl, Qubadlı, Xocavənd və Ağdam rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
44 günlük Vətən müharibəsinin 39 gününü döyüşlərdə iştirak edən Taleh İsmayılov Şuşanın azadlığı uğrunda gedən döyüşlər zamanı 4 noyabr 2020-ci il tarixində qəhrəmancasına şəhid olub.
Azərbaycanın müdafiə naziri Zakir Həsənovun 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Taleh İsmayılov ölümündən sonra "Şücaətə görə" medalı ilə təltif edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Taleh İsmayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyi, sona qədər döyüşdüyü və tapşırıqların yerinə yetirilməsində fərqləndiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli sərəncamına əsasən Taleh İsmayılov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edilib.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Taleh İsmayılov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.
Dedi ki, gələn yayı Şuşada olacağıq
Şəhidin həyat yoldaşı Gülay İsmayılova deyir ki, 2009-cu ildə Talehlə ailə həyatı qurublar: “O zman o Gəncədə özəl şirkətlərin birində menecer kimi çalışırdı. 2014-cü ildə ermənilər Ağdamda diversiya xarakterli təxribat törətdilər. Taleh işdən gələndən sonra məni televiziya qarşısında şəhid xəbərlərini üzgün halda seyr etdiyimi gördü. Elə həmin gün mənə dedi ki, bəs, işdən ərizə yazıb çıxacam və hərbiyə gedəcəm. Bu bizim üçün çox çətin qərar idi. Biz 5 dəqiqə əvvəl şəhid xəbərlərini izləmişdik. Həmin ilin avqustunda ərizə verib işdən çıxdı və sənədlərini hərbiyə verdi. 2015-ci ilin yanvarın 28-də əmri gəldi və biz Ağcəbədiyə getdik. Təlim müddətini keçdikdən sonra o sürücü-manqa komandiri kimi işləməyə başladı. 2016-ci ilin “Aprel döyüşləri”ndə tələsik evə gəlib təkrar qayıtdı. Biz ön cəbhə istiqamətində yaşadığımız üçün güllə səslərini aydın eşidirdik. Bəzən uşaqlar bu səslərdən qorxur, ağlayırdılar. O da əsəbləşirdi ki, atanız, əsgərlər sizi qoruyur, nədən qorxursunuz? Uşaqlara hər şeyi başa salırdı. Müharibə görmədiyimiz üçün bu səslər bizə qəribə gəlirdi. Hətta mən uşaqların paltarlarını yuyub sərəndə qonşular şoka düşmüşdü ki, sən nə edirsən? Deyirdilər ki, atışma güclənsə buralardan getmək məcburiyyətində qalacağıq, sən də paltar yuyub sərirsən, indi güllələr o paltarları dəlmə-deşik edəcək Amma mən rahat idim. Bilirdim ki, Taleh bizi qoruyur. Taleh hər zaman deyirdi ki, bizə müharibə lazımdır, torpaqlarımızı geri almalıyıq. 2020-ci ilin Tovuz hadisələrindən sonra evə bayraq gətirdi, oğlumuz Murada verdi. Dedi ki, biz gələn yayı daha bu evdə kirayə qalmayacağıq, biz Şuşada olacağıq, bu bayrağı da orda qalacağımız evə sancarsan. Elə əminliklə deyirdi ki…”
Gülay xanım əlavə edir ki, Taleh bəzən sözarası vəsiyyətlərini edir, bizə sanki ondan sonra nə edəcəyimizi anlatırdı: “O sadəcə bizə yol göstərirdi. Oğlumuz Murada deyirdi ki, mən olmayanda evin kişisi - böyüyü sənsən. Bunu mən hələ indi-indi dərk edirəm. Bəzən mən müharibənin əleyhinə danışırdım. O isə deyirdi bir anlığa düşün ki, mən yaşlanmış, təqaüdə çıxmışam, övladlarımız isə böyüyüb və müharibəyə gedir… Buna dözə bilərsənmi? Deyirdim əlbəttə ki, yox. O da cavab verirdi ki, ona görə müharibə başlamalıdır ki, biz Qarabağ problemini həll edək ki, övladlarımıza qalmasın. Formasına, xüsusən də ayaqqablarını çox diqqət edərdi. Bizim aramızda ən uzun söhbətimiz də elə onun ayaqqabılarını parıldadana qədər mazlaması prosesində olardı. Deyirdi ki, narahat olma, əgər şəhid olsam qürur duyar, fəxr edərsiz. O şəhadətə hazır idi. İkinci Vətən müharibəsi başlayan kimi döyüşə qatıldı. 2020-ci ilin sentyabrın 27-dən başlayaraq Füzuli, Zəngilan, Cəbrail, Ağdam istiqamətində döyüşdü. Sonuncu dəfə noyabrın 3-ü səhər danışdıq. Dedi Şuşaya daxil oluruq, zəng çatmasa narahat olma. O silah daşıdığı üçün qalmırdı, ən təhlükəli vəziyyətlərdə bir gün qalırdı, gedib-gəlirdi. Noyabrın 4-də ondan xəbər çıxmadı, narahat olduq, sonradan məlum oldu ki, şəhid olub”.
G.İsmayılova deyir ki, bu itgi şəhid ailələri üçün ağır olsa da biz məcburən davam etməliyik: “Bu posesdə bizə dövlət dəstək olur. Rayon mərkəzində mənzillə təmin ediblər. Heydər Əliyev Fondu, Yaşat Fondu uşaqların istirahətini təmin edirlər. Hər kəsə təşəkkür edirik”.
Qeyd edək ki, şəhidimizin Murad, Yaqub, Yusif adlı 3 oğlu yadigar qalıb.
Bu bayrağı götürüb o yerlərdə gəzməyə gedərik
Böyük oğlu Murad deyir ki, atası ailəsinə çox bağlı olub: “Atam çox ailəcanlı və vətənpərvər idi, boş vaxtı olan kimi evə gəlir, bizimlə əylənirdi. İşdən gələndə mütləq bizim üçün hədiyyələr alardı. Yadımdadır, mənə ilk dəfə velosiped alan gün çox sevinmişdim. O sevindiyimi görüb çox həvəslə mənə velosiped sürməyi öyrətdi. Həmişə deyərdi ki, mərd və cəsur olun. Nə isə səhvim olanda, anama deməyə çəkinəndə atam mənə güvəndiyini söyləyərdi. Təbii ki, atamın bu sözlərindən çox utanar, bir də həmin səhvi təkrarlamazdım. İlk bağçaya, məktəbə getdiyim günlərdə atam məndən daha çox həyəcanlı olurdu. Bir dəfə dedim ki, uşaqların atası hər gün məktəbə gəlir, onları evə aparır. O da cavab verdi ki, mən hərbçiyəm, Vətəni, sizləri qoruyuram, hər gün sənin dalınca məktəbə gəlsəm, bəs, Vətəni kim müdafiə edər? Bu söhbətimizdən bir həftə sonra atam məzuniyyət götürdü və hər gün məni məktəbə aparıb gətirdi”.
Murad deyir ki, atası qardaşlarından fərqli olaraq ona dost kimi yanaşıb: “Mən onlardan böyük idim. Deyirdi ki, oxuyun və ali savadlı mütəxəssis olun. Anama da deyirdi ki, biz elə övladlar böyütməliyik ki, hər zaman bizdən razı olsunlar. Atam məni polis kimi görmək istəyirdi. Həmişə də deyərdi ki, Muradım polis olacaq. Mən də çalışıram ki, dərslərimi yaxşı oxuyub polis olum və atamın arzularını həyata keçirim. Atam sağ olanda mən liseyə imtahan verdim. Atam da qapıda həyəcanla gözləyirdi, imtahandan çıxanda qabağıma gəldi və “sənə güvənirəm” dedi. Və mən qazandım, liseydə təhsil alıram. Müharibədə dostları ilə danışanda fəxrlə deyirdi ki, Muradım liseydə təhsil alır, ali məktəbə də qəbul olacaq. Atam sürücü olub, maşınını çox sevirdi, hər dəfə maşını ilə məşğul olanda məni də yanına çağırar, nəyisə öyrədərdi. Hətta mənə maşın sürməyi də öyrətmişdi. Bir dəfə evə üçrəngli bayrağımızı gətirdi, mən də götürüb evin içində dalğalandırmağa başladım. O da dedi ki, inşəallah torpaqlarımız işğaldan azad olunsun, bu bayrağı götürüb o yerlərdə gəzməyə gedərik”.
Murad bildirir ki, 27 sentyabr tarixində Vətən müharibəsi başlayanda atası ilə bərabər bütün hərbçilərə dua ediblər: “Prezidentimizin torpaqlarımızın azad olması ilə bağlı çıxışları bizi sevindirirdi. Dərhal da atama zəng edib, təbrik edirdik. Oktyabrın 15-də anamla danışdı, dedi ki, Murada aldığım telefonu ona ver. Anam da, mən də təəccüb etdik… Çünki mənə telefon işlətməyə icazə vermirdi. Beləliklə, o gündən mən telefon işlətməyə başladım və ilk olaraq atamı yığdım, xeyli söhbətləşdik. O da hər gün mənə zəng vurar, sevindirərdi. Atam şəhid olduqdan sonra bir gün anamla bu telefon söhbətini xatırladıq. Məlum oldu ki, atam istəməyib mən yaşıdlarımın əlində telefon görüb onlara həsəd aparım… Atam hər zaman bizimlədir və bizimlə də olacaq. Biz hər gün onu xatırlayır, qəlbimizdə yaşadırıq”.
Şəhid Talehin digər əkiz övladları Yusif və Yaqub da ataları ilə bağlı xatirələrini bölüşdülər.
Yusif deyir ki, atası mərd və cəsur olub: “O evə gələndə bizimlə vaxt keçirməyi çox xoşlayırdı. Gecə işdən gələndən sonra bizimlə oyun oynayıb sonra yatardı. Dərslərimizlə maraqlanardı və deyirdi oxuyun, ali təhsil alın. Mühribədə də igidlik nümayiş etdirib, Qarabağın yağı düşməndən azad olmasında böyük rol oynayıb”.
Digər övladı Yaqub isə atası ilə Zəngilanın işğaldan azad olunduğu gün danışdığını bildirib: “Prezidentimiz bu barədə televiziyada danışandan sonra ona zəng vuraraq təbrik etdik. O da dərslərimizlə maraqlandı, imtahana hazırlaşdığımızı bildirdik, uğurlar arzuladı. Biz də çalışırıq onun adını hər zaman uca tutaq”.
Həmin gecə kəndə iki şəhid gəldi
Taleh İsmayılov Lənkəran rayonu N.Axundov adına Boladi kənd 1 nömrəli məktəbdə təhsil alıb. Müəllimləri deyir ki, Taleh sakit təbiətli, vətənpərvər şagird idi. Hələ uşaq yaşlarından onun qəlbində düşmənə böyük nifrət olub. Vətəninə sevgisi, düşmənə nifrəti Talehin gələcək həyatına təsirsiz ötüşməyib.
Riyaziyyat müəllimi Mahirə Rehimova bildirib ki, o, Talehin sinif rəhbəri olub: “Çox mehriban və həssas şagird olub. Hərbçi olmaq istəyirdi, sonda da oldu. Talehin hər zaman xoş xəbərini alırdıq. “Aprel döyüşləri”ndə fəal iştirak etmiş, Vətənə borcunu yerinə yetirmişdi. İkinci Vətən müharibəsində iştirakı və sona kimi döyüşməsi bizdə qürur hissi yaşadırdı. Biz ona inanırdıq. Hətta Şuşaya daxil olduğunu bilirdik. Onun şəhid olması xəbərinə üzülsək də bu yüksək məqama qalxmasına sevindik. Şəhidlik hər adama, hər döyüşçüyə qismət olmur axı… Taleh hamı tərəfindən sevilirdi – ailəsi, ətrafı, onu tanıyan hər kəs tərəfindən… Bundan sonra da qəlbimizdədir. Allah rəhmət etsin, ailəsinə səbr versin”.
Şəhidin qohumu, müəllimə Elduzə Əliyeva da bizimlə söhbətində bildirib ki, biz yaxınları olaraq hər zaman ona pərəstiş etmişik: “Bir dəfə də olsun ailədə söz-söhbət yaratmayıb. Ailəcanlı, qohumcanlı idi. Mən onu 11 ildir yaxından tanıyırdım. Ona görə də bu qədər əmin danışıram. Şəhid olması xəbərini eşidəndə evə gəldim, ailəni sakitləşdirməyə çalışdım. Dedim ki, belə bir xəbər yoxdur, amma var idi, mən də bunu bilirdim, çünki mənə zəng vurub demişdilər. Daha doğrusu şəklini istəyirdilər. Həmin gecə kəndə iki şəhid gəldi. Çox dəhşətli gecə idi, səhərə kimi oturduq. Övladları da bizimlə… Gülay və övladları tabuta sarılaraq səhəri dirigözlü açdılar. Bir gecədə ailəsi nə qədər yaşlandı, qocaldı, sarsıldı... Tabutla gələn əsgər yoldaşı ayaqqablarını belə çıxarmadı, tabuta söykənib səhərə kimi qaldı. Mən o gecə əsl dost gördüm. Biz onları unutmayacağıq, onlar bizə qələbə yaşadıblar”.
O, indi də bizi qoruyur
Şəhidin qaynanası Gülnarə İsmayılova o gecə Talehlə yanaşı həm də Gülayı itirdiyini bildirir: “O, indi də bizi qoruyur. Bir gün evdə qısaqapanma olub, mən də yatmışam. Yuxuma girdi və mənə dedi ki, evin filan yeri yanır. Tez yuxudan qalxdım, həqiqətən də görüm ki, ev tüstülənir… Mühribədə idi, telefonla açıq danışımırdı, deyirdi ki, Şuşa çirklidir, gərək çox yuyub təmizləyək. Gülaya deyirdi ki, anaya de mənə və əsgərlərimizə dua etsin. Dərdi torpaq idi, deyirdi qoy mənim uşaqlarım müharibə görməsin”.
Şəhidin sinif yoldaşı Ruslan Kərimov dostu haqqında danımağın onun üçün çox cətin olduğunu deyib: “Biz Talehlə bir yerdə böyümüşük, gəncliyimiz bərabər keçib. Tez-tez danışırdıq, sonuncu dəfə marketdə gördüm, görüşməyi planlaşdırmışdıq. Qismət olmadı. Taleh hər şeyin yaxşısına layiq idi. Önun bu dünyadan köçməsi də yaddaqalan oldu. Allah rəhmət eləsin”.
O yaşayır və hər zaman da yaşayacaq...
Talehin hərbçi yoldaşı Mirdamət Nəbiyev şəhid dostu ilə bağlı çoxlu xatirələrinin olduğunu bildirib: “Hər dəfə onun haqqında danışanda özümə gələ bilmirəm. O çox gözəl dost, qardaş, cəsur döyüşçü idi. Həyatda mənim qardaşım yoxdur, amma Talehi özümə qardaş seçmişdim. Onun da mənə münasibəti eyni idi. Biz 2014-2017-ci illərdə bir yerdə işləmişik, hətta bir evdə qalmışıq. O mənim üçün ölməyib, şəhid olmayıb, yaşayır və hər zaman da yaşayacaq”.
Qeyd edək ki, yuxarıda Elduzə Əliyevanın “Talehin tabutu başında səhərə qədər oturan hərbçi yoldaşı” dediyi əsgər məhz Mirdamət Nebiyev olub.
Şəhid Talehin əsgəri Hikmət Şabanov onunla “Aprel döyüşləri”ndə birgə vuruşduqlarını söyləyib: “Çox mərd idi. Hər işdən, xüsusən də texnikadan çox gözəl anlayırdı, bir sözlə sürücülərin dayağı idi. Tərxis olandan sonra yenə yanına getdim, xeyli dərdləşdik. Şəhid olması xəbərini alanda çox pis oldum. Düzdür, şəhidlik hər adama nəsib olmur, amma bizim Talehə nəsib oldu. O bütün Azərbaycanın fəxridir”.
Şəhidin digər əsgəri Tural Novruzov deyir ki, onun çox gözəl qəlbi var idi: “Mən onunla fəxir edirəm. Onunla çox gözəl günlərimiz keçib, nə qədər danışsam da bitməz. “Aprel döyüşləri”də bir yerdə idik. Taleh əsgərləri ilə hər zaman xoş rəftar edirdi, mən onu əsgəri olmuşam, amma bizim aramızda xidmət söhbəti olmayıb. Onunla ancaq yaxın qardaş olmuşam. Mən xidməti başa vurandan sonra dedim ki, səni hər zaman axtaracağam. O insana borcluyam, mənə çox yaxşılıqlar edib. Demək olar ki, hər gün zəngləşirdik. Deyərdi ki, Qarabağı azad etdikdən sonra yaşamağa haqqımız olacaq”.
Dostların sirdaşı, əsgərlərin dayağı idi
Azərbaycan Ordusunun giziri Əfqan Abbasov bildirib ki, 2005-ci ilin yanvar ayında şəhid Taleh İsmayılovla təlim mərkəzində birgə həqiq hərbi xidmətdə olub: “Həmin illərdə şəhid qardaşım Talehlə dostluğumuz başladı. Taleh xidmət yoldaşılığından başqa, həm də mənim üçün yaxşı dost olub. Xidmət dövründə öz yoldaşları ilə yanaşı gənc əsgərlərlə yaxından maraqlanır, ehtiyacı olan olan hər kəsə kömək edərdi. Hətta onu da qeyd edim ki biz həmin vaxt 10 manat 40 qəpik aylıq məvacib alırdıq. Əsgərlərdən birinin anası çox ağır xəstə idi, evə getməliydi, amma əsgərin nə getməyə pulu vardı, nə də məzuniyyəti... Taleh bütün məsuliyyəti öz üzərinə götürərək əsgəri 2 günlük evə göndərilməsinə nail oldu. Hətta öz aylıq məvacibini və bizlərdən (dostlardan) topladığı pulu da əsgərə verdi… Taleh həm də döyüş maşın komandiri və şəxsi heyət üzərində seçilmiş baş əsgər idi. Sonradan bizim sıralara Atakişiyev Vüqar, Abbasov Fərmayıl, Hacıyev Şahin, Ələkbərov Mobildə qoşuldu. Və beləliklə biz xidmət müddətimizi başa vurana qədər bir-birimizə dayaq olduq. Müharibə vaxtı Taleh yenə də bizi qorudu, amma biz onu qoruya bilmədik. O bizləri - yaxınlarını və ailəsini qorumaq bahasına canından keçdi. Sonuncu dəfə noyabrın 1-də telefonla danışdıq. Dedi mən şəhid olsam da özüm kimi mərd, Vətənini sevən 3 oğulum var. Onlar da məni daima qəlblərində yaşadacaq, sizin və onların yanında olacam. Sanki şəhid olacağını əvvəlcədən bilirdi, çünki mənimlə halallaşdı və dedi uşaqlara da deyərsən haqlarını halal etsinlər”.
Talehin başqa bir hərbçi yoldaşı Samir Yusifov da şəhid dostunun mərd döyüşçü olduğunu bildirib: “Biz bir yerdə “Aprel döyüşləri”ndə çiyin-çiyinə döyüşmüşük. İkinci Qarabağ savaşında da Taleh öz mərdliyi ilə tarix yazıb. Biz onunla Daşburunda görüşdük, dedi ki, Samir mən şəhid olacam. Bir az danışdıq, 3 övladı olduğunu, ehtiyatlı olmasını tövsiyyə etdim. Sonra maşına minib gedəndə, şüşəni endirdi, yenə də şəhid olacağını söylədi. O döyüşlərdə heç nədən çəkinmir, düşmənə aman vermirdi. O döyüş bölgəsindən o qədər şəhid, yaralı çıxarıb ki… Həm də tək və ölümü gözə alaraq. Deyirdi ki, mən onları o meydanda tək buraxa bilmərəm. O, Vətəni üçün canından keçdi, Allah rəhmət eləsin”.
Onu tək atam deyil, bütün ailəmiz sevirdi
Şəhidin ailə dostu, Ağcəbədi rayonunun Kurdlər kənd sakini Aysun İbrahimova deyir ki, Taleh İsmayılov bəlkə də onu tanımayanlar üçün Vətən yolunda qurban gedən bir şəhiddir: “Amma Taleh İsmayılovun kim olduğunu bilmək üçün onu tanımaq lazımdır… elə mənim kimi. Mən də əvvəllər onu sadəcə bir hərbçi, atamın dostu bilirdim. Əslində əsl əmim imiş, atamın dostu gözlərinin sevinci, bir sözlə qardaşı imiş. Onlar nərd oynayanda atamın üzündəki təbəssümü görürdüm. Hər sevincli, hər kədərli günündə atamın ilk zəng vurduğu insan məhz Taleh əminin olduğunu görürdüm. Bəli, bu çox təbiidir, çünki insan yaxşı və pis günündə ilk növbədə öz qardaşına zəng vurar, o da öz qardaşına zəng vururdu. Onu sevən tək atam deyildi, bütöv ailəmiz idi. Axı hər zaman yanımızda olardı. Ailəsinə bağlı insan idi Taleh… Övladlarının doğum günündə gecə də olsa Ağcəbədidən Lənkərana gedərdi. Tək övladları üçün yox, həyat yoldaşı, ailəsi üçün və bütün dostları üçün edərdi bunları. Elə bizim üçün də... Doğum günümdə ilk təbrikə gələn də o idi. Evimizin hər yerində bir xatirəsi qalıb. Bəli indi isə hər gün görmək istədiyimiz, gözlədiyimiz insan daha gəlməyəcək. Beş illik dostluq, sevincli günlər Taleh İsmayılovun o gözəl zirvəyə - şəhidliyə ucalması ilə sona çatdı... Üç övlad əmanət qoyub getdi dünyadan. Nur üzlü Taleh əmim... Qoy bu sözlər də öz qızı kimi bildiyi Aysundan xatirə qalsın...”
Gülay heç zaman giley etməzdi…
Layihəmizlə bağlı məlumatlı olan Ağcəbədi rayon Kurdlər kənd tam orta məktəbinin muəlliməsi Humay xanım yazır ki, yenə keçirəm o qapının qarşısından: “O qapı ki, ötən illərdə onun yaşadığı həyətdə futbol oynayan uşaqlarının səs-küyü, cay süfrəsi kənarında əyləsib həyat yoldaslarından “gileylənən” qonşu gəlinlərinin gülüşü eşidilirdi… Bu il isə sükuta qərq olub o həyət... Qonşu idik onlarla, şəxsən tanımadım onu. Həyat yoldasını tanıyırdım amma… Biz qonşu qadınları bir yerə yıgılanda sözümüz-söhbətimiz ancaq ailə qayğılarından danışmaq olurdu. Gülay isə heç zaman giley etməzdi Talehdən. Üzünü görmədiyim, amma adını Gülaydan tez-tez eşitdiyim Talehdən… Gülay danışdıqca mənə nağıl kimi gəlirdi onların sevgi dolu həyatı. Necədə sevə-sevə çəkirdi adını, sanki körpə uşaq əzizləyirmiş kimi... Bəlkə də hiss edirmiş zamansız ayrılacaqlarını. Tanıtmaq istəyirmiş Şəhidini insanlara. Sağlığında Gülaydan, şəhid olandan sonra isə onu tanıyan hər kəsdən eşidirdim Talehin necə vicdanlı və xeyirxah insan olduğunu…”
Humay xanım yazır ki, həmin gecə durmadan qızlarla yazışırlarmış: “Bəlkə yalandı deyə bir-birimizə təsəlli verirdik. Bu fikirlərlə instaqramda bir elan gözümə dəydi. Astaradan Taleh adlı bir yaralı əsgər varmış, dili tutulduğundan kim oldugunu deyə bilmirmis. Yaxınlarını, ailəsini axtarırdılar. Mən əslində bilirdim "bizim Taleh" Lənkəran rayonundandı, amma özümü inandırmağa çalışdım ki, bu yaralı olan odur, sadəcə rayonu səhv yazıblar. Tez Talehin fotosunu tapdıq, həmin nömrəyə mesaj yazdıq. Cavab gəldi ki, bəs, dili tutulan əsgərin yaxınları tapılıb. Beləliklə, bir ümid də boşa getdi. İlk dəfə onda gördüm nur üzlü şəhidimin simasını.. Bilirdim ki, Gülayın xəbəri yoxdur hələ… Bizim üçün, övladlarımız üçün canından keçdi Taleh. Fəxr edirəm ki, Vətənimin belə övladları olub, var və olacaq. Və bir də içimdə acı bir peşmançılıq var: sağlığında niyə onu yaxından tanımamışam?”.
O qədər gözəl ailəsi var idi ki...
Ağcəbədi rayonunun Kurdlər kənd sakini Ulviyyə Sultanova bizə yazır ki, Talehi və ailəsini 2017-ci ildə tanıyıb: “Hərbi xidmətini Ağcəbədidə davam etdirirdi. Ailəsini yanına gətirmişdi və yaşamaq üçün bizim evi seçmişdilər. Biz isə Bakıda yaşayırdıq. Evdən çıxan günü atam Talehə dedi ki, bu ev sizindir artıq, öz doğmamız kimi idilər. O qədər gözəl ailəsi var idi ki... Hələ Gülayla onun sevgisi tam başqa bir mövzu idi. Bizim evdə qaldıqları müddətdə bütün kəndin hörmətini qazandılar, o qədər gözəl xatirələrlə yadda qaldı ki şəhid Taleh... Onun şəhid xəbəri hamımızı sarsıtdı. Şəhid olduqdan sonra kənddəki evimizə gəldik, ama evə Talehin yoldaşı Gülaysız girmədik. Özü gəldi, qapını açdı. Evə girdiyimdə gördüyüm mənzərə məni göz yaşlarına boğdu. O, mənzərə evdən Azərbaycan bayrağının asılması idi. Onlarda Vətən sevgisi o qədər güclü idiki hər işlərində hiss etdirirdilər... Taleh haqqında çox danışmaq olar, ama ona zaman yetməz. Çünki şəhid haqqında danışmaq çox acıdır, bunu yaşamayan anlamaz. Bu evdən çıxan 2-ci şəhid idi Taleh. Birinci Qarabağ müharibəsi zamanı əmim Sultanov Akif Bulud oğlu şəhid olmuşdu və Talehlə Akifi birləşdirən bir taleh yenə vardı. Her ikisi minaya düşərək şəhid olmuşdu. Çox acıdı bu sözləri yazmaq. Bir ev və iki Şəhid... Artıq evə gəldiyimiz zaman hər yerdə o izləri görürük. Bir də qeyd edim ki, evimizin ilk və son kirayəşini də elə Talehgil oldu. Onlardan sora kimisə almadıq evə. Talehin ailəsi bilsin ki, onların Ağcəbədidə - Kürdlər kəndində də bir evləri var. Şəhidlər toplumun oksigenidir, onlar burada olmasalar da bizə nəfəs verirlər”.
Daha bir yarımçıq, amma şərəfli ömür sürən şəhdimizi ailəsi, dostları, müəllimləri, hərbçi yoldaşları ilə belə xatırladıq. Əlbəttə, qəhrəmanlar unudulmur. Elə bizim də layihəmizin məqsədi onları yaşatmaq və gənc nəslə tanıtmaqdır.
Allah rəhmət eləsin!
Rəhman Məlik
Məqalə “Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Milli azlıqlardan olan şəhidlərin tanıdılması, bu kateqoriyadan olan gənclər arasında azərbaycançılığın və Vətən müharibəsi qələbəsinin təbliği” layihəsi çərçivəsində hazırlanıb.
Xəbər 6921 dəfə oxunub.