06.04.2017 11:27
Tikinti sektorunda qul əməyi
Şirkətlər işçi bolluğundan sui-isitifadə edib çalışanlara qəpik-quruş ödəyir Ekspert Natiq Cəfərli: «Bir yerə bir neçə nəfər düşürsə, işçilər az maaşa da qane olmağa məcbur qalırlar»
Dövlət Statistika Komitəsinin son məlumatına görə, 2017-ci ilin yanvarın 1-nə tikinti sahəsində muzdla çalışan işçilərin sayı 95,2 min nəfər təşkil edib. Onların 48,2 min nəfəri binaların tikintisində, 24 min nəfəri mülki təyinatlı inşaat işlərində, 23 min nəfəri isə ixtisaslaşdırılmış tikinti işlərində çalışıb.
İşçilərin 27 faizi dövlət, 73 faizi isə qeyri-dövlət tikinti müəssisələrinin payına düşür. Tikinti sahəsində işləyənlərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 18,6 faiz artaraq 813,7 manata çatıb. Qeyri-dövlət sektorunda çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 927,8 manat, dövlət sektorunda isə 527 manat olub.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ixtisaslaşdırılmış tikinti işlərində çalışanların orta aylıq nominal əməkhaqqı 21,6 faiz təşkil edib. Binaların tikintisində işləyənlərin orta aylıq nominal əməkhaqqı 14,9 faiz, mülki təyinatlı inşaat işlərində çalışanların isə 0,9 faiz artıb.
Bu məlumatda göstərilənlər rəsmi rəqəmlərdir. Bəs bu rəqəmlər reallıqla nə qədər uzlaşır?
Xatırladaq ki, ölkədə milli valyutanın dəyərdən düşməsi bir çox sahəyə, xüsusilə də tikinti sektoruna ciddi zərər vurdu. Neftin qiymətinin aşağı düşməsindən sonra ölkədə bir zamanlar müşahidə olunan tikinti bumu getdikcə zəiflədi və nəticədə bu sahədə çalışan on minlərlə insan işsiz qaldı.
Tikinti sektorunun tənəzzülə uğramasının bir səbəbi də bu sahədə iş adamlarına yaradılan süni əngəllərdir. Məhkəmə proseslərində ifadə verən sahibkarlar bildirirlər ki, tikinti üçün müraciət edən iş adamlarından saysız-hesabsız sənədlər tələb olunur, rüşvət alınır.
Son zamanlar manatın məzənnəsində müşahidə olunan sabitlik Bakıda tikinti sektorunda yenidən canlanmasına səbəb olub. Hökumət də şəhərdə iri infrastruktur layihələrinə, köhnə binaların sökülüb yerində yenilərinin inşa olunmasına, ipoteka kreditləşməsinin bərpasına, habelə ucuz mənizlllər layihəsinə start verib. Hazırda Yasamal rayonu ərazisində, Füzuli meydanı və Təzəpir məscidi kompleksinin ətrafındakı yol infrastrukturunun yaxşılaşdırılması və abadlıq işlərinin aparılması ilə bağlı “Sovetski” adlanan məhəllədə yaşayış binaları, fərdi yaşayış evləri və qeyri-yaşayış obyektləri sökülüb.
Nazirlər Kabinetinin qərarı ilə digər ərazirlər qəzalı vəziyyətdə olan binalar sökülür, orada yaşayan sakinlərə isə başqa yerdə kirayə qalmaları üçün ödəniş olunur. Həmin sakinlərə sökülən binanın yerində tikiləcək çoxmərətəbəli yaşayış binaları hazır olduqdan sonra ev veriləcəyi bildirilir.
İpoteka şərtlərinə edilən dəyişiklik və bu sahəyə ayrılan vəsaitin artırılması da yeni tikinti layihələrinin həyata keçirilməsi üçün stimul ola biləcəyi deyilir.
Yasamal rayonu ərazisində Şərifzadə və Mirəli Seyidov küçələrində gedən tikinti sahələrinə yaxınlaşıb fəhlələrlə söhbət etməyə cəhd etdik. İşçilərdən iş şəraiti, aldıqları əməkhaqqı, təhlükəsizlik məsələləri barədə soruşmaq niyyətindəydik. Amma fəhlələrin əksəriyyəti bu barədə danışmaq istəmədi. Onlardan bəziləri “vaxtımız yox, planı başa çatdırmalıyıq”, bəziləri isə “qardaş, ərazidə müşahidə kamerası var” deyərək açıqlama verməkdən imtina etdilər.
Söhbət etməyə razı olan işçilərin sözlərinə görə, maaşın məbləği əvvəlki illərlə təxminən eynidir. Amma manatın ucuzlaşması, ərazağın iki dəfə bahalaşması pulun bərəkətini yoxa çıxarıb. Bəzi aylarda hətta maaşın məbləği belə azaldılır.
Ustalar 500 manat yaxın, fəhlələr isə 400 manata civarında maaş alırlar. Fəhlələrin sözlərinə görə, onlarla xidməti müqavilələr bağlanıb, təhlükəsizlik vasitələri ilə təmin ediliblər.
Bir fakt diqqətimizi çəkdi. Maraqlandıq ki, söhbət etdiyimiz fəhlələrin əksəriyyəti Bakıda yaşayırlar. Amma əvvəlki illərdə bu sahədə daha çox bölgələrdən gələn vətəndaşlar çalışırdılar.
Mütəxəssislərin sözlərinə görə, hazırda görülən işlər sadəcə lokal olaraq aparılır. Tikinti sektorunda əvvəlki kimi canlanmanın yaşanması mümkün olmayacaq. Çünki birincisi ölkənin gəlirləri buna imkan vermir. Belə ki, dövlətin büdcəsi əvvəlki illərlə müqayisədə dollarla götürsək 2 dəfə azalıb. Bu azalma yenə də davam edəcək. Üstəlik, əhalinin alıcılıq səviyyəsi, ölkənin gəlirləri tikinti bazarı üçün uğurlu hesab olunacaq vəziyyətdə deyil.
Mütəxəssislər deyirlər ki, indiki halda əsas məqsəd tikinti tempini artırmaq, bu sahəyə investisiya qoyuluşları üçün normal şərait yaratmaq, investisiya cəlbediciliyini artırmaq üçün sənədləşmə işlərində müəyyən qədər güzəştlərə getmək, tikintiyə verilən icazələrin sayını azaltmaq və sair məsələlər həyata keçirilməlidir.
İqtisadçı ekspert Natiq Cəfərli bildirir ki, işçi sayı çoxur, iş yeri azdır və ona görə də işəgötürənlər daha aşağı maaş təklif etməyə başlayıblar: “Tikinti sahəsi işçi titumlu sahədir. Regionlardan paytaxta üz tutan vətəndaşlar bu sektorda çalışırdılar. Rəsmi rəqəmlərə görə də, tikintidə 40 faizə yaxın azalma müşahidə olunur. Belə olan halda işçilərin sayı azalır və rəqabət artır. İşəgötürənlər bundan istifadə edərək daha ucuz işçi qüvvəsinə üstünlük verirlər. Bilirlər ki, rəqabət çoxdur. Bir yerə bir neçə nəfər düşürsə, işçilər az maaşa da qane olmağa məcbur qalırlar. Əməkhaqqının aşağı düşməsinin səbəblərindən də biri məhz bu haldır”.
Ekspert deyir ki, əmək müqavilənin olmadığı sahələr arasında tikinti öndə gedir: “İşverənlər qeyri-leqal şəkildə işçilərin çalışmasına şərait yaradır. Bu da onunla əlaqədardır ki, vergidən yayınırlar. övlət Sosial Müdafiə Fonduna ödəniş verməkdən boyun qaçırırlar.
Real infliyasiya 15 faiz, rəsmi infliyasiya isə 12 faiz çivarındadır. Bu da real gəlirlərin azalmasına səbəb olur. Ölkədə maaşların 6 faizə yaxın artdığını rəsmi statistika qeyd edir. Reallıqda isə infliyasiyanı nəzərə alsaq, əksinə gəlirlərdə ciddi azalma müşahidə olunur. Orta aylıq əməkhaqqı dollar ekvivalentində indi Azərbaycanda qonşu Gürcüstandan belə aşağı səviyyədədir ki, bu da uzun illərdir Azərbaycanın liderlik mövqeyinin itirməsinə səbəb oldu. Manatın güclü və möhkəm olduğu dövrlərdə Azərbaycanda orta aylıq əməkhaqqı, minumum əməkhaqqı, orta təqaüdün həcmi, minumum təqaüdün həcmi dollarla ekvivalentində əsas ölkələrdən kifayət qədər yüksək səviyyədə idi. Manatın üç dəfədən çox dəyərdən düşməsi bu parametrlərlə də Azərbaycanı çox aşağı səviyyəyə çəkdi”-deyə ekspert vurğuladı.
(bizimyol.info)
Xəbər 1800 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|