17.09.2018 12:21
Pulun var, o zaman bağçada yer də var - İllərin PROBLEMİ
Yeni tədris ili başlar-başlamaz özü ilə bir çox ənənəvi problemləri də gətirdi. Bunlardan biri də hər ilin bu vaxtı yaşanan “bağçada plan yerləri dolub” problemidir. Onun həlli isə əksərən bizim özümüzdən asılıdır. Çünki problemin çözülməsi verəcəyimiz “şirinlik”in məbləğinə baxır: 200 manat, 250 manat, 300 manat... Qeyd olunan problemin özəl məktəbəqədər təhsil müəssiələrinə aidiyyatı yoxdur. Çünki özəl bağçaların aylıq ödənişi kifayət qədər yüksək olduğundan qəbul üçün əlavə “şirinlik” istənilmir. Dövlət məktəbəqədər təhsil müəssisələrində tələb olunan qeyri-rəsmi “qəbulhaqqı”nı verdinsə, sənə “gözün üstdə qaşın var” deyən olmayacaq. Yox əgər, “pulum yoxdur”, “bura dövlət bağçasıdır, niyə pul verməliyəm?” deyib hay-küy salmağa başlasanız, onda sizə qapının yolunu özləri göstərəcək.
Nədir bu problemin kökü? İllərdir davam edən valideyn narazılıq və narahatlıqlarına nə vaxt son qoyulacaq?
XəzərNews.az bildirir ki, Modern.az saytı yaşanan problemlə bağlı yaranmış suallara bu yazıda aydınlıq gətirməyə çalışıb.
Məsələ ilə bağlı BŞİH-in Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən verilən məlumata görə, bağçalara qəbul may ayında aparıldığından hazırda bütün məktəbəqədər təhsil müəssisələrində plan yerləri dolub:
“Ona görə də yaxşı olar ki, uşağını bağçaya yazdırmaq istəyən valideynlər may ayında müraciət etsinlər”.
Jurnalist uşağına bağça tapa bilmir
Jurnalist Lalə Mehralı bildirib ki, qızınln 4 yaşı tamam olub, amma hələ də onu qoymağa bağça tapa bilmir:
“Çünki qanunla 1 yaşlılar da bağçaya verilir və yer təlabata görə azdır. Qəbul zamanı yaşa və valideynin məşğulluq dərəcəsinə fikir verilmir, növbəyə durmaq məsələsi də ki yerli-dibli yoxdu. Əvvəllər işləyən anaların öncəliyi vardı, qəbulda iş yerindən arayış verirdi sadəcə. İndi kim birinci yetdi, yer onundur. Ciddi boşluq var bu sahədə”.
“Azərbaycanda göstəricilər çox aşağıdır”
Təhsilü zrə ekspert Kamran Əsədov bildirib ki, bağçalar körpələrin təlim-tərbiyəsində mühüm rol oynayır:
“Hər yaş dönəminin özünün xüsusiyyətləri, psixoloji, sosial, emosional standartları var. Uşaqlar o xüsusiyyətlərə, standartlara cavab verə-verə böyüyür. Beləcə, dünya praktikasında uşaq inkişafının standartları meydana çıxır. İndi həmin o standartların tətbiqi üçün bir müəssisə lazımdır. Lakin kiçik yaşlıların bağçalara cəlb olunması baxımından Azərbaycandakı göstəricilər dünyanın aparıcı dövlətlərlə müqayisədə çox aşağıdır. Hələ bağçaların sayının çox olduğu Bakı şəhərində məktəbəqədər yaş qrupunda olan uşaqların 25 faizi məktəbə bağçalardan gəlir. Təəsüflər olsun ki, maddi-texniki baza, binalar da bəs eləmir ki, digər 75%-lik uşaqlar da bağçalara cəlb olunsun.
Hazırda ölkədə 1656 dövlət (717 kənd, 939 şəhər), 96 qeyri-dövlət (95 şəhər, 1 kənd) məktəbəqədər təhsil müəssisəsi var.
Dünya təcrübəsindən Amerikanı götürsək, orada bağçaların 80%-i özəldir. Həmin bağçalarda olan şərait dövlət hesabında olan məktəbəqədər müəssisələrdən daha yaxşı qurulub. Dövlətin üzərinə az yük düşür”.
Bağçalarda özbaşınalıqdır
Ekspert qeyd edib ki, uşaq bağçaları üçün ayrıca proqram hazırlanmalıdır:
“Bizdə 2001-ci ildə prezidentin sərəncamı ilə bağçalar Təhsil Nazirliyindən alınıb İcra Hakimiyyəti orqanlarına verildi. Bundan sonra bağçaların fəaliyyəti diqqətdən kənarda qaldı. Ancaq bizdə bu sahəyə kifayət qədər vəsait ayrılsa, özəl bağçaların şəbəkəsi genişləndirilər. Elə-belə pərakəndə şəkildə olmamalıdır. İş adamları özəlləşdirmək istədikləri bağçaları standartlara uyğunlaşdırmalıdırlar. Bəzi vaxtlar özəlləşdirilən bağçalar məktəbəqədər müəssisə kimi də fəaliyyət göstərmir. Bundan başqa uşaq bağçalarında çalışan işçilərin bilik və bacarıqları tələblərə cavab vermir. Hesab edirəm ki, ilk növbədə onların peşəkarlıq səviyyəsinin artırılması üçün ciddi işlər görmək lazımdır”.
“Bağçalar Təhsil Nazirliyinə qaytarılsın”
K.Əsədov qeyd edib ki, bütün uşaq bağçaları üçün vahid proqram tərtib olunmalıdır:
“Düzdür, son illərdə ölkədə məktəbəqədər təhsil müəssisələri dünya standarlarına yaxınlaşıb. Amma normativlər - uşaq bağçasının quruluşu, işləmə metodu, idarəedilməsi baxımından hələ dünya standarlarına cavab vermir. Bizim məktəbəqədər təhsil müəssisələrinin quruluşu ilə bağlı normativlər sovet dönəmində hazırlanan normativlər əsasında hazırlanıb. Bu gün də o normativlər tətbiq olunur. Amma reallıqlar o normativlərlə uyğunlaşmır. Məsələn, məktəbəqədər təhsil müəssisələrinin otaqlarının sahəsi ilə bağlı normativlər var. Tədris otağı 20, uşaq otağı isə 50 kvadratmetrolmalıdır.
Doğrudur, özəl bağçalarda istər qidalanma, istər tədris dövlət bağçaları ilə müqayisədə yaxşı təşkil olunub. Burada çalışan işçi – tərbiyəçilər uşaqlara daha həssas yanaşırlar. Lakin özəl bağçalar müstəqil kommersiya fəaliyyəti həyata keçirdiyi üçün hansısa təhsil qurumunun onun fəaliyyətinə müdaxilə etməsi, yoxlanılması mümkün deyil . Qanunvericilik yalnız onların təhlükəsizlik, vergi, sanitar qaydalara riayət edib-etməməsini yoxlaya bilir. Təəsüf ki, heç bir qurum bağçlarla bağlı yoxlama aparmır. Hesab edirəm ki, bağçalar Təhsil Nazirliyinə qaytarılmalı, ayrıca bir komitə yaradılmalıdır. Necə ki, PeşəTəhsili Agentliyi yaradıldı və bütün peşə təhsili vahid sistemə tabe edildi, bu bağçalara da şamil edilməlidir. Bu həm də tədris vahidliyinin qorunması üçün labüddür”.
Problemin həlli - Elektron qəbul
K.Əsədov qeyd edib ki, ölkə ərazisində fəaliyyət göstərən uşaq bağçaları ümumi uşaqların yalnız 20 faizini əhatə edə bilir:
“Yəni 1600-dan çox uşaq bağçasında cəmi plan yeri 130 mindir. Bu da olduqca aşağıdır.
Hətta regionlarda elə rayonlar var ki, orada uşaq bağçaları olduqca azdır.Gədəbəy, Goranboy, Daşkəsən və digər rayonlarda uşaq bağçası ümumi uşaqların 3-5 faizini əhatə edəcək saydadır. Ona görə də bağça müdirlərinin uşaq qəbulu üçün şirinlik tələb etməsini hardasa normal qəbul etmək lazımdır. Amma elektron qaydada qəbul həyata keçirilsə, bunun qarşısını alınar. Problemin həlli elektron qəbul aydaalrının tətbiqi vacibdir”.
Xəbər 1954 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|