Gəncləri rəhbər vəzifələrdə görəndə ürəyim açılır. Bilirəm ki, o qurumlarda yeni nəfəs var, dinamika var, nəticənin ürəkaçan olması qaçınılmazdır. Hələ o gənc rəhbər savadlı və vətənsevərdisə, onunla həmsöhbət olmaq, təqdim eləmək mənə ancaq və ancaq qürur verər. Müsahibim 87 yaşlı “Astara” qəzetinin ilk xanım Baş redaktoru, gənc həmkarımız Fəridə Ağazadədir.
- Fəridə, xoş gördük. Özünü oxucularımıza təqdim eləyə bilərsənmi?
- Fəridə Ağazadə kimdir, nəçidir, bu dünyadakı missiyasının nə olduğunu düşünür, deyim sizə. Kənddə oxuyan, böyüyən, yüksək ali təhsil alan, səbirli, cəsarətli, sevginin varlığına sonsuz inanan, çətinliklərdən heç vaxt qorxmayan və ən əsası "Astara" qəzetinin ilk jurnalist xanım baş redaktoruyam. Həyatdakı əsl missiyam sevgini, xoşbəxtliyi, mehribanlığı, səmimiyyəti, xeyirxahlığı peşəm vasitəsilə insanlara çatdıra bilmək və vətənim, xalqım üçün faydalı olacaq arzularımın həyata keçməsi uğrunda var gücümlə çalışmaqdır. Astaranın Kijəbə qəsəbəsində ziyalı ailəsində böyümüşəm. Atam energetik, anam hüquqşünas, qardaşım Moskva Sosial İqtisadiyyat İnstitutunun gömrük işi və hüquqşünaslıq, bacım isə Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alır. Mən də sevdiyim, vurulduğum peşənin sahibiyəm, jurnalistəm. İnsan peşəsini, işini sevəndə bütün çətinlikləri aşmağı bacarır. Ailəm, həmkarlarım, dəyərli dostlarım mənim sevdiklərimdir. Allah mənə onları çox görməsin.
- Amin. Energetik atanın qızı niyə jurnalistikanı seçib?
- Bəlkə bu təsadüfdür, desəm inanmazsınız. Məqsədim anam kimi hüquqşünas olmaq idi. Qismətdən Xəzər Universitetinin Jurnalistika fakültəsinə qəbul oldum. Universiteti 2016-cı ildə qırmızı diplomla bitirdim. Hər semestr qiymətlərim 90-100 arası olduğu üçün dekanın fəxri fərmanına layiq görülürdüm. Çox oxuyurdum, çox çalışırdım, imtahanlarımın 70-80 faizi ingilis dilində olurdu. Buna görə çox çalışmalı olursan. Amma inanırdım ki, bütün bunların bəhrəsini görəcəyəm, elə də oldu. “Astara” qəzetini hələ məktəb illərindən izləyirdim. Qəzetdə çap olunan müxtəlif mövzuda məqalələri, müsahibələri, oçerkləri maraqla oxuyurdum. Bu gün doğma rayonumuzun hər sahəsini işıqlandıran "Astara" qəzetinin baş redaktoru vəzifəsində çalışıram. Mənə yüksək etimad göstərib bu məsuliyyətli işi həvalə etdiyinə görə hörmətli icra başçımız Qəzənfər Ağayevə təşəkkür və minnətdarlığımı bildirirəm. İndi gənc yaşda redaktoram və özümü mediadan, jurnalistikadan kənarda hiss edə bilmirəm.
- Fəridə, çox gəncsən, parlaq təhsil keçmişin var, bu yaşda baş redaktorsan. Ən böyük dəstəyi haradan alırsan?
- Tanrının sevgisi, mərhəməti, qüdrəti o qədər sonsuzdur ki, bunu həyatımda hər an hiss etmişəm. Bu illər məndən nə götürsə də gətirdikləri ondan daha çox, daha böyük oldu. Mənə yüksək mövqe, elm, təhsil, gözəl dostlar, mehriban kollektiv, peşəkar jurnalist, redaktor olmağı verdi. Bir az əvvəl qeyd etdim, Xəzər Universitetinin Jurnalistika fakültəsini qırmızı diplomla bitirmişəm. Şəhərdə qalıb çalışmaq imkanım olduğu halda, mən doğulduğum Astara rayonunu seçdim. Qəzetin mənə ehtiyacı var idi, yəqin Tanrı da məni məhz “Astara” qəzetini yaşatmaq, inkişaf etdirmək, daha uca zirvələrə daşımaq üçün seçibmiş. Üç ildir, baş redaktor kimi məsuliyyətli, çətin işin öhdəsindən layiqincə gəlməyə çalışıram. Əlbəttə, bəzən sıxıntılar olurdu, amma gənc yaşda baş redaktor olmağımın mənim üçün heç bir çətinliyi olmadı. Bu da gəncliyin verdiyi enerji, özünə və kollektivinə olan inamın verdiyi gücdən irəli gəlir. Ailəmin, komandamın və jurnalist həmkarlarımın mənə yüksək dəstəyi var. Mənə bu etimadın sözlə ifadəsi zəif olar. Çox çalışırdım, hər gün yüzlərlə yazı redaktə, korrektə edirdim. Gecələr çox gec yatırdım, çünki çiyinlərimə aldığım məsuliyyəti anlayırdım. Bəlkə inanmazsınız, ilk vaxtlar hətta 24 saatın cəmi 4 saatını yatırdım. Gənc olmağıma baxmayaraq kollektivimlə çox böyük işlər görmüşük. Qəzet səhifələrini artırmışıq, yeni maraqlı rubrikalar əlavə etmişik, heç bir region qəzetinin olmadığı astarainfo.az xəbər saytını, eyni zamanda qəzetin bütün sosial şəbəkələrdə səhifələrini yaratmışıq və minlərlə izləyicimiz var.
Müasir dövrün özünəməxsus tələbləri var. Ölkə tarixində ilk olaraq region mətbuatında qəzetin xəbər saytının təsis edilməsi məncə təqdirəlayiqdir. Astarainfo.az xəbər saytının yaradılması müasirlik, informasiya kommunikasiya texnologiyaları baxımından çox lazımlıdır. Astara haqqında məlumatların dünyaya çıxışı üçün vaxtında atılan addımdır. Saytımız vasitəsilə oxucuların təklifləri, iradları da bizə xoşdur. Bəzən bir mövzu ətrafında araşdırma yazısı yazmaq istəyəndə oxucularımız gözəl, maraqlı təkliflərlə bizi sevindirirlər. Ən əsası regionda qəzetimizi heç bir təmənna güdmədən, vətənini, xalqını sevərək yaşada bilirik. Bizim 10 ştatdankənar müxbirimiz və 20-yə yaxın həvəskar könüllü gənclərimiz var. Onlara hər zaman dəstək olmağa çalışıram və yazılarını heç vaxt geri qaytarmamışam. Kollektiv olaraq gənclərə istiqaməti, yolu, üslubu göstəririk. Gəncləri həvəsləndirmək üçün müxtəlif sosial mövzularda bir çox təlimlər də həyata keçirmişəm və faydaları çox olub.
- Sənin bu Astara sevginin kökündə nə dayanır?
- Azərbaycanımın hər qarışı mənə hədsiz doğmadır. Vətənimin hansı nöqtəsində olsam Astaraya göstərdiyim sevginin eynisi olacaq. Çünki Vətənimin hər qarışı müqəddəsdir mənim üçün. Astara doğulduğum, ilk nəfəs aldığım, ilk qələm tutduğum, hətta ilk xanım qəzet redaktorluğuna qədər bütün ilklərimi yaşadığım havasına, suyuna, insanlarına heyran olduğum doğma elimdir. Dənizlə dağ arasında cənnətdir. “Astara Azərbaycanın cənub mirvarisidir”. Bu fikir Ulu öndər Heydər Əliyevə məxsusdur. Düşünürəm ki, Allah Astaraya bütün nemətləri bəxş edib. Dənizi, dağı, havası, mətbəxi, düyüsü, çayı, sitrus meyvələri ilə zəngindir. Bu torpağın bir parçası olmaq lütfü böyük xoşbəxtlikdir. İllər öncə ilə bugünkü Astaranı müqayisə etsək çox böyük fərq görərik. Bütün sahələrdə xüsusilə də quruculuq-abadlıq sahəsində hər gün daha çox gözəlləşir.
- Astara deyəndə ağla ilk çay gəlir…
- Çay və düyü süfrəmizin ayrılmaz nemətləridir. Ailəvi olaraq çayı çox sevirik. Atam ən çox mənim dəmlədiyim çayı xoşlayır. Çünki Astara çayının xüsusi dəmlənmə qaydası var ki, onu ən gözəl mən bacarıram (gülür). Astara çayının ətri, dadı bir başqadır. Astarada kənd təsərrüfatının bütün sahələri kimi çayçılıq da çox yüksək səviyyədə inkişaf edib. Ötən il 187 hektar çay sahəsindən 530,2 ton yaşıl çay yarpağı yığılıb ki, bu il bu rəqəmin 600 tona çatdırılması nəzərdə tutulub. Bu da çayçılığın inkişafının bariz nümunəsidir. Onu da qeyd edim, bir çay kolunun məhsul verməsi üçün 7 il ona xüsusi qulluq göstərilir.
- Fəridə, hər sözü demək mümkündürmü?
- Düşünürəm ki, hər sözün öz yeri və məqamı var. Söz ağızdan çıxana qədər sənin əsirin, ağızdan çıxdıqdan sonra isə sən onun əsirisən – Hz. Əli. Amma bu gün insanlar üçün sosial şəbəkələr vasitəsilə o qədər böyük, açıq platforma var ki, orda ürəyi istədikləri kimi danışa, fikir bildirə, rəy yaza bilirlər.
- Sən yəqin ki, gənclərə daha çox yer verirsən qəzetinizin səhifələrində…
- İlk işə başlayanda qəzetimiz 8 səhifə idi. Düşündüm ki, yeni rubrikalara, maariflənməyə, bilgilənməyə çox ehtiyacımız var. Vətənpərvərlik, gənclik, həmyerlilərimiz, müsahibə rubrikalarımız bu gün oxucularımız tərəfindən ən çox sevilənlərdəndir. Ümumiyyətlə götürdükdə isə həyatın bütün sahələrini 16 səhifəlik qəzetimizdə işıqlandırırıq. Xalqımızın Ümummilli lideri Heydər Əliyevin işıqlı ideyaları barədə dəyərli yazıların işıqlandırılması, milli ideologiyanın təbliği, multikulturalizm və xalqımızın tolerant dəyərləri barədə məqalələrin dərc edilməsi oxucular tərəfindən maraqla qarşılanır. Rayonun tarixi, mədəniyyəti, təbiət və tarixi abidələri, eyni zamanda baş verən yeniliklər, əhali ilə keçirilən səyyar qəbul və görüşlərdə sakinlər tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə oxucular mütəmadi olaraq qəzetimiz və saytımız vasitəsilə məlumatlandırılır.
- “Astara” qəzetinin əsrə yaxınlaşan yubileyi münasibətilə səni təbrik edirəm. Qocaman mətbu orqanın gənc rəhbəri olmaq, həm də məsuliyyətin fərqində olmaq deyilmi?
- Azərbaycan müstəqillik əldə etdikdən sonra hər sahədə olduğu kimi milli mətbuat sahəsində də yeniliklər, dönüş yaranıb. Respublikada fəaliyyət göstərən çoxlu qəzet, jurnallar arasında region qəzeti kimi “Astara” özünəməxsusluğu ilə oxucu məhəbbətini qazana bilib. Məqsədyönlü, çoxşaxəli fəaliyyəti ilə dəqiqlik, obyektivlik, ümumxalq mənafeyi və peşəkarlıq prinsipləri ilə seçilən “Astara” qəzeti 87 il ərzində rayonun ictimai-siyasi və mədəni sahələrində baş vermiş müsbət dəyişiklikləri, eyni zamanda rayonda gedən quruculuq işlərinin, vətəndaşların gündəlik qayğılarını əks etdirən materialları öz səhifələrində geniş şəkildə işıqlandırıb. Mən də fürsətdən yararlanıb, sizin vasitənizlə öz səmərəli fəaliyyəti ilə yüksək peşəkarlıq və əsl vətəndaşlıq mövqeyi göstərən doğma qəzetimin bütün əməkdaşlarını ürəkdən təbrik edir, yeni zirvələr fəth etməyimizi arzulayıram. İlk gündən işimin böyük məsuliyyətini anladığımdan bütün addımlarımı ona görə atıram. Kiçik kollektivlə qocaman qəzeti yaşatmaq böyük enerji, səbir, güc tələb edir. 87 yaşlı qocaman qəzetin ilk xanım baş redaktoru olmaq mənə qismət olduğu üçün xoşbəxtəm. Sizə qəzetimizin 85 illik yubileyindən bir epizod danışmaq istəyirəm. Yubileyimizə Azərbaycan Mətbuat Şurası sədrinin müavini, Jurnalist Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, 525-ci qəzetin baş redaktoru Rəşad Məcid, Azərbaycan Mətbuat Şurasının üzvü, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli, Misirdə Azərbaycan Diasporunun sədri, tədqiqatçı alim Seymur Nəsirov, Azərbaycanın Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rza qonağımız idi. Yubiley tədbirində çox diqqətlə qonaqları dinləyirdim. Birdən Müşfiq müəllim və Rəşad müəllim “biz həmçinin gənc həmkarımıza dəstək olmağa gəlmişik” dedikləri anda, bir anlıq özümdən asılı olmayaraq gözlərim doldu. Bu sevinc göz yaşları idi, inanın! Yəni “Fəridə, sən regionda olsan da tək deyilsən, biz hamımız sənin yanındayıq” demək idi. O gün hər yadıma düşəndə inanılmaz duyğulanıram, özümdən asılı deyil. Bu gün mənəvi cəhətdən o dəstəyi həqiqətən hiss edirəm. Sevinirəm ki, yubileyimizə Mətbuat Şurasından dəvət etdiyimiz qonaqların hər biri çıxışlarında “gənc həmkarımıza dəstək olmaq üçün burdayıq”, dedilər. Bu sözlər məni daha çox çalışmağa ruhlandırdı. Azərbaycan Mətbuat Şurasına, paytaxtda olan həmkarlarıma mənə göstərdikləri diqqətə, qayğıya görə öz dərin minnətdarlığımı bildirirəm. Xoşbəxtlik də məhz ən çətin günlərində sənin yanında olan insanlardır. İnanıram ki, gələcəkdə daha böyük layihələrə imza atacağıq.
- Bizim vasitəmizlə başda rəhbəri olduğun qəzetin işçilərinə, “Astara” qəzeti oxucularına, ümumilikdə hər kəsə çatdırmaq istədiyin nələr var?
- Məqsədimiz Astara qəzetini yaşatmaq, rayonumuzun, onun inkişaf sahələrini daha geniş kütləyə çatdırmaq, eyni zamanda qəzetimizi ölkə səviyyəsinə çıxarmaqdır. Kollektivə, oxuculara isə demək istəyirəm ki, onlar var olduqca mən də hər zaman güclü olacağam. Həyatımdan heç vaxt əksik olmasınlar. Heç darıxanda bir əşya ilə söhbət etmisiniz? Mən etmişəm. Açığı hər qəlbim darıxanda redaksiyaya gəlib qəzetlərimi qabağıma qoyub onlarla doyunca söhbət edirəm. Çünki onlar var, yaşayır. Hətta ən xırda göz yaşımı belə qəzetim görüb, heç bir insana göstərməmişəm. Redaksiyamı, kollektivimi, qəzetimi çox sevirəm. Kollektivimə və oxucularımıza demək istəyirəm ki, "Astara" qəzetindən sevgilərini əsirgəməsinlər, mən olsam da olmasam da qəzetin yaşaması üçün var gücüylə çalışsınlar. Çünki bu qəzet bizə peşəkar jurnalistlərin, redaktorların əmanəti, yadigardır. Onu qorumalı, yaşatmalıyıq. Region qəzetləri yaşamalıdır. Mənim məqsədim region mediasının ölkənin ictimai-siyasi və sosial həyatında mühüm rol oynadığını diqqətə çatdırmaqdır. Bakıda qəzetləri yaşadacaq istənilən qədər insan var. Amma region qəzetinə yeni düşüncə gəlməlidir. Düşünürəm ki, regionlardakı mətbuatın maddi-texniki bazaları günün tələblərinə uyğunlaşdırılmalı, gənc jurnalistlərin fəaliyyətinə üstünlük verilməlidir. Bu gün sirr deyil ki, peşəkar jurnalistlərin əksəriyyəti paytaxt qəzetlərində fəaliyyət göstərirlər. Onu da qeyd edim ki, regionun jurnalistika ixtisası üzrə təhsil alan gəncləri də daha çox Bakıda çalışmağa üstünlük verir. Digər tərəfdən əyalətlərdə mətbəələrin olmaması bu sahədə çətinliklər yaradır. Möhtərəm prezidentimiz İlham Əliyevin Regionların sosial iqtisadi inkişafını təmin etmək məqsədilə imzaladığı sərəncamlar və Dövlət Proqramları bütün regionlarda olduğu kimi Astarada da uğurla həyata keçirilir. Məhz region mətbuatının günün tələblərinə uyğun inkişafı üçün də Dövlət Proqramlarının olmasını bir redaktor, jurnalist olaraq çox istərdim. Xüsusilə qeyd etməliyəm ki, regionda olan gənclərə jurnalistika peşəsini sevdirmək, onlara bu sahənin mahiyyətini anlatmaq üçün peşəkar jurnalistlərin bölgələrdə təlimlər və maarifləndirici tədbirlər keçməsi də region mətbuatında kadr peşəkarlığını daha da artıracaq. Düşünürəm ki, hər kəsin uğura aparan öz yolu var, əgər kimisə təqlid etsəm, yolumda, necə deyərlər, qarşıma çıxan daşları görməyib büdrəyə bilərəm. Vətənpərvər, ölkəni, xalqını sevən vətəndaş kimi dövlətimə, xalqıma layiqincə xidmət etməyə çalışıram.
Söhbətləşdi:
Nigar İSFƏNDİYAR (azadinform.az)
Xəbər 3986 dəfə oxunub.