...Qəfil yaxalamışdı məni. Qəribçilikdə, Ukraynada, kiçik bir əyalət şəhərində. Tibb bacısı Olqanın dedikləri indi də qulağımdadır:
- Siz yıxılacaqsınız indi. Siz gedirsiz... Tərpənməyin...
Başqa heç nə xatırlamıram. Hə, kölgəli də olsa bircə o yadımdadır; doktor eynəyinin altından yavaşca göz yaşlarını silir. Dodağının altında nə isə deyir. Məni isə harasa aparırlar. Heç özüm də bilmirəm hara...
* * *
Ukraynanın kiçik Mirqorod şəhərinə neçə ayın əsəb gərginliyindən, illərdi canımı yeyən şəkərdən, diabetdən xilas olmaq üçün gəlmişdim. Müalicə üçün başda Əflatun Amaşov olmaqla Mətbuat Şurasının bəzi üzvləri, Vüsalə Mahirqızı, bəzi dostlar yardım etmişdilər. İllərin ən zərərli vərdişlərinə də “yox” deyib də nicat kimi baxırdım Mirqorodun “Beryozovıy qay” sanatoriyasına. Şəkərli diabetin Şərqi Avropanın ən yaxşı müalicə müəssisələrindən hesab olunur “Beryozovıy qay”.
Müalicənin üçüncü günü dostlarımız – Ariflə Şəhriyar da gəlmişdi Kiyevdən. Elə oradaca İmişlidən bura müalicəyə gəlmiş stomatoloq həkim Orxanla da tanış olmuşduq. Həmin günü bir yerdə olduq. Axşama doğru isə boğulmalarım başladı. Sanki kimsə iki əliylə boğazımdan yapışıb nəfəsimi kəsməyə çalışırdı. Boğur-boğur, təxminən iki dəqiqədən sonra rəhmi gəlirmiş kimi əllərini boşaldıb çıxıb gedirdi. Hə, həmin axşam Ariflə Şəhriyar da getməliydi. Amma getmədilər. Bunu sonradan, lap sonradan biləcəkdim. Stomatoloq dostumuz qoymayıbmış. Yavaşca qulaqlarına pıçıldayıbmış:
- Bir gün də qalın.
Axşam onları “Kazaçiy sobor” kafesində qoyub yatmağa getdim. Otel otağında bir az var-gəl edib yerimə uzandım. Yenə gəlmişdi. Tək idim nədir, fürsət gözləyirmiş kimi daha möhkəm boğmağa başladı. Təngnəfəs hamam otağına keçdim. Əl-üzümə su vursam da xeyri olmadı. Qan-tər içində yataqda nə qədər vurnuxmaq olar? Bütün bədənim suyun içində, haldan düşmüş, demək olar ki, hərəkətsiz idim.
...Arif saçlarımı oxşayırdı, Şəhriyar ağlayırdı. Doktor isə gözlərini məchul bir nöqtəyə zilləyib pəncərədən baxırdı.
- Mənə nə olub?
- Heç nə olmayıb, yatmışdın.
Deyəsən çıxıb getmişdi. Bir az rahat idim. Boğulma keçmişdi. Amma boğazım keyişirdi. Su istədim.
- Suyu əzizlərin içsin...
Hamımız gülüşdük.
- Şükür, yaxşısan indi. Deyəsən keçib getdi.
Hə, bir az özümə gəlmişdim. Amma nə biləydim ki, hələ heç nə keçib getməyib. Hələ yenə gələcək, bu dəfə az qala öldürəcəkdi...
* * *
Məni sanatoriyadan birbaşa Mirqorod şəhər xəstəxanasına gətirmişdilər. Diaqnoz: Geniş sahəli infarkt.
- Sizi burada saxlaya bilmərik. Təcili Poltavaya aparmalıyıq. Yaxınınız, bir kimsəniz varmı?
- Heç kimim yoxdur bu şəhərdə.
Qəfil doktor Orxan yadıma düşdü. Heç 10 dəqiqə keçməmiş yanımdaydı.
- Dostunuzun vəziyyəti olduqca ağırdır. Bizim imkanlarımız məhdud səviyyədədir. Onu təcili ya Kiyevə, ya da Poltavaya götürməliyik. Poltava Kiyevdən 150 kilometr daha yaxındır. Risqə atmamaq üçün ora aparmalıyıq. Yaşama ehtimalı əllinin əlliyədir.
Bunu sonradan Orxan deyəcəkdi mənə. Və mən də sonradan niyə eynəyini çıxarıb göz yaşlarını sildiyinin səbəbini anlayacaqdım.
...Bircə o yadımdadır ki, artıq Poltava vilayət xəstəxanasındayam. Başımın üstündə isə həkim briqadası.
- Başa düşün, sizin xilasınız indi öz əlinizdədir. Mütləq əməliyyat olunmalısınız. Başqa yolu yoxdur.
Deyəsən, heç mənə qulaq asan da olmadı...
* * *
Gözlərimi reanimasiyada açdım. Tibb bacısı Alyona tərimi silirdi. İlk gördüyüm adam idi əməliyyatdan sonra. Gülümsəyirdi.
- Necəsiz?
- Yaxşıyam. Bura haradır?
- Narahat olmayın, hər şey qaydasındadır.
Bu vaxt kardio-cərrah Roman Ryabuşko və müalicə həkimi Maksim Alkov içəri daxil olur.
- Yaxşısan qəhrəman? Gecə yaman qorxutdun bizi.
Bunu Alkov dedi.
- Çox gözəl qızın var. Tanrı ona bağışladı yəqin səni...
- Qızım?
- Hə, yadında deyil? Mənə dedin ki, telefonumu ver. Telefonu açıb bir şəkilə baxdın. Qucağında mələk kimi bir qız, ondan bildim. Mənim də iki qızım var ha...
Sən demə, əməliyyatdan qabaq hansısa sənədə qol çəkmişəm. Sonra nə istədiyimi soruşublar. Mən isə qızımla, Sədəfimlə danışmaq istəmişəm. Amma Bakıda gecə yarısı olduğundan balamın şirin yuxusunu qaçırmaq istəməmişəm. Eləcə, ata-bala çəkdirdiyimiz şəklə baxıb telefonu qaytarmışam...
Heç bir mübaliğəsiz demək olar ki, Poltava vilayət xəstəxanası Ukraynanın ən yaxşılarındandır. Mənə deyəndə ki, 21 gün burada yatmalıyam, düzü az qala havalanacaqdım. Arif, Şəhriyar, başqa dostlar israrla Kiyevdən yanıma gəlmək istədiklərini bildirsələr də, qəti etiraz edirdim. Həm yol uzaq idi - təxminən 370 km, həm də onlar gedəndən sonra daha çox darıxacaqdım.
Amma burada, Bakıdan 2 min kilometr aralıda özümə iki dost tapa bilmişdim. İlham və onun həyat yoldaşı Alla xanım. Poltavada yaşayan bu cütlük 14 gün ərzində demək olar ki, hər gün mənə baş çəkdilər. Alla xanım əsil ana, bacı qayğısı göstərirdi mənə. İlham, gecə yarısı da olsa, zəruri dərmanları tapıb gətirirdi. Artıq 4-cü gün ayağa durmağa icazə də verdilər. Tibb bacısı Alyonanın köməyi ilə ilk addımlarımı atdım. Lap körpə uşaq kimi. Günlər keçdikcə addımların sayı da artmağa başladı. Yeri gəlmişkən, 500 addım yeriyəndən sonra xəstəxanadan çıxa biləcəyimi demişdilər. Bircə biləydiniz o 500-cü addımı necə gözləyirdim?!
* * *
14 günlük xəstəxana həyatı həm də bir sınaq oldu. Sosial şəbəkələrdə səhhətimlə maraqlananların sayı yüzlərlə idi. Tanımadığım adamlar belə Allahdan şəfalar diləyirdi. Xəstəxana nə qədər rahat, həkim və tibbi heyət nə qədər qayğıkeş olsalar da, müalicə böyük pullar aparırdı. Ən ucuz dərmanın qiyməti 280-300 (17-20 manat) qrivna təşkil edirdi. Və gündə nə qədər dərman və iynə, digər prosedurlara pul çatdırmaq...
Bu çətin günlərimdə Diasporla İş üzrə Dövlət Komitəsi köməyimə çatdı. Komitənin mətbuat katibi Vəsilə Vahidqızıyla söhbətdən sonra durumumla bağlı komitə sədri Fuad Muradov məsələyə qarışdı. Ukraynadakı diaspor liderlərindən olan Rövşən Tağıyev xəstəxananın bütün xərclərini ödədi, Hikmət Cavadov bütün dərman xərclərini öz üzərinə götürdü.
...Xəstəxananı tərk etməyə iki gün qalmış həkimlərim Ryabuşko və Alkov yenidən yanıma gəldilər. Ryabuşkonun əlində bir topa sənəd vardı. Son müayinələrin nəticəsi, hazırkı durumum haqında arayış, gələcək müalicəm barədə qeydlər, dərman siyahısı, diaqnozum və hətta əməliyyatın diski.
- Bax bura, bunları görürsən? Damarlarda tutulmanın biri 85, digəri 70 faizdir. Üçüncü damarda isə 50 faizə çatıb. Bu iki damara təcili stent qoyulmalıdır. Nə qədər tez qoyulsa, bir o qədər yaxşıdır. Hər halda səhhətinə görə deyirəm. Şəkərin də yüksəkdir. Bizim endekrinoloq deyir ki, ciddi müalicəyə ehtiyacın var. Ya ölkəndə, ya da burada müalicəni davam etdir. Qara ciyərin də normal vəziyyətdə deyil. Amma biz kardioloquq, ürəyinə cavabdehik. Bayaq dediyimiz kimi, ürək yolunda iki yerdə vəziyyət kritikdir. Özünü qoru.
* * *
Bakıya qayıdanda ilk ağla gələn təbii ki sosial şəbəkələr vasitəsilə dostlardan, oxuculardan, bəndənizi tanıyanlardan kömək istəmək oldu. Bir sözlə, ürəklə oynamazlar deyib də Facbbook-da kampaniyaya başlatdıq. Amma hər gün onlarla paylaşıma baxmayaraq işlər çox ləng gedirdi. Şəffaflıq üçün hesabımıza köçürülən hər qəpiyin, sentin belə hesabını verirdik. Tanımadığım adamlar belə hesabıma pul köçürüb şəfa diləyirdilər. Amma lazımi məbləğ yığılmırdı ki, yığılmırdı. Və bir gün, daha doğrusu üzü gecəyə doğru Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov zəng etdi:
- Hər şeydən xəbərim var. Sadəcə dəqiqləşdirmək üçün zəng vurdum. Səhhətin necədir? Hansı xəstəliklərdir səni narahat edən?
- Ürəyim - dedim, iki stent qoyulmalıdır, qara ciyərimdə vəziyyət pisdir, şəkər isə əldən salıb.
Sədrimiz ürək-dirək verib telefonun bağladı.
Həmin gün, oktyabrın 11-i mənim ad günüm idi. Bir gün sonra, üstündən 12 saatdan az keçmiş artıq saytlar və agentliklər bu xəbəri yaydılar:
“Azərbaycan Prezidenti cənab İlham Əliyev jurnalist Səbuhi Məmmədlinin səhhətində yaranmış problemlərin aradan qaldırılmasına kömək göstərilməsinə dair müvafiq göstəriş verib. Azərbaycan Mətbuat Şurasının bununla bağlı dövlət başçısına ünvanladığı məktuba cavab olaraq jurnalistin sağlıq durumunun yaxşılaşması üçün tədbirlərin görüləcəyi bildirilib. Şuranın Prezident İlham Əliyevə ünvanladığı məktubda ölkəmizdə həyata keçirilən media siyasətinin öz fundamental əsaslarını müxtəlif dövlət sənədlərində tapdığı vurğulanıb. Bu siyasətin eyni zamanda insanpərvərlik, humanistlik kimi ali dəyərlərə söykəndiyi diqqətə çatdırılıb. Bildirilib ki, jurnalistlərimiz mövcud məqamı xüsusi vurğulayır, nəcib əməl və təşəbbüsləri misilsiz örnək nümunəsi olaraq təqdim edirlər. “Ölkəmizin nüfuzlu kütləvi informasiya vasitələrində reportyor kimi çalışmış istedadlı jurnalist Səbuhi Məmmədli də Sizin şəxsinizdə Azərbaycan dövlətinin humanist yanaşmasına ehtiyac duyur. O, kəskin şəkərli diabetdən, qara ciyər və ürək çatışmazlığından əziyyət çəkir. Hazırda səhhəti ağırlaşmış jurnalistin həyatı təhlükədədir. Buna görə də ölkənin media ictimaiyyəti adından Sizə üz tutur, ona müvafiq kömək göstərilməsini xahiş edirik. Əminik ki, həssas münasibətiniz, şəxsi diqqətiniz sayəsində Səbuhi Məmmədlinin sağlığına qovuşması ilə bağlı zəruri tədbirlər həyata keçiriləcəkdir”.
Açığı gözləyirdim, haradasa. İnanırdım buna ürəyimin dərinliyində. Və onu da gözəl bilirdim ki, DÖVLƏT BABA mütləq öz sözünü deyəcək. Elə ona görə də, dərhal Fasebook səhifəmdə yazdım:
“Bir daha əmin oldum ki, dövlətinə arxalanan heç vaxt yıxılmaz!!! Sizə can sağlığı arzulayıram Cənab Prezident! Sizə bir can borcum var! Bir insan, bir vətəndaş, bir jurnalist kimi minnətdarlığımı bildirirəm!”.
Prezidenti sevən minlərlə şəxsdən gözaydınlığı aldım. Məni sevənlər məndən çox sevinirdilər. Amma illərlə məni sevdiklərini deyənlərin bir qismi isə sanki müalicə olunub sağalmağımı istəmirmiş kimi davrandılar. “Sən bizim üçün öldün. Can şirin şeymiş, bu da belə”.
Mən anlamırdım, məhz ona görə də bunları anlada bilmirdim: yoldaşlar, bəylər, hamınızın prezidenti kimi mənim də prezidentim olan şəxs həyatımın təhlükədə olduğun görən kimi hərəkətə keçib. Mənim xilasıma start verilib. Məgər buna sevinmirsiniz? Axı məntiqlə məni ilk təbrik edən siz olmalıydız. Mənim həyatım xilas olunur, məgər ONA can borclu deyiləm? Bir insan, bir vətəndaş, bir jurnalist kimi minnətdarlığımı bildirməməliyəm? Axı bu kampaniya dövründə sizlər mənim hesabıma 1 (bir) manat belə köçürmədiniz? Bircə qutu diabeton, kardio-aspirin, insulin alıb gətirmədiniz. Ölməyimi, qəbrim üstündə bəlağətli nitq söyləməyi gözləyirdiniz? Nəinki qırxım, 3 mərasimim çıxandan sonra o 4 yaşı tamam olmamış, kirayədə atasız yaşayacaq qızıma çox sevdiyi çəhrayı rəngli oyuncaqları kim alacaqdı? Onun varlığından belə xəbər tutmayacaq, qəbrimin yerini belə unudacaqdınız......
Mənə, bu sətirlərin müəllifinə Bakının ən modern xəstəxana və klinikalarının birində müalicə təklif olundu. Amma yenə hansı qərar verəcəyimi də öz öhdəmə buraxdılar. Prezident Administrasiyasının rəsmisinə, “mümkünsə Poltavaya gedim, ilk əməliyyat orada olub”. Bir kəlmə belə demədilər. Əksinə, dedilər ki, cənab Prezident sizin müalicənizlə bağlı göstəriş verib, qərar sizindir. Lazımından da artıq maliyyə dəstəyi verdilər. Mən sağ-salamat geri qayıtdım. Mələyim Sədəfimin yanına, sevimli çəhrayı rəngli zürafə oyuncağıyla. Oyuncağı alıb kənara atdı, boynuma sarıldı...
* * *
Hə, cənab Prezident İlham Əliyevin diqqətini, qayğısını gördüm, unutmaram. Yenə də deyirəm, bir can borcum var ona!
Hə, Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun həssas yanaşmasına şahidlik etdim, unutmayacağam Əli müəllim, var olun!
Başqanımız, Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşovun reaksiyası, xəstəliyə düçar olmuş bir jurnalistin xilası üçün uzaq Finlandiyadan belə arayıb axtardığını unutmayacağam.
Mənə hər cür maddi və mənəvi dəstək verən dostları, tanıdığım və tanımadığım şəxsləri - sizləri unutmayacağam.
Məni artıq ölmüş hesab edənlər, elə sizləri də unutmayacağam: siz doğrudanmı başa düşmədiniz ki, yaşamaq necə də gözəldir?
P.S. əvəzi.
Hə, müalicə davam edir. Hə, həyat davam edir. İşləmək, yeni layihələrlə mətbuatda yeni araşdırmalara start vermək, mətbuatda gündəm yaratmaq… Bunu isə bacarırıq.
Son söz əvəzi...
Poltava vilayət xəstəxanasında məni bu dəfə şöbə müdiri Ruslan Petroviç Sakeviç əməliyyat etdi. Prezidentin müalicəmlə bağlı göstəriş verdiyini deyəsən xəstəxananın baş həkiminə də çatdırmışdılar. Sakeviçin əməliyyatdan qabaq dediyi bu sözləri isə unutmayacağam: “Nam bı vaşeqo prezidenta...”
Səbuhi MƏMMƏDLİ
Xəbər 7194 dəfə oxunub.