Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper


31.12.2021  11:55 

“O zaman İctimai Televiziya sanki etnik mədəniyyətin carçısı idi”





A+  A-

Tanınmış tele-jurnalist deyir ki, Azərbaycan hökuməti etnik azlıqların qorunması ilə bağlı kifayət qədər ardıcıl siyasət aparır, dini və etnik azlıqlara qarşı dövlət səviyyəsində yüksək tolerantlıq nümayiş etdirir...

Dünən Milli Məclisin iclasında millət vəkili Fazil Mustafa İctimai Televiziyanın (İTV) fəaliyyətini sərt tənqid edib. Deputat deyib ki, İTV-nin Yayım Şurasının seçilən üzvləri kölgədə qalır: “İsmayıl Ömərovun vaxtında televiziya daha uğurlu funksional iş görürdü. Sonra isə bərbad günə düşdü. Əgər İTV funksiyasını yerinə yetirməyi bacarsaydı, "Media haqqında" qanun da bu qədər müzakirəyə səbəb olmazdı. Onun əvəzinə bunlar millət vəkillərini ələ salmaqla, kollajlarını düzəltməklə məşğuldurlar. Yayım Şurasının üzvləri hansısa diktatorluğun yaranmasına icazə verməməlidir. Necə olur ki, parlamentlə bağlı müzakirə verməyi bu televiziya özünə sığışdırmır? Siz kimsiz ki?! Ümid edirəm tənqidlərdən nəticə çıxaracaqsınız”.

Deputat Siyavuş Novruzov da həmkarının fikrini dəstəkləyib. S. Novruzov qeyd edib ki, deputatlar ictimaiyyətin maraqlarının təmsilçisidir və buna uyğun qanunları qəbul edir: “İTV-də bu fəaliyyət layiqincə həllini tapmır. Kim xoşuna gəlirsə, onu efirə verir, xoşuna gəlməyini vermir. Birtərəfli debatlarla bağlı eyni adamlar müxtəlif mövzularda çıxış edirlər. Bundan başqa, cənab prezident Şuşada keçirilən tədbirdə çox gözəl nümunə göstərdi ki, Azərbaycanda yaşayan etnik xalqların bütün mədəniyyətləri təmsil olundu. Bu etnik müxtəlifliyi nümunə göstərdi. Təəssüf ki, əvvəllər ölkədə yaşayan xalqların adət-ənənələri, musiqiləri, mədəniyyətləri İctimai Televiziyada çox gözəl təbliğ olunurdu. Mən hesab edirəm ki, Azərbaycanda yaşayan xalqların adət-ənənələri İTV-də öz əksini tapmalıdır”.

Xatırladaq ki, Azərbaycan müxtəlif etnik və dini qrupların ənənəvi dözümlülük və harmonik birgəyaşayışı üzərində qurulmuş siyasətin aparıldığı çoxetnoslu və çoxdinli ölkədir. Qanun sosial, etnik və dini mənşəyindən və dilindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Bir neçə əsr ərzində etnik və dini azlıqlara mənsub olan şəxslər respublikamızda etnik çoxluq olan azərbaycan türkləri ilə sülh və harmoniya şəraitində yaşayıb və yaşayırlar. Azərbaycan tarixən unikal çoxetnoslu cəmiyyət olduğu üçün bu multimədəniyyətli, multietnik irs bu gün də Azərbaycanda qorunub saxlanılmaqdadır. Bu baxımdan İctimai Televiziyanın üzərinə böyük məsuliyyət düşür.

İctimai Televiziya yaranan gündən televiziyada Milli azlıqlar üçün verilişlər departamenti fəaliyyət göstərirdi. Uzun müddət bu departamentə rəhbərik edən, hazırda isə “Space” TV-də “Səhər” proqramları departamentinin direktoru olan, tanınmış tele-jurnalist Rauf Rəcəbov Reyting.az-a müsahibəsində bu departamentin yaranması və hansı səbəbdən ləğv edilməsi barədə danışıb.

- Rauf müəllim, Azərbaycanda yaşayan etnik azlıqların nümayəndələri buranı nə dərəcədə öz doğma vətənləri kimi qəbul edirlər?

- Dünyanın əksər dövlətləri çoxetnosludur. Azərbaycan Respublikası da bu mənada istisna hal təşkil etmir. Bu torpağı özünə əbədi məskən seçən xalqların əksəriyyəti zaman keçdikcə doğmalaşıb, bəziləri isə yerli xalqlarla qaynayıb qarışıblar və bu gün haqlı olaraq bu torpaqda yaşayanlar Azərbaycanı özlərinə doğma və əbədi vətən hesab edirlər.

Azərbaycanın yeraltı, yerüstü sərvətləri kimi etnomədəni tərkibi də əsrlər boyu zəngin olub. Və bu zəngin tərkib güclü, qüdrətli, istiqanlı təbiətə malik bir millətin -Azərbaycan millətinin formalaşmasında böyük rol oynayıb. Bu odlar diyarında yüz illərlə yaşayan xalqlar çətin gündə də, xoş gündə də dostluq, qardaşlıq şəraitində ömür sürüblər. Hazırda Azərbaycanda ləzgilər, talışlar, tatlar, avarlar, buduqlar, qırğızlar, hapıtlar, ceklər, xınalıqlar, ingiloylar, ahıskalılar, kürdlər, dağ yəhudiləri, ruslar, ermənilər, ukraynalılar, belaruslar, gürcülər, başqırdlar, tatarlar, osetinlər, krım tatarları, gürcü yəhudiləri, tabasaranlılar kimi milli və etnik azlıqlar yaşayırlar.

Azərbaycan Respublikasında sayının azlığından, çoxluğundan aslı olmayaraq həmçinin özbəklər, qazaxlar, litvalılar, latışlar, moldovanlar, estonlar, qırğızlar, taciklər, türkmənlər, abxazlar, aqullar, buryatlar, inquşlar, darginlər, kabardalılar, komilər, qumuqlar, marilər, noqaylar, rutullar, udmurtlar, çeçenlər, çuvaşlar, adıgeylər, çərkəzlər, qaquazlar, Buxara yəhudiləri, qaraçılar, ərəblər, aysorilər, əfqanlar, bolqarlar, macarlar, vyetnamlılar, yunanlar, koreyalılar, kubalılar, almanlar, farslar, polyaklar, uyğurlar da yaşayırlar.

Bu xalqların nümayəndələrinin Azərbaycanı öz doğma vətənləri kimi qəbul etmələri ilə yanaşı, özlərini müstəqil Azərbaycan dövlətinin bərabərhüquqlu vətəndaşı kimi hiss etmələrində ümummilli lider Heydər Əliyevin rolu danılmazdır. Elə bu məntiqlə çıxış edərək tam məsuliyyətlə söyləmək olar ki, bu gün Azərbaycan dövlətinin ərazisində yaşayan bütün etnosların vəhdətini təşkil edən bu buketin hər bir çələnginin çiçəklənməsinin bünövrəsi müasir Azərbaycanın banisi olan Heydər Əliyevin adı ilə bağlıdır.

- İctimai Televiziya və Radio Yayımları Şirkətinin Milli azlıqlar üçün verilişlər departamentinin yaradılması hansı zərurətdən irəli gəlib?

- Ümumavropa dəyərlərinə qovuşmaq və sivil bəşəriyyətin tərkib hissəsinə çevrilmək istəyi İctimai Televiziya və Radio Yayımları Şirkətinin yaradılmasını labüdləşdirdi. Televiziyanın ilk efir düyməsini basan Azərbaycan prezidenti İlham Əliyev ölkədə demokratiyanın inkişafına, milli-mənəvi dəyərlərimizin qorunmasına, plüralizmə və digər məsələlərə dair bir sıra tövsiyələr verdi. Bu tövsiyələr İctimai Televiziyanın demokratik ab-hava ilə fəaliyyətinə zəmanət verirdi. Qanunda deyildiyi kimi, İctimai Televiziya və Radio yayımının məqsədi respublika əhalisinin - bütövlükdə cəmiyyətin, habelə onun ayrı-ayrı təbəqələrinin sosial, elm, təhsil, mədəniyyət, əyləncə və digər sahələrdəki ümumi maraqlarını təmin etməyə, söz və fikir azadlığını, müxtəlif baxış və əqidələri əks etdirməyə yönəlmiş, doğru məzmunlu, informasiyaları müasir texniki və keyfiyyət standartlarına uyğun şəkildə yayımlamaqdır. İctimai teleradio həyatımızın bütün sahələrinə nüfuz etməyə, cəmiyyətimizin mövqeyinin ortaya qoyulmasına, dünya mədəniyyətinə inteqrasiya edilməsinə yönələn layihələrin hazırlanıb yayımlanmasına daima səy göstərməldir. Bu layihələrin tərkib hissəsini həm də ölkəmizdə yaşayan azsaylı xalqların, etnik qrupların və milli azlıqların adət-ənənələrinin, milli özünəməxsusluğunun yayımlanması təşkil etməlidir.

Məlum olduğu kimi, İctimai Televiziya yaranan gündən bu şirkətdə Milli azlıqlar üçün verilişlər departamenti fəaliyyət göstərib.

Bir çox əsrlər boyu Azərbaycanda 80-dən çox etnosun nümayəndəsi ən çoxsaylı yerli etnos olan azəri türkləri ilə yanaşı yaşayıb çalışırlar. Bu tarixi təcrübə azsaylı etnosların və etnik qrupların yoxa çıxması təhlükəsinin aradan qaldırılmasına, etnik və konfessional fərqlərə baxmayaraq, sülh və həmrəylik şəraitində yaşamasına parlaq nümunədir. Etnik çoxluqla yan-yana yaşayan digər xalqlara münasibətdə tolerantlıq ölkə əhalisinin əksəriyyətinin etiqad etdiyi İslam dininə xas dözümlülüklə, müxtəlif etnik icmaların vahid ərazidə tarixən təşəkkül tapmış birgəyaşayışı ilə izah olunur. Azərbaycanın və Azərbaycan xalqının bütün tarixi ərzində bir dəfə də olsun dini və etnik ədavət, sayından asılı olmayaraq, etnik azlıqlara münasibətdə ayrı-seçkilik faktları qeydə alınmayıb. İlk növbədə ona görə ki, Azərbaycan dövləti onların hər birinə eyni dərəcədə qayğı göstərir.

Bayaq qeyd etdim ki, Azərbaycan Respublikası çoxetnoslu və çoxdinli bir ölkədir. Bu ölkənin milli siyasəti müxtəlif xalq, etnik qrup və dini azlıqların birgə yanaşı və dözümlülük prinsipləri əsasında müəyyənləşdirilib.

Bütövlükdə Azərbaycan xalqı çox tolerant bir xalqdır, heç zaman etnik azlıqlara münasibətdə ayrı-seçkilik etməyib. Ən azsaylı xalqlar da Azərbaycanda öz dillərini, mədəniyyətlərini qoruyub saxlaya biliblər.

Milli məsələ, adətən, dövlətlərin kifayət qədər həssaslıqla yanaşdığı siyasi istiqamətlərdəndir. Şübhəsiz ki, etnik azlıqlarla zəngin Azərbaycanda da situasiyanın nəzarətdə saxlanması milli təhlükəsizlik maraqları baxımından müstəsna əhəmiyyət daşıyır. Bu gün Vətənimizdə yaşayan azsaylı xalqlar Azərbaycan türkləri kimi öz etnik mənsubiyyətini qoruyub saxlayaraq vahid Azərbaycan xalqının ayrılmaz tərkib hissəsi kimi bütün hüquqlardan bərabər səviyyədə istifadə edirlər.

Azərbaycanda yaşayan hər bir xalq öz etnik xüsusiyyətlərini saxlamaqla bərabər, digər xalqların və etnik qrupların həyat tərzində, məişətində, adət və ənənəsində, mədəniyyətindəki bir çox mütərəqqi xüsusiyyətləri əxz edib və onları qarşılıqlı şəkildə inkişaf etdirib. Ümumi birgə yaşayış qaydalarına əməl olunan zamanlarda bu xalqlar bir-birinə daha da yaxınlaşıblar. Bunun da nəticəsində Azərbaycanda yaşayan etnik azlıqların demək olar ki, hamısı öz müstəqil dillərini, etnoqrafik xüsusiyyətlərini saxlayıblar və bu gün də onları inkişaf etdirirlər.

- Mümkünsə sizin dönəmdə departamentin hazırladığı verilişlər haqda məlumat verərdiniz?

- Artıq hər hansı bir dövlətin demokratik inkişafının bir ölçüsü də onun öz ərazisində yaşayan azsaylı xalqlara olan münasibətidir. Bu gün Azərbaycan yerli aborigen tayfa birləşmələri və xalqlarla yanaşı öz taleyini bu torpağa bağlayan bir sıra etnik azlıqların və azsaylı xalqların da doğma vətəninə çevrilib. Azərbaycan dövlətinin demokratikliyinin və tolerantlığının nəticəsidir ki, ilk dəfə olaraq İctimai Televiziyada Milli azlıqlar üçün verilişlər departamenti yaradılmışdı. Ölkə teleməkanında ilk dəfə olaraq məhz İctimai Televiziyada Azərbaycanda yaşayan xalqların və etnik qrupların maddi mədəniyət nümunələrini, milli məişətini geniş ictimaiyyətə çatdırmaqla biz uzun əsrlər boyu ölkəmizdə yaşayan, hətta onun bir və ya bir neçə kəndində məskunlaşan, sayı bir neçə mindən artıq olmayan, bu zəngin etnik müxtəlifliyi dünya ictimaiyyətinə catdırırdıq. İTV-nin kecmiş baş direktoru İsmayıl Ömərovun şirkətə rəhbərlik etdiyi dönəmdə İctimai Televiziya sanki etnik mədəniyyətin carçısı idi. Mən deyərdim ki, məhz İctimai Televiziyada belə bir departamentin yaradılması Qərb, Şərq və Avropa, Asiya mədəniyyətlərini özündə birləşdirən və yüksək tolerantlığa malik olan, demokratik inkişaf yolunu seçən müstəqil Azərbaycanın hərtərəfli inkişafından xəbər verirdi. Avropa öyünməsin ki, bütün məsələlərdə öndə gedir və inkişaf etməkdə olan dövlətlərə örnəkdir. Milli azlıqlar məsələsində müstəqil Azərbaycan gənc olmasına baxmayaraq nəinki Avropanı üstələyib, hətta bir sıra Qərb ölkələrinə nümunə sayıla bilər.

Bizim hazırladığımız verilişlərdə etnik və dini azlıqların, azsaylı xalqların və etnik qrupların tarixi, adət-ənənəsi, dini, dili, mədəniyyəti, folkloru, mətbəxi haqqında məlumatlar öz əksini tapırdı. Azərbaycanın etnik xəritəsində xüsusi yeri olan ölkəmizin şimal bölgəsində yaşayan ləzgilər, tatlar, taleyini bu torpağa bağlayan ölkəmizin cənub bölgəsində yaşayan talışlar, etnik rəngarəngliyinə görə fərqlənən Zaqatala və Qax rayonlarında yaşayan avarlar, ingiloylar, axaklar, Qafqaz dilləri ailəsinə daxil olan saxurlar, Qəbələ rayonunda yaşayan udilər, Azərbaycanda yaşayan milli azlıqların nümayəndələrindən olan polyaklar, almanlar, ruslar, ukraynalılar, gürcülər, moldovanlar, əsrlər boyu Azərbaycan xalqı ilə qardaşlıq və dostluq şəraitində yaşayan dağ yəhudiləri, XX yüzillikdə ağır məhrumiyyətlərlə qarşılaşan, bir neçə dəfə deportasiyaya məruz qalan vətən, yurd sevgisi ilə yaşayan ahıska türkləri, eləcə də ölkəmizdə yaşayan digər xalqlar haqqında hazırlanan verilişlər təkcə həmin xalqların nümayəndələri tərəfindən deyil, bütövlükdə cəmiyyətimiz tərəfindən də çox maraqla qarşılanırdı. Həm də bu verilişlər İctimai Radionun efirində də dinləyicilərə təqdim olunurdu.

- İctimai Televiziyada etnik və dini azlıqlarla bağlı hansı dövlət orqanları ilə birgə layihələr həyata keçirirdiniz?

- Etnik azlıq və qrupların mədəni irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi, habelə xalqlar arasında qarşılıqlı anlaşma və tarixi dostluq münasibətlərinin möhkəmləndirilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi İctimai Televiziya ilə birgə “Azərbaycan doğma diyar” devizi altında iki ildən bir Azsaylı Xalqların İncəsənəti festivalı keçirilirdi. Bu münasibətlə respublikanın müxtəlif bölgələrindən - Lənkərandan, Astaradan, Masallıdan, Balakəndən, Zaqataladan, Qaxdan, Şəkidən, Qubadan, Qusardan, Saatlıdan, İsmayıllıdan, Dəvəçidən azsaylı xalqların bədii kollektivləri Bakıya dəvət edilirdilər. Ümumilkdə isə festivalın 500-ə yaxın iştirakçısı olurdu. Və İctimai Televiziya bu festifalı ətraflı işıqlandıraraq Azərbaycanın bu palitrasını dünyaya nümayiş etdirirdi.

- Bəs, hansısa xarici ölkənin ictimai televiziyası ilə birgə həyata keçirdiyiniz layihələriniz vardı?

- Azsaylı xalqların adət-ənənəsini, mətbəxini, folklorunu əhatə edən filmlər və verilişlər ingilis dilinə tərcümə olunaraq gecə saatlarında Avropa tamaşaçılarına təqdim olunurdu. Bilirsiz ki, Macarıstan Avropanın mərkəzində yerləşən və öz prinsipləri olan, beynəlxalq aləmdə sözü keçən bir ölkədir. Bu ölkənin ictimai televiziyası ilə birgə layihələri ona gətirib çıxarmışdır ki, “DUNA” televiziyasında günün müxtəlif saatlarında Azərbaycanda yaşayan xalqlar haqqında filmlər nümayiş etdirilirdi.

- Rauf müəllim, bəs bu department hansı səbəbdən ləğv edildi?

- Maraqlı sualdır. Açığını deyim ki, media orqanlarında çalışan dostlar zaman-zaman mənə bu sualı veriblər. Cavabdan yayınmışdım hər zaman. Amma sizə səmimi cavab verəcəyəm. Milli azlıqlar ücün verilişlər departamenti cənab prezident İlham Əliyevin tövsiyəsi ilə yaradılmışdı. O dövrdə Milli məsələlər üzrə dövlət müşaviri olan hörmətli Hidayət müəllim Orucovla sıx təmasda olurduq. Hidayət müəllim departamentin fəaliyyət göstərdiyi dönəmdə hər zaman bizə dəstək olub. Sonralar Müşavirlik xidməti ləğv olundu və bu səlahiyyət İctimai-siyası şöbəyə - Əli Həsənovun kurasiyasına keçdi. Və qısa müddətdən sonar İctimai Televiziyanın Milli azlıqlar üçün verilişlər departamenti ləğv edildi.

- Bəs səbəb nə idi? O suala mən cavab verə bilmərəm. Bunun səbəbini Əli Həsənovdan soruşsanız daha yaxşı olardı. Görünür “Milli azlıq” sözü onda qıcıq yaradıb!

- Azərbaycan hökumətinin etnik azlıqların qorunması istiqamətində apardığı siyasəti necə qiymətləndirirsiniz?

- Dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq vətəndaşların hüquq və azadlıqlarının beynəlxalq standartlara uyğun olaraq tənzimlənməsi, milli azlıqların, milli-mədəni müxtəlifliyin qorunması Azərbaycanda dövlət siyasətinin prioritet xəttini təşkil edir. Azərbaycan hökuməti milli azlıqların qorunması ilə bağlı kifayət qədər ardıcıl siyasət aparır, dini və milli azlıqlara qarşı dövlət səviyyəsində kifayət qədər tolerantlıq nümayiş etdirilir.

“Azərbaycan bütün xalqların böyük, gözəl ailəsidir. Azərbaycanda heç vaxt dini, etnik zəmində ayrı-seçkilik olmayıb və olmayacaq. Bu, Azərbaycan dövlətinin siyasətidir”. Prezident İlham Əliyevin bu fikirləri ölkəmizdə yaşayan milli azlıqların, azsaylı xalqların və etnik qrupların çox mehriban və qarşılıqlı anlaşma şəraitində yaşadığını bir daha sübut edir və təsdiqləyir./Reyting.az

Xəbər 6672 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +