12.09.2017 19:46
Prezidentdən sitrus meyvələri ilə bağlı - Sərəncam
Prezident İlham Əliyev sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
XəzərNews.az-ın xəbərinə görə, Lənkəran, Şəki, Yevlax, Ağdaş, Astara, Biləsuvar, Göyçay, Lerik, Masallı, Ucar, Zaqatala və Zərdab rayon icra hakimiyyətlərinə Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və digər aidiyyəti mərkəzi icra hakimiyyəti orqanları ilə razılaşdırmaqla, sitrus meyvələri, çay və çəltik istehsalının artırılması üçün müvafiq infrastrukturun yaradılmasının iqtisadi cəhətdən səmərəliliyini nəzərə alaraq əkinəyararlı torpaqların müəyyən olunmasını və təsərrüfat subyektlərinə ayrılmasını təmin etmək tapşırılıb.
Kənd Təsərrüfatı Nazirliyinə tapşırılıb ki, İqtisadiyyat Nazirliyi ilə birlikdə rayon icra hakimiyyəti orqanlarının təkliflərini və bu sahədə mövcud olan müsbət təcrübəni nəzərə almaqla, müvafiq rayonlar üzrə sitrus meyvələri, çay və çəltik istehsalının inkişafına dair proqramların layihələrini, 3 ay müddətində hazırlayıb Prezidentə təqdim etsin, İqtisadiyyat Nazirliyi ilə birlikdə çay plantasiyaları və sitrus meyvə bağları sahələrinin genişləndirilməsini stimullaşdırılmaq üçün təsərrüfat subyektlərinə dəstək mexanizmlərinin təkmilləşdirilməsinə dair təkliflərini 3 ay müddətində hazırlayıb Prezidentə təqdim etsin, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən sitrus meyvələri, çay və çəltik istehsalçılarına zəruri kənd təsərrüfatı texnikasının, texnoloji avadanlıqların lizinq yolu ilə icarəyə verilməsini və ya satılmasını, onlara texniki servis xidməti göstərilməsini, habelə dövlət büdcəsi vəsaiti hesabına alınan pestisidlərin, mineral gübrələrin, tinglərin və toxumların güzəştli şərtlərlə satılmasını təmin etsin, yerli və xarici çəltik sortlarının sınağının təşkilini, habelə seleksiya nailiyyətlərinin Azərbaycan Respublikası ərazisində kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadəsinə icazə verilmiş və mühafizə olunan seleksiya nailiyyətlərinin dövlət reyestrinə daxil edilməsini təmin etsin, sitrus meyvələri və çay bitkisinin tingçilik təsərrüfatlarının inkişafının dəstəklənməsi ilə bağlı zəruri tədbirlər görsün, sitrus meyvələri, çay və çəltik istehsalı sahəsində fitosanitar, informasiya-məsləhət xidmətlərinin və kadr potensialının gücləndirilməsi ilə bağlı zəruri tədbirlər görülməsini təmin etsin.
İqtisadiyyat Nazirliyinə tapşırılıb ki, Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə çayçılıq sahəsinin inkişafının davamlı olaraq dəstəklənməsinin təmin edilməsi, fermerlər, tədarükçülər, emalçılar və ixracatçıların dövlət orqanları ilə qarşılıqlı əlaqələrinin daha səmərəli təşkil edilməsi üçün çay istehsalçıları və ixracatçıları assosiasiyasının yaradılması ilə bağlı müvafiq tədbirlər görsün, sitrus meyvələri, çay və çəltik istehsalçıları və emalçılarının investisiya layihələrinin, qanunvericiliyin tələbləri nəzərə alınmaqla, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən güzəştli şərtlərlə maliyyələşdirilməsini təmin etsin, qabaqcıl texnologiyalar tətbiq etməklə sitrus meyvələri, çay və çəltik istehsalının artırılmasına, emal və qablaşdırma müəssisələrinin yaradılmasına və inkişafına dəstəyi, o cümlədən bu sahəyə qoyulan investisiyaların təşviqini davam etdirsin, sitrus meyvələri, çay və çəltik istehsalı ilə məşğul olan sahibkarların istehsal etdikləri məhsulların ixrac potensialının artırılmasına, mümkün tərəfdaşların tapılmasına və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsinə, iş adamlarının ixracla bağlı biliklərinin artırılmasına dəstək tədbirlərinin daha da genişləndirilməsini təmin etsin.
Əmlak Məsələləri Dövlət Komitəsinə sitrus meyvələri, çay və çəltik istehsalı ilə məşğul olan təsərrüfat subyektlərinin istifadəsindəki və ya onların istifadəsinə veriləcək yeni torpaq sahələri üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınmasını təmin etmək tapşırılıb.
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti isə müvafiq rayonlar üzrə çay plantasiyalarının, çəltik tarlalarının və sitrus meyvə bağlarının meliorativ vəziyyətinin və su təminatının yaxşılaşdırılması, sututarların bərpa olunması, çəltik tarlalarında drenaj şəbəkələrinin tikilib istifadəyə verilməsi ilə bağlı zəruri tədbirlər görməlidir.
Maliyyə Sabitliyi Şurasına aqrar sahədə sığortanın inkişaf etdirilməsi ilə bağlı tədbirlərin sürətləndirilməsini təmin etmək, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə sərəncamın icrası ilə bağlı birgə hazırladıqları məlumatı 2017-ci il dekabrın 15-dək prezidentə təqdim etmək, Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn digər məsələlərin həlli tapşırılıb.
Xəbər 1539 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|