Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO


31.08.2023  13:28 

“Vərəm ağır xəstəlik sayılmır, amma...”





A+  A-

Dünyada, eləcə də Azərbaycanda vərəmlə bağlı məsələ həmişə aktual olub. Burada əsas məslələrdən biri insanların vərəmdən qorxması, cəmiyyətdən təcrid olmaq riskini hiss edib bu xəstəliyi gizlətmələri və vaxtında müalicə almamalarıdır.

Ölkədə Vərəm xəstəliyi ilə bağlı vəziyyət, bu sahədə olan problemlərlə bağlı suallarımızı ATU-nun Ağciyər xəstəlikləri kafedrasının müdiri, dosent Rafiq Bayramov cavablandırıb…

- Rafiq həkim, vərəmli xəstələrin müayinə və müalicəsində ən çox rastlaşdığınız problemlər hansılardır? Xəstələr niyə vərəmdən bu qədər qorxur?

- Əsas problem bu sahə üzrə yetərincə məlumatın olmaması, maarifləndirmə işlərinin lazımi qədər görülməməsidir. Mən də dəfələrlə şahidi olmuşam ki, xəstə deyir ki, “doktor, de ki, ağciyərində xərçəng var, öləcəksən, amma demə ki, vərəmsən”. Deyirəm, axı, vərəm sağalandı, müalicə olunandı… Çünki onu qorxudan xəstəlik yox, münasibətdir. Ən yaxın adamlarının belə bir çox hallarda (sözsüz ki, hər kəsə aid deyil) ona qarşı münasibətinin dəyişəcəyindən ehtiyyat edir. Yəni bu fobiya, bu stiqma çox təəssüflər olsun ki, cəmiyyətimizdə hələ da mövcuddur.
Əslində, təkcə bizdə deyil, əksər ölkələrdə belədir.

Vərəmə hər kəs yoluxub xəstələnə bilər. Çox yaxşı bir deyim var, “vərəm elə xəstəlikdir ki, öz vizit kartını əvvəlcədən heç kimə göndərmir”.

Düzdür, yoluxduğu halda xəstələnmə ehtimalı çox olan insanlar var. Ümumdünya Səhyyə Təşkilatının verdiyi rəsmi rəqəmlərdə dünya əhalisinin 3-də birindən çoxunun vərəm mikobakteriyaları ilə yoluxduğu deyilir.

İndi təsəvvür edin ki, vərəmə görə epidemoloji vəziyyət qeyri-qənaətbəxş olan ölkələrdə bu göstəricilər daha yüksəkdir.

İctimai yerdə olan hər bir kəs yoluxa bilər, amma yoluxanların hamısı xəstələnmir. İlkin yoluxanlar arasında xəstələnmə çox olur. Bu da ilk yoluxanların 10%-ə qədərini təşkil edir. Qalanı bədəndə, xüsusən limfa düyünlərində, persistə etmiş şəkildə, sadə dildə desək “yatmış vəziyyətdə” qala bilir…

Bunu deməkdə məqsədim odur ki, hər kəs xəstələnə bilər. Bəs görəsən, niyə bu xəstəlik hamıda xof yaradır? Koronavirus pandemiyası dönəmində ilk vaxtlarda insanlar koronavirusa yoluxduğunu gizlətməkdən ötrü analiz verməkdən belə çəkinirdilər. Hətta test nəticələri pozitiv çıxsa da gizlədirdilər.

Sonradan yoluxma o qədər kütləviləşdi ki, hamı üçün adiləşdi. İnsanlar qəbul etdi ki, buna hamı yoluxa bilər. Yəni bu hansısa bir pis vərdişdən, pis həyat tərzindən yaranmır. Vərəmə də münasibət belə olmalıdır.

- Bəs heç yoluxmamaq mümkündürmü? Qorunmaq üçün profilaktik tədbirlər necə olmalıdır?

- Tənəffüslə infeksiyalarına yoluxmadan qorunmaq sözlə ifadə olunduğu qədər asan deyil. O xəstəlik ki, hava-damcı ilə yoluxur, ondan sığortalanmaq olmur.

- Amma yenə də vərəm hiç kim üçün adiləşmir…

- Sadəcə, cəmiyyətdə insanların bu xəstəlik haqqında yetərli məlumatının olmaması ciddi problem yaradır. Vərəmin yaşı bəşəriyyətdə canlıların yaşı ilə eynidir.

Yəni planetdə ilk canlıların olduğu dövrdən vərəm xəstəliyi mövcud olub. I Dünya Müharibəsində döyüşdə ölən insan sayından daha çox, həmin müddətdə Rusiyada vərəm xəstəliyindən ölənlər olub. Son illərdə bütün dünyada, o cümlədən, Azərbaycanda da vərəmin epidemoloji göstəricilərində müsbətə doğru dinamik tendensiya var idi. Amma koronovirus pendemiyası insanların həyatını, dünyanın düzənini dəyişdiyi kimi, vərəmə görə epidemioloji göstəricilərin də dəyişməsinə səbəb oldu.

Ümumdünya Səhiyyə Təşkilatının rəqəmlərinə görə, koronavirus pandemiyasının pik dövründən sonra dünyada vərəmə yoluxanların və bu xəstəlikdən ölənlərin sayı artır.

2020-ci ildən öncəki son 10 il ərzində dünyada vərəmdən ölənlərin illik sayı 10 milyonu keçmədiyi halda, artıq 2020-ci ildən sonra bu rəqəm hər il demək olar ki, 100 min olmaqla artmaqda davam edir.

Koronavirus pandemiyasından öncə də, vərəmə yoluxma nisbətən azalsa da, bu azalmaların içində dərmanlara davamlı formalar çoxalır və bu, ciddi məsələdir. Xüsusən də ilk dəfə aşkar olunan xəstələr arasında dərmanlara rezistent xəstələrin sayının artması məsələnin ciddi olduğunu göstərir. Dərmanlara rezistent vərəmlə mübarizə tədbirlərinə daha adekvat yanaşılmasa, dünyada yoluxanların və ölənlərin sayında ciddi artım olması gözlənilir. Dərmanlara rezistenlik o deməkdir ki, vərəm əleyhinə dərmanların təsir eləmədiyi, yəni, müalicədə həmin dərmanların effektsiz olduğu hal formalaşır. Xüsusən də, birincili rezistentlik hallarının artması daha təhlükəlidir.

- Vərəmə daha çox kimlər yoluxur? Risk qrupuna daxil olanlar kimlərdir?

- Vərəmlə hər kəs xəstələnə bilər. Amma risk qruplarına daxil olan insanlar daha çox xəstələnir. Məsələn, siqaret çəkənlər, tüfeyli həyat keçirənlər, narkomanlar, alkoqoliklər, həbsxanada olanlar, orqanizmin immun qabiliyyətini azaldan yanaşı xəstəliyi olanlar, Şəkərli diabet, QİÇS və s. Orqan transplantasiyası olmuş xəstələr, umumiyyətlə ağır cərrahi əməliyyatlar keçirənlər də bu qrupa aitdir. Bu insanlarda immün qabiliyyət zəiflədiyi, orqanizmində vərəm mikobakteriyaları artdığı üçün aktivləşib xəstəlik törədə bilər.

El arasında vərəm xəstəliyi deyilən kimi ilk olaraq ağlımıza gələn normal həyat tərzi, normal yaşayış şəraiti olmayan insanlar, maddi vəziyyəti, qidalanması zəif insanlar gəlir. Amma bu sosial qrupdan olanların içərisində elələri var ki, onların vərəm baxımından sağlamlıq durumu dəbdəbəli villada yaşayan, el arasında “pulunu balta kəsməyən” insanlardan daha yaxşıdır. Tarixdə də çox məşhur və yüksək maddi təminatı olan insanların vərəmdən ölməsi halları olub. Yəni, hamı vərəmlə xəstələnə bilər.

- Cəmiyyətdə vərəm xəstələrinə münasibət necə, dəyişibmi? Stiqma ilə mübarizə üçün hansı istiqamətdə işlər getməlidir?


- Açığı, o dərəcədə də dəyişməyib. Hər kəs üçün maarifləndirmə işi aparılmalıdır. Bəzən xəstələrin məlumatsızlığı, laqeydliyi səbəbindən müəyyən müddət şikayətləri azalandan sonra onlar sanki “qrip olmuşdum keçdi getdi, artıq sağalmışam” deyə düşünür. Müalicəni yarımçıq kəsir. Müəyyən müddətdən sonra yenə kəskinləşmə olur. Yenə həkimə müraciət edir. Müalicəni bir qədər davam etdirdikdən sonra yenə dayandırır. Bir neçə dəfə bu hal təkrarlanandan sonra artıq dərmanlara rezistentlik yaranır. Vərəm xəstələri nə qədər erkən mərhələdə aşkar olunub müalicəyə başlanılarsa, müalicə bir o qədər effektli olar, həmin xəstənin ətrafdakı insanlar üçün təhlükəliliyi aradan qalxar. Müalicə uzun müddətli (ən azı 6 ay), kompleks və tam aparılmalıdır.

Bir daha qeyd edirəm, maarifləndirmə çox vacibdir. Burda mütəxəssislərin, həkimlərin də üzərinə böyük yük düşür, media mənsublarının da.

Cəmiyyət nə qədər vərəm xəstəliyi haqqında geniş məlumatlı olsa, insanlar öz sağlamlıqlarına o qədər ciddi yanaşarlar, vərəmlə bağlı şübhələri olduqda vaxtında həkimə müraciət edərlər, aşkar olduqda da düzgün müalicə olunub, tam sağalarlar. Çünki vərəm sağalan xəstəlikdir. Hətta elə xəstələrim var ki, onların nə zamansa xəstələnməyinin heç bir izi qalmayıb. Düzdü, çox halda yerində çapıq iz qalır, amma müalicə vaxtında və düzgün olunanda izi də qalmaya bilər.

Məncə, təkcə mütəxəssislərin xəstəlik haqqında məlumatları deyil, həm də bu xəstəliyə tutulmuş, müalicə alib sağalmış, müalicəsi davam edən xəstələrin verdiyi məlumatları cəmiyyətimizə çatdırmaq lazımdır. İnsanlar müalicə alıb normal həyata dönən real pasientləri görsələr, bu xəstləikdən qorxmazlar, onu gizlətməyə çalışmazlar.
Razıyam. Bu hekayələr vərəm barədə təsəvvürləri dəyişməyə kömək edər. Təəssüf ki, cəmiyyətdə vərəm xəstələrinə qarşı münasibət birmənalı olaraq, pisdir. Burda maarifsizliyin təsiri çox böyükdür. Bəzən xəstələrimiz müayinəyə gələnə kimi artıq dərin depressiyaya düşürlər. Deyirik ki, bu xəstəlik müalicə ilə sağalır. Bir -iki ay müalicədən sonra yaxşılaşır. Sonra həmin adamlar xəstəliyin diaqnozu qoyulan ilk vaxtlarda keçirdiyi hisslərə görə söyləyir ki, mən niyə belə düşünürdüm.

- Doktor, vərəm ağır xəstəlikdir?

- Vərəm ağır xəstəlik sayılmır. Amma vərəmin də heç bir əlaməti, heç bir şikayəti olmayan formasından tutmuş, ən ağır ölüm vəziyyətinə gətirəcək formaları da var. Məsələn, vərəm meningiti ən ağır formadır. Vərəmin generalizə olunmuş forması, yüngül -orta -ağır formaları olur. Amma ümumi götürsək, vərəmin gedişi çox süst və ləng olur. Tədricən - aylarla, illərlə ikişaf edir. Kəskin klinik əlaməti olmur. O zaman biruzə verir ki, artıq xəstəlik böyük bir sahəni tutur. Əslində, bütün orqanlarda ola bilər. Sadəcə, ən çox rast gəlinən və zədələdiyi orqan ağciyərdir. Xəstəliyin gecikdrilməsinin bir səbəbi də budur. Şikayəti olmur, vaxtında müraciət etmirlər.

- Son olaraq, insanlarımıza tövsiyəniz nədir?

Biz azərbaycanlılar sağlamlığımıza qarşı o qədər də diqqətli deyilik. Vərəm bir çox hallarda təsadüfi profilaktik hallarda aşkar olunur. Sağlamlıq haqqında arayış alan zaman və s ortaya çıxır. İnsanlara birinci tövsiyəm o olar ki, xəstələnməmişdən əvvəl sağlamlıqlarının qeydinə qalsınlar. Zərərli vərdişlərdən uzaq olsunlar. Tütün, siqaret çəkmək ən ağrılı yerimizdir. Çox təəssüf ki, mübarizə tədbirləri, qadağalar qəbul olunsa da vəziyyət heç də ürəkaçan deyil.
Ağciyərləri qorumağın birinci yolu tütündən uzaq durmaqdır. İnsan özü çəkmir, başqası çəkir, amma tütün çəkənin xaric etdiyi tüstünü udur. Passiv çəkən hesab olunur. Bunun zərəri çəkənlə eynidir. Qidalanma normal olmalıdır. İdmanla məşğul olmaq lazımdır. Xəstəlik əlaməti hiss etdikdə, vaxtında həkimə getsinlər. Xəstəlik aşkarlansa, ondan qorxmaq yox, ona qalib gəlmək lazımdır!

Aygün
BakuPost

Bu yazı “Yoluxucu Xəstəliklərlə Mübarizə” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə ““Vərəmə qalib gəl” devizi altında elektron təşviqat marafonu vasitəsilə vərəm xəstələrinin sosial-tibbi və psixoloji reabitasiyasına dəstək” layihəsi çərçivəsində hazırlanmışdır.

Xəbər 6921 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

31.10.2024  20:12 

Şəmkirdə bədbəxt hadisə

31.10.2024  01:48 

Müğənni Kərim ziyana düşüb

30.10.2024  16:24 

Daha bir tiktoker həbs edildi -Foto


BÜTÜN XƏBƏRLƏR +