Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi


27.07.2024  11:11 

Azərbaycanlı mühacirlərin Türkiyə daxili siyasətinə təsiri - ideoloji aspekt - II YAZI





A+  A-

Sovet işğalından sonra Türkiyəyə köç edən azərbaycanlıların Türkiyə Respublikasının siyasi həyatında yer almaq kimi hədəfləri yox idi. Onlar Azərbaycan davasını davam etdirmək ümidi ilə Türkiyəyə yerləşmişdilər. Mühacir siyasətçilər kimi təşkilatlanmağa çalışır və daha çox mətbuat sahəsində fəallıq göstərirdilər. Bəs azərbaycanlı mühacirlərin Türkiyə siyasi həyatına necə təsiri olmuşdu?

İstiqlal savaşının ilk illərində Anadoluda bolşevik Rusiyasına müəyyən rəğbət bəslənilirdi. İş o yerə çatmışdı ki, Türkiyə poeziyasının görkəmli nümayəndəsi, milli marşın müəllifi Mehmet Akif hətta Qızıl Ordu nümunəsində Yaşıl Ordu yaratmağı, Anadolu və Rusiyanın vahid dövlətdə birləşməsini təklif etmişdi. Yalnız Gəncə üsyanında bolşeviklərin törətdiyi vəhşiliklər ictimailəşdirildikdən sonra o öz təsis etdiyi “Sebilürreşad” qəzetində bolşevikləri ifşa edən silsilə yazılarla çıxış edir. Sovet Azərbaycanının Türkiyədəki nümayəndəliyinin katibi M. Məmmədov Sovet Rusiyasının əsl mahiyyətinin tanınmasını müsavatçı mühacirlərin fəaliyyətinin nəticəsi hesab edir, Azərbaycan İcitimai Şura Cümhuriyyətinin(Sovet Sosialist Respublikasının) xarici işlər komissarı Mirzə Davud Hüseynova yazdığı məktubda əks addımlar atmağa çağırırdı(Siyasi sənədlər arxivi, fond 601,siyahı 1,94 saylı iş, səh 189).

Sovet rejiminin əsl mahiyyətini göstərməklə azərbaycanlı mühacirlər Türkiyəni böyük bəladan –kommunizmə yuvarlanmaqdan və Sovet Rusiyası ilə iftat yaxınlaşmaqdan xilas etmişdilər. Anadoluda istiqlal savaşı illərində türk kommunistləri yetərincə fəal idilər, Nəriman Nərimanov və Sultan Qaliyevin “Qırmızı Turan” ideyaları yuxarıda qeyd etdiyimiz kimi Türkiyədə də bir çoxlarını özünə cəlb edə bilmişdi. Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman Nərimanov Rusiya və Ankara hökuməti arasında aparılan danışıqlarda iştirak üçün gəldiyi Moskvadan 1921-ci 1 fevralın 28-də Azərbaycan İctimai Şura Cümhuriyyətinin(Sovet Sosialist Respublikasının) xarici işlər komissarı Mirzədavud Hüseynova yazdığı məktubda konfransda iştirakını artıq hesab etdiyini bildirir və əlavə edirdi ki, Azərbaycana aid olmayan xırda məsələlərdə türklərə qarşı çıxsa faydasız olacaq :” Mənim onlar üzərində təsirim çoxdur, Anadoluda çoxsaylı kombinasiyalar var, bütün bunları itirə bilərəm”( Siyasi sənədlər arxivi, 609 N-li fond, siyahı 1, saxlanc 94). Məktubda anlaşılır ki, Azərbaycan və Rusiya kommunistlərin Anadoludakı solçu qruplar üzərində ciddi təsir imkanları varmış. Siyasi mühacirətin milli kommunist dediyimiz Nəriman Nərimanov və komandasına qarşı amansız əks təbliğatının bir səbəbi də bu idi- “Doktorun “Türkiyədəki nüfuzunun bolşevik Rusiyası tərəfindən başqa məqsədlər naminə istifadəsinin qarşısını almaq.

Rəsulzadənin redaktoru olduğu "Yeni Qafqasya" jurnalının 1923-cü ildə işıq üzü görməsi Türkiyədə yeni dövrün siyasətinə uyğun idi və “bolşevik işğalına məruz qalmış bütün türklərin xaricdə çıxardıqları ilk jurnal” (Mirzə Bala Məmmədzadə) kimi təbliğ edilirdi. Lakin Türkiyə-Rusiya münasibətləri fonunda mühacirlərin media fəallığı sahəsi də daralırdı ki, bu da onların ən azı təbliğat vasitəsi ilə Türkiyənin ictimai-siyasi fikrinə təsir imkanlarını aradan qaldırırdı. Yavuz Akpınar jurnalın Türkiyə ictimai fikir tarixində oynadığı rolu belə qiymətləndirirdi:“Yeni Qafqaz təkcə Azərbaycanın deyil, Türkiyənin, Rusiyanın və bütün Qafqazın yaxın tarixinə işıq salır. Bu jurnal kolleksiyası 20-ci əsrə aiddir. O, həm də əsrin əvvəllərində adıçəkilən bölgələrdə baş verən bir çox siyasi, sosial, mədəni və tarixi hadisələri, bu sahədə iştirak etmiş siyasətçilərin, ziyalıların fikirləri, təhlilləri və şərhləri ilə əks etdirmək baxımından mühüm tarixi mənbədir. hadisələri və o dövrün şahidi olmuşdur”( Yeni Kafkasya (1925-1926) 3. Yıl,Prof.Dr. Yavuz Akpınar, Selçuk Türkyılmaz, Yılmaz Özkaya, İstanbul 2018)

"Yeni Qafqasya" 4 il sonra - 1927-ci ildə sovet hökumətinin təzyiqi ilə bağlandı. Azərbaycanlı mühacirlərin nəşr etdiyi ikinci mətbuat orqanı "Azəri türk" jurnalının da ömrü uzun olmadı, 1928-ci ilin fevralından nəşri başladı və 1930-cu ilin fevralında son sayı çıxdı. 1929-cu ildə çap olunmağa başlayan "Odlu yurd" jurnalı 1931-ci ildən o yana keçə bilmədi.



Mirzə Bala Məmmədzadənin həftəlik “Bildiriş” qəzetinin nəşri dayandırıldıqdan sonra təxminən 15 il – 1947-ci ilədək Azərbaycan mühacirlərinin Türkiyədəki fəaliyyətindən faktiki olaraq danışmaq mümkün deyil. Bu dövr həm də Türkiyədə yaşayan azərbaycanlıların fəaliyyətlərinin Türkiyənin siyasi həyatına minimuma endiyi bir zaman idi.

“Mühacirlərin Türkiyəyə gəlməyə başladığı 1947-ci ilə qədər başqa hər hansı bir fəaliyyətdən bəhs etmək çox mümkün olmamışdır. Bu dönəm daha çox Azərbaycan türkləri arasında qovğa-qırğınlıqların yüksək həddə çıxdığı bir dönəm kimi dəyərləndirilə bilər. Xüsusilə Məhəmməd Əmin Rəsulzadə, Məmməd Sadiq Aran, Rüstəmbəy Səfibəyli başda olmaqla digər irəlidə gedənlərin bir-birinə qarşı xoş olmayan ittihamları görülməkdədir” (Sebahattin Şimşir. “Azerbaycan’ın istiklal mücadelesi”, səh. 88).

Türkiyə-SSRİ yaxınlaşması yalnız Türkiyədə Sovet İttifaqı əleyhinə təbliğatın dayandırılması, nəticədə azərbaycanlı mühacirlərin Türkiyədəki siyasi fəaliyyətinin məhdudlaşdırılması ilə nəticələnmədi, mühacirlər Sovet ittifaqının təzyiqi ilə sıxışdırılıb.Türkiyədən də çıxarıldı və Avropa ölkələrinə (Fransa, Almaniya, Polşa və s.) səpələndilər. “Türkiyədəki mübarizədən narahat olan Sovet rəsmilərinin Azərbaycan mühacirətinə qarşı başlatdıqları basqılar nəticəsində Türkiyə rəsmiləri də onların Türkiyənin xaricinə çıxmalarını istədilər” (Sebahattin Şimşir.“Türkiye’de Faaliyette Bulunan Azerbaycanlılar (1920-1991)”). Bununla da Azərbaycan mühacirlərinin böyük ölçüdə Türkiyənin ictimai-siyasi həyatına uyğunlaşması təxirə düşdü.



Mehmed Fuad Köprülünün tələbəsi olan Əhməd Cəfəroğlunun fəaliyyəti türklük ideologiyasının təməl və praktik işləri ilə bağlıdır. Əgər Ə. Hüseynzadə və Ə. Ağaoğlunun bioqrafiyalarında Azərbaycanda ictimai-siyasi-mədəni həyatda iştirakları varsa, Ə. Cəfəroğlu tam azərbaycanəsilli Türkiyə dilçi və ədəbiyyatşünasıdır. Türk dili və ədəbiyyatının araşdırılması, tədrisi və təbliğində onun müstəsna dərəcədə rolu, təsiri və töhvələri var. Türkoloq Fikri Sertkaya bu rolu belə dəyərləndirir: “Ə. Cəfəroğlunun müəllimliyi zamanı hər biri bir sonrakı nəslə müəllimlik edən edən doqquz nəsil yetişib”. 40 illik elmi fəaliyətində 25 əsər və 380 məqalə çap etdirmiş Ə. Cəfəroğlu elmi yaradıcılığı, kitabları dil və ədəbiyyat sahələri üçün hələ də birinci dərəcə qaynaq olaraq qalır. “Türk dili tarixi” kitablarının müəllifi olan alim Azərbaycan dilçiliyini də unutmamışdı. Rəsulzadənin siyasi ədəbiyyatda populyarlaşdırdığı azəri etnonimi(dahaq dəqiqi politonimi), Cəfəroğlunun fəaliyyəti sayəsində.

Elmi fəaliyyətindən kənarda Ə. Cəfəroğlu Azərbaycanın istiqlal davasının fəalı idi. 1930-cu illərin əvvəlində Azərbaycan mühacirətinin mühüm simalarının Türkiyədən çıxarıldığı və mətbuat fəaliyyətlərinin bitdiyi bir dövrdə o, “Azerbaycan Yurt Bilgisi” jurnalını nəşr etdirirək ağrılı boşluğu doldurmuşdu. Ə. Cəfəroğlu Azərbaycan Milli Mərkəzinin üzvü və “Azerbaycan Kültür ve Dayanışma Derneği(Azərbaycan Mədəniyyət və Həmrəylik Cəmiyyəti) sədri kimi siyasi mühacir kimliyini davam etdirmişdi.

30-cu illərin əvvəlindəki Moskva-Ankara yaxınlığı 1939-cu ildə Moskvada keçirilən SSRİ xarici işlər naziri Vyaçeslav Molotovun türkiyəli həmkarı Şükrü Saracoğlu ilə görüşündə “ rusların Qara dəniz boğazları ilə bağlı bəzi istəkləri” üzündən pozulmağa başlayır və Sovet İttifaqı-Türkiyə münasibətləri 1946-cı ildə artıq tərəflərin İstanbul boğazlarına dair sərt nota mübadiləsi ilə tamamilə korlanır.

II Dünya müharibəsinin sonları azərbaycanlı mühacirlərin Türkiyəyə dönmələrinə, həm də “soyuq müharibə” illərində bu dəfə sovet imperializminə qarşı mübarizələrinə yaşıl işıq yandırılır. Soyuq müharibə dövrü informasiya savaşının ön cəbhəsində yer alan azərbaycanlılar Türkiyə siyasi ideoloji tarixinə indi də belə xidmət edirlər.

Türkiyə hökuməti yeni dövrdə də Azərbaycan mühacirətinin siyasi-ideoloji və geosiyasi maraqları baxımından siyasi təşkilatlanmasında maraqlı idi. Azərbaycan siyasi mühacirətindəki 30-40-cı illərin intriqaları, Türkiyədə qalanlarla Avropaya məcburi köçürülən mühacir fəallar arasındakı çəkişmələr, Rəsulzadə, Səfibəyli düşmənçiliyi 50-ci illərin əvvəlində Türkiyəyə qayıtmalarına izin verilən mühacirlərin sayı və keyfiyyətinin artması nəticəsində xeyli səngiyir. Azərbaycan Milli Mərkəzi 1953-cü ildə yenidən təşkil edilir. Ankara artıq Vaşinqtonla yaxınlaşmışdı və azərbaycanlı mühacirlər Moskvanın təzyiqlərinin girovu deyildilər. Bu dövrdə Türkiyədə yaşayan azərbaycanlılarla Türkiyənin siyasi fiqurlarının birgə fəaliyyəti diqqəti və Türkiyə siyasəti sahəsinə tədricən keçidi, “mühacir şineli”ndən az-çox çıxmaları diqqəti cəlb edir.

1949-cu il fevralın 1-də Rəsulzadənın fəxri sədrliyi, Həmid Atamanın sədrliyi ilə Azərbaycan Mədəniyyət Cəmiyyəti (Kültür Dərnəyi) quruldu. Ankara Azərbaycan mühacirətini bir təşkilatda birləşdirmək istəyirdi . Cəmiyyətin ilk qərarlarından biri “Türk ocaqları”nın məşhur siması, Türkiyə parlamentinin deputatı, təhsil naziri olmuş Hemdullah Sübhi Tanrıöver, Türkiyənin 8-ci baş naziri, Türk Tarix Qurumunun sabiq prezidenti Şemsettin Günaltay, deputat, Demokrat Partiyasının qurucularından alim Fuad Köprülü, deputat, sabiq xarici işlər naziri Şükrü Saracoğlu, deputat, alim Besim Atalay və s. tanınmış şəxslərin təşkilatın fəxri üzvlüyünə qəbulu ilə bağlı olmuşdu.

Məmməd Sadıq Aran kimi tanınan Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, yazıçı-jurnalist, Azərbaycan siyasi mühacirətinin və mühacirət mətbuatının görkəmli xadimi Mirzə Məmmədsadıq Axundzadə artıq II Dünya müharibəsi ərəfəsində “mühacir şineli”ndən çıxmağa başlamışdı. 30-cu illərin əvvəlində Finlandiyaya gedən, orada İdil-Ural türklərinin uşaqlarını oxutmaq üçün məktəb açaraq müəllim və müdir vəzifəsində çalışan, “Yeni Turan” adlı qəzet buraxan Məmməd Sadıq Türkiyəyə dönməsinə ilk izin verilənlərdən idi.



1936-cı ildə İstanbula dönən Məmməd Sadıq II Dünya müharibəsi ərəfəsində Türkiyənin nüfuzlu "Ulus" və "Cümhuriyyət" qəzetlərinin İranda müxbiri kimi çalışmışdı. O, mühacirət mətbuatının fəal xadimlərindən biri kimi tanınmış, müxtəlif qəzet və məcmuələrdə çoxsaylı məqalələr çap etdirməklə yanaşı, "Yeşil yaprak", "Türk yolu", "Erkenekon yolu" məcmuələrinin naşiri və yaxud redaktoru olmuşdu. 30-cu illərin sonunda Azərbaycan Milli Mərkəzinə müxalif mövqedə olan Məmməd Sadıq “Ulus“ qəzetindəki yazıları “İrandan məktublar” başlığı altında dərc edilirdi. 1942-ci ildə İstanbulda “Sənan Azər” təxəllüsü ilə "İran türkləri" kitabını çap etdirmişdi. Kitabın birinci hissəsində İrandakı Azərbaycan türklərinin tarixi, ictimai-siyasi həyatları bəradə detallı bilgi verilir, ikinci hissə isə İrandakı Azərbaycan şairlərinə, dil, ədəbiyyat və mədəniyyət məsələlərinə həsr olunub (Sebahattin Şimşir. “Azerbaycan’ın istiklal mücadelesi”, səh. 130). Həmin kitab Türkiyənin yürütdüyü rəsmi siyasətə zidd sayılaraq İsmət İnönünün göstərişi ilə qadağan edilmişdi.

Məmməd Sadıq 1945–1946-cı ildə Cənubi Azərbaycanda başlayan milli-azadlıq mübarizəsini işıqlandıran və bu məsələdə keçmiş SSRİ-nin, Böyük Britaniyanın və Pəhləvi rejiminin Azərbaycan xalqına qarşı çevrilmiş siyasətini açıqlayan silsilə məqalələrin də müəllifidir.

Türkiyənin millətçi-türkçü çevrələrində sevilən Məmməd Sadıq Türk dünyası mövzularında “Yeni Kafkasya” (1923-1927), “Azeri Türk” (1928-1930), “Azerbaycan Yurt Bilgisi”, “Jana Milli Yul”, “Çığır”, “Gök-Börü”, “Kızılelma”, “Ötüken”, “Aras”, “Ocak”, “Toprak” kimi jurnallarda yazılar yazmış, müxtəlif konfraslarda çıxışlar etmişdir (“Mehmet Sadık Aran San’an”, Azerbaycan Dergisi, say 205, 1972, səh. 63-66.; Yaman Ertuğrul. “Türkiye’deki Türk Dünyası”, Ankara, 1988, s. 143-144).

Məmməd Sadıq 1946-cı ildən nəşrə başlayn “Şark yolu” qəzetində “S.Azər” imzası ilə məqalələr, “Sənan” imzası ilə şeirlər dərc etdirirdi. Bu, müəllifin jurnalistik fəaliyyətində məhsuldar bir dövr idi: Məqalələr Azərbaycan davası mövzusunda olmaqla yanaşı, Türkiyənin daxili siyasətinə də toxunurdu (“Millətlərin haqqı və məhkum türklərin davası”. “Şərq Yolu” qəzeti, il 1, sayı 1, 6 dekabr 1946; “Kommunist həyəcanlarına cavab”. “Şərq Yolu” qəzeti, il 1, sayı 4, 28 dekabr.1946-cı il; “Kamalimizin istismarı”. “Şərq Yolu” qəzeti, sayı 7, 18 yanvar 1947; “Sovet Rusiyasının Türkiyə dostluğu”. “Şərq Yolu” qəzeti, sayı 9, 1 fevral 1947; Burjua kommunistlər. “Şərq Yolu” qəzeti, sayı 10, 8 fevral 1947; “Tarixdən səhnələr: Azərbaycan-İran qovğası”. “Şərq Yolu” qəzeti, sayı 7, 18 yanvar 1947; “ Boğazda mehtap”. “Şərq Yolu” qəzeti, say 2, 1946; “Yaxınlaşma, yağı!”. “Şərq Yolu” qəzeti, sayı 3, 1946 və s.). O, 1944-cü ildə İstanbulda “Türkün altun kitabı: Kutadğu Bilig" əsərini dərc etdirib. Məmməd Sadıq 1961-ci ildə Ankarada qurulan Türk Mədəniyyətlərini Araşdırma İnstitutunun yaradılmasında iştirak etmişdi.

Türkiyədə “Mehmet Ali Resuloğlu” imzası ilə tanınan, Məhəmməd Əmin Rəsulzadənin əmisi oğlu, jurnalist, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü olan Məhəmməd Əli Rəsulzadəyə Avropadan Türkiyəyə qayıtdıqdan sonra dolanışığını təmin edəcək bir iş kimi CHP-də (Cümhuriyyət Xalq Partiyası) vəzifə verilsə də (Dos. Dr. Sebahattin Şimşir. “Türkiye’de Faaliyette Bulunan Azerbaycanlılar (1920-1991)”, səh. 182-184; Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild, səh. 310-311), Türkiyə siyasi həyatına tam mənada adaptə olunmamış, mühacir siyasətçi statusunda qalmış və 1952-ci ildən Ankarada nəşr olunan "Azərbaycan" jurnalında "M. A. Resuloğlu" imzası ilə məqalələr dərc etməyə davam etmişdi.

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Cümhuriyyətin sonuncu daxili işlər naziri Mustafa bəy Vəkilov (mühacirətdə: Vəkilli, Vəkiloğlu) isə Ankarada İllər Bankasında (Vilayətlər bankı) hüquq məsləhətçisi işləmiş və mühacir siyasətçi kimi fəaliyyətini davam etdirmişdi. 1932-1939 və 1939-1947-ci illərdə Azərbaycan Milli Mərkəzinin İdarə Heyətindən uzaqlaşan M. Vəkiloğlu 1953-cü ildə Azərbaycan Milli Mərkəzi yenidən təşkil olunanda İdarə heyətinin üzvlüyünə qayıdır, Rəsulzadənin köməkçisi vəzifəsini tutur ( Sebahattin Şimşir. “Azerbaycan’ın istiklal mücadelesi”, səh. 137-138).

“Prometey”, “Kurtuluş”, “Milli Yol”, “Türk İzi”, “Azerbaycan”, “Mücahit” jurnallarında bəzən “Mustafa Vekiloğlu”, bəzən də “Ali Mansur”, “Mustet”, “Mustafa” imzaları ilə Azərbaycan istiqlalı, sovet imperializmi, müstəmləkədə yaşayan millətlərin mübarizəsi mövzusunda məqalələr yazıb. Türkcədən başqa rusca, almanca, fransızca və polyakca da bilən Mustafa Vəkiloğlu Türkiyədə olduğu dövr İllər (Vilayətlər) Bankının hüquq işləri sevisində çalışaraq ailəsinin dolanışığını təmin etmişdi” (Vekiloğlu, Serpil, “Mustafa Vekiloğlu 1896 – 1.XI.1965”, Türk Kültürü S. 39, Ocak 1966; Şimşir, S., “Azerbaycanlıların Türkiye’deki Siyasi ve Kültürel Faaliyetleri” Ankara, 2001, s. 175).

Beləliklə, Türkiyə vətəndaşlığı olmayan azərbaycanlılar belə Türkiyədə siyasi-ideoloji mühitə ciddi təsir edə bilirdi. Bu, xüsusən də Sovet Rusiyası haqda yanlış təsəvvürlərin dağıdılmasında özünü göstərirdi. II dünya savaşından sonra isə soyuq müharibənin-ideoloji mübarizənin ön cəbhəsi məhz azərbaycanlı mühacirlər, azərbaycanəsilli Türkiyə siyasətçiləri üçün ayrılmışdı.

Q. Bayramov . C.Quliyev

P.S. Məqalə “Səməndər Sosial Araşdırmalar və İnformasiya Mərkəzi” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Türkiyədə çoxpartiyalı sistemin formalaşmasında iştirak etmiş azərbaycanəsilli siyasətçilər” adlı layihəsi çərçivəsində dərc olunub.


Xəbər 3679 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.11.2024  16:24 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +