29.10.2018 13:39
“İlk turun nəticələri İvanişvili üçün kabus oldu“ - Şahin Cəfərli
Gürcüstanda prezident seçkilərinin ilk turunun qalibi Gürcüstan dövləti və xalqının özüdür.
Əgər 2-ci tur da eyni şəkildə keçirilərsə, nəticələrə təsir edəcək kütləvi əyintilər baş verməzsə, şübhə yoxdur ki, bu, Gürcüstan demokratiyasının inkişafı və avroatlantik inteqrasiya istiqamətində, avropalı müşahidəçilər demişkən, irəliyə doğru böyük bir addım olacaq.
İlk turun ən önəmli siyasi nəticəsi budur ki, müxalifət 6 illik böhran və reqres vəziyyətindən çıxaraq "Gürcü Arzusu"nun dominantlığına son qoymaq gücündə olduğunu nümayiş etdirdi. Vahid Milli Hərəkat ötən müddətdə İvanişvilinin onu dəfn etmək cəhdlərinə, içəridən parçalanmalara məruz qalmasına baxmayaraq, hələ də müxalifətin lokomotivi olduğunu və yenidən iqtidar alternativi halına gəldiyini göstərdi. Liderlər və millət vəkillərinin böyük əksəriyyəti ayrılsalar da, partiya öz yerli strukturlarını böyük ölçüdə qoruya bildi, bu isə onu deməyə əsas verir ki, ölkənin ən ucqarlarına qədər təşkilatlanmaq və strukturlara malik olmaq vitrindən heç də az əhəmiyyət daşımır, hətta daha önəmlidir.
Qriqol Vaşadze Vahid Milli Hərəkatın liderliyində qurulan, 11 partiyadan ibarət "Güc birlikdədir" blokunun namizədi kimi mübarizəyə qoşulsa da, müxalifət ümumilikdə vahid namizəd müəyyən etməyərək yarışa ayrı-ayrılıqda qatıldı. Bu taktikanın özünü doğrultduğu ortadadır. İqtidarın namizədi 38,6% səs yığa bildi, başqa sözlə, seçicilərin 61%-dən çoxu qarşı tərəfdə yer aldı. Vaşadze və dünənə qədər Vahid Milli Hərəkatın liderlərindən olan Bakradze birlikdə 49% civarında səs aldılar, bu, ciddi uğurdur. Digər namizəd, 2,2% səs toplamış Zurab Caparidze də vaxtilə bu partiyada təmsil olunub.
"Gürcü Arzusu"na gəldikdə isə, onun yüksəliş trendinin dayandığını və ulduzunun sönməyə başladığını söyləmək mümkündür. Amma nəticələri hakim partiyanın iflası və çöküşü kimi dəyərləndirmək tələskənlik olardı. Çünki "Gürcü Arzusu" seçkidə öz namizədi ilə iştirak etmədi. Məsələn, namizəd İvanişvili və ya Kaladze olsaydı, şübhə yoxdur ki, Zurabişvilidən daha çox səs toplayacaqdılar, bəlkə də 50%-i keçə biləcəkdir. Bəs, iqtidar niyə öz namizədi ilə çıxış etmədi?
Seçki kampaniyasından əvvəl Qərb İvanişviliyə mədəni şəkildə mesaj verdi ki, seçkiyə öz namizədi ilə qatılmasın. Çünki son parlament seçkilərində "Gürcü Arzusu"nun konstitusion çoxluq qazanması Qərbi məmnun etməmişdi və İvanişviliyə açıq şəkildə dedilər ki, aşağıdan yuxarıya bütün seçkili orqanların və institutların sizin nəzarətinizdə olması demokratiyanın inkişafına xidmət etmir. İvanişvili bu mesajı aldı və gərəyini yerinə yetirdi.
Gürcüstanda prezidentin səlahiyyətləri məhduddur, icra səlahiyyətləri tamamilə baş nazirin və onun hökumətinin əlindədir. Bu baxımdan 2-ci turda Vaşadzenin qələbəsi ilə müxalifət hakimiyyətə gəlmiş sayılmayacaq. Amma prezident hər halda, prezidentdir, o, beynəlxalq aləmdə ölkəni təmsil edir, hökumətin razılığı ilə müqavilələrə imza atır, səfirləri təyin edir və məhkumları əfv etmək, əcnəbilərə vətəndaşlıq vermək kimi hüquqlara malikdir. Sonuncu iki məsələ Gürcüstan daxili siyasəti üçün çox önəmlidir, çünki Saakaşvili haqqında məhkəmə hökmləri var və o, ölkə vətəndaşlığını da itirib. Vaşadze seçilərsə, Saakaşvilini və həbsdə olan keçmiş baş nazir, polis sistemində radikal islahatların müəllifi Vano Merabişvilini əfv edəcək. Əlbəttə, hakim partiya konstitusion çoxluğundan istifadə edərək prezidentin bu səlahiyyətlərini əlindən ala, yaxud onun qərarlarını başqa şəkildə bloklaya bilər. Lakin bu cür konfrontasiya yolunun seçilməsi ölkədə gərginlik, vətəndaş qarşıdurması yaradacağı üçün riskli addım olar.
Prezident seçkilərində qələbə müxalifətin 2020-ci il parlament seçkilərində qələbəsinin əsasını qoya bilər və bu baxımdan da önəmlidir. Çünki qələbə psixoloji üstünlüyün müxalifətə keçməsinə, onun sıralarının genişlənməsinə səbəb olacaq, ən əsası isə insanlar ölkədə vəziyyətin dəyişdiyinə inanmağa başlayacaq. Bu baxımdan ilk turun nəticələri İvanişvili üçün kabus oldu.
Tablo göstərir ki, Vaşadzenin şansı daha yüksəkdir, çünki onun rezervləri daha çoxdur, nəinki rəqibinin. Artiq Bakradze ikinci turda Vaşadzeni dəstəkləyəcəklərini açıqlayıb. Usupaşvilinin də eyni qərarı verəcəyi gözləniləndir. Adı çəkilən namizədlər birlikdə 13,2% səs alıb, bu isə ikinci turda Vaşadzenin qələbəsi üçün yetərlidir. Düzdür, siyasətdə 1+1 heç də hər zaman 2 etmir, amma Vaşadzenin Caparidze və Natelaşvilinin də seçicilərinin müəyyən hissəsini özünə cəlb etmək imkanı var.
Ana dilində səlis danışa bilməyən, Rusiya ilə müharibədə öz ölkəsini günahkar bilən Zurabişvilinin isə antireytinqi yüksəkdir və iqtidar texnoloqları onun 2-ci tur ərəfəsində xalqa daha sevimli görünməsi, əlavə səslər cəlb edə bilməsi üçün xeyli tərləməli olacaqlar.
Şahin Cəfərli
Xəbər 2098 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|