“Qarabağ” ötən mövsüm Çempionlar Liqasındakı çıxışına görə UEFA-dan 16 milyon avro alıb. Azərbaycan futbolunun reallıqlarını nəzərə alsaq, kifayət qədər ciddi rəqəmdir.
Bəs “Qarabağ” bu vəsaiti nəyə xərcləyib? Komandanın heyəti gücləndirilməyib. “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmasında müstəsna xidmətləri olan Dino Ndlovu ilan dili çıxardıb yalvardı: xidmətlərimi nəzər alıb, məvacibimi azca qaldırın, burda qalım. “Yox, olmaz” dedilər.
İcarə əsasında komandaya cəlb edilən Pedro Enrikeni də saxlamağa lüzum görmədilər. Riçard Almeydadan da yaxa qurtardılar. Enrike ilə Almeydanı “Astana” qamarladı. İndi Avropa Liqasında “qan-qan” deyir Qazaxıstan təmsilçisi.
“Qarabağ” isə əvvəllər də bu klubda çıxış etmiş və heçə nə ilə yadda qalmamış Emeqaranı geri qaytardı. Hə, bir də, Yunanıstanda cəmisi bir məşqdən sonra dabanına tüpürüb qaçan Araz Abdullayevi qamarladı.
Deməli, əldə olunan 16 milyon avro, heyəti gücləndirməyə sərf edilməyib. Bəs onda hara xərclənib? Bəlkə, uşaq futboluna? “Qarabağ”da uşaq futbolu yoxdur. Bu, birmənalıdır. Komanda avrokuboklarda uğurlu çıxışın əsasını qoyanda, indi bığıburma olanlar o vaxt 11-12 yaşda idilər. “Rusenburq” üzərində qazanılan qələbədən sonra futbola maraq göstərən uşaqların sayı artdı. Əksəriyyəti də “Qarabağ” sevdalısı oldu. Hanı o uşaqlar? Bu illər ərzində “Qarabağ” kimi yetişdirib? Kimi yetişdirib ki, indi mövcud olmayan “Bakı”nın yetirməsi Mahir Mədətova möhtac qalıb? Deməli, vəsait uşaq futboluna da xərclənmir. Bəs hara xərclənir? Bunu bilmirəm. Bildiyim isə odur ki, nə oldusa, Qurban Qurbanov yığmanın baş məşqçisi təyin edildikdən sonra oldu. Elə ondan sonra Ndlovuya “yox” deyildi, Pedro, Almeyda saxlanılmadı.
Qurban Qurbanov AFFA prezidenti Rövnəq Abdullayevi qorumaq öhdəliyi götürdü üzərinə. Güman etdi ki, “Qarabağ”da yerlilərin mövqeyini möhkəmləndirib, yığma komanda ilə də uğur qazana bilər. Xeyli optimist imiş Qurban müəllim. Ola bilsin ki, Rövnəq Abdullayevdən ilə 1 milyon dollar alan hər kəsdə belə optimist əhval yaranar. Ola bilsin... O da ola bilsin ki, elə bu 1 milyon, adamı vadar edər ki, “Qarabağ”ın inkişaf perspektivini Rövnəq Abdullayevi qorumaq istəyinə qurban verəsən. Hər kəs seçim haqqına sahibdir. Qurban Qurbanov da bu seçimi etdi - “Qarabağ”ın inkişaf perspektivini Rövnəq Abdullayevi qorumaq istəyinə qurban verdi. Bizim isə Qurban Qurbanov kimi məşqçinin, “Qarabağ” kimi klubun itkisinə təəssüflənməkdən savayı alternativimiz yoxdur. Təəssüf...
Natiq Muxtarlı
Xəbər 1478 dəfə oxunub.