13.12.2023 16:26
Amerika Azərbaycana demokratiyanı, İran şiəliyi, Səudiyyə vəhhabiliyi... ixrac edir
Biri var. Əslində belələri minlərlədir. And-aman edir ki, 44 günlük müharibə zamanı Rusiya İran üzərindən Ermənistana silah göndərməyib. Bu, sionist İsrailin uydurmasıdır. Özü də bütün günü sosial şəbəkələrdə İranı təbliğ edir. Hələ Qurban Məmmədovu demirəm, Avropada oturub İranın təbliğatı üçün özünü öldürür.
Bilməyənlər varsa, bilsin. Nəyinki 44 günlük müharibə zamanı, hətta indi də İran üzərindən Ermənistana silah ötürülür. Sadəcə indi o silah Rusiyadan yox, Hindistandan gəlir. O gün Fransanın ingilisdilli "Le Monde diplomatique" qəzeti yazmışdı ki, Rusiya Ermənistana silah göndərmək üçün İrəvandan 400 milyon dollar alıb. Ancaq rəsmi Moskva vəd etdiyi silahları Ermənistana göndərmir. Çünki Ukrayna cəbhəsində Rusiyanın özünə silah lazımdır. Ukrayna müharibəsi olmasaydı, Rusiya hələ də Ermənistana İran üzərindən silah daşıyacaqdı...
“Dostum-qardaşım” dediyimiz Gürcüstan da Fransadan gələn silahı Ermənistana ötürür. Özü də özünü elə aparır ki, sanki elə belə də olmalıdır.
Bu məmləkətdə nə qədər itə-qurda nökərçilk edən var? Amerika, Fransa, Avropa, Rusiya, İran, hətta Çinə belə qulluq edirlər. Öz vətəninizi qoyub onun-bunun xidmətində niyə dayanmısız ki? Siz cəhənnəm, sizdən sonra ən azı sizin övladlarınız da Azərbaycanda yaşayacaq. Yoxsa övladlarinizin da ona-buna nökər olmasını istəyirsiz?
Bu dünyada hər birimiz üçün "öncə Azərbaycan" düşüncəsi hakim olmalıdır. Məsələn, “America First” (öncə Amerika) şüarı 1916-cı ildən amerikalıların dilinin əzbəridir. Bizdə niyə belə olmasın? Biz bu və ya digər ölkəyə Azərbaycana münasibətinə görə dəyər verməliyik. Yaxşıdırsa, ona qarşı yaxşı olmalıyıq, pisdirsə, biz də eyni yanaşma sərgiləməliyik...
Onu da deyim ki, Azərbaycanda bu və ya digər ölkəyə qahmar çıxmaq təzə söhbət deyil. Cəlil Məmmədquluzadə 1920-ci ildə qələmə aldığı “Anamın kitabı” tragikomediyasında bu problemi 3 qardaşın timsalında böyük ustalıqla ortaya qoyub. Böyük qardaş Rüstəm bəy Rusiyada, ortancıl qardaş Mirzə Məhəmmədəli İranda, kiçik qardaş Səməd Vahid isə Türkiyədə təhsil alıb. Sonrasın özünüz bilirsiz...
Əvvəl Azərbaycan əhli Rusiya, İran və Türkiyə arasında qalmışdı. İndi ortaya yeni oyunçular çıxıb. ABŞ, Avropa İttifaqı (Aİ), Çin, hətta ayrıca Fransaya qulluq edənlər də var...
Diqqət edin: Hazırda İran İslam inqilabını xaricə ixrac etməyə çalışır. Molla rejimi açıq şəkildə deyir ki, artıq 4 ölkəyə-Livan, İraq, Suriya və Yəmənə İranın mübarək bayrağını sancmışıq. Hələ bunun davamı da olacaq.
Səudiyyə Ərəbistanı vəhhabi düşüncəsini İslam Dünyasına yaymaq üçün milyardlar xərcləyir...
ABŞ-ın da öz dəyərlər sistemi var. Və amerikalılar təkid edirlər ki, bütün dünya Amerika dəyərlərini qəbul etməlidir. Rusiya və Çin də öz oyununu oynayır. Hər kəs deyir ki, mənim liderliyimi qəbul et, yəni mənim qulluğumda dayan...
Azadlıq və demokratiyanın bütün dünyaya ixrac oluna biləcəyi fikri qədim xəyaldır. Afina demokratları, fransız inqilabçıları və rus bolşevikləri əmin idi ki, onların yaratdığı yeni siyasi sistem bütün dünya xalqlarına bağışlanmaq üçün kifayət qədər əsasları var. Hitler Almaniyası faşizmi bütün dünyaya yaymaq üçün 60-70 milyon insanı qırğına göndərdi...
Hətta iyul ayında Çin Kommunist Partiyasının (ÇKP) yüksək vəzifəli məmurları qarşısında çıxışında Çin lideri Si Cinpin bəyan etdi ki, Çin partiyanın qazandığı uğuru dünyanın qalan hissəsi ilə bölüşmək üçün daha çox iş görməlidir. Həm ölkənin, həm də partiyanın beynəlxalq təsirini artırmaq üçün Si Cinpin bildirdi ki, Çin rəsmiləri xaricdə Çinin avtoritar idarəetmə modelinin fəzilətlərini tərifləməlidirlər. Özü də Çində sadəcə belə söhbətlər etmirlər. Ortada Çin modelinin qismən tətbiq olunduğu Zimbabve və Venesuela var. Çin də ABŞ kimi öz idarəçilik sistemini başqa ölkələrə transfer etməkdə israrlıdır...
Onu da deyim ki, hər hansı bir ideologiyaya söykənən ölkənin həmin ideyanı digər ölkələrə yaymaq istəyi son yüzüilliklərin məhsulu deyil. Məsələn, Platonun bizim eradan 360 il əvvəl qələmə aldığı “Respublika” əsərində demokratiyanın ətraf ölkələrə ixracına açıq çağırış var.
Bu kimi iddialı ölkələr öz ideologiyalarını başqalarına hansı yolla sırımaq istəyirlər? Bu sualın da cavabı qoca dünyaya çoxdan məlumdur. Əsasən pul-para, şirnikləndirmə yolu ilə məqsədə çatmağa çalışırlar.
Hal-hazırda dünyada dominantlıq edən Amerika öz dəyərlərini başqa ölkələrə necə yayır? Bu kontekstdə Amerika nümunəsini nəzərdən keçirəcəyik. Məsələn, Serbiyanın 1-ci prezidenti Slobodan Miloşeviçi (1991-1997) daha sonra Yuqoslaviyanın III prezidenti (1997-2000) oldu. Qərb onu devirmək üçün 1999-cu ildə hərəkətə keçdi. 2000-ci ilin oktyabrında, yəni 18 ay sonra Slobodan Miloşeviç iqtidardan qovuldu. İndi Qərb mediası yazır ki, o vaxt ABŞ və Aİ Serbiya müxalifətinə 80 milyon dollar maliyyə dəstəyi ayırmışdı. Bu mailiyə dəstəyi indi Azərbaycanda adı tez-tez hallanan USAİD (ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi. 1961-ci ildə yaradılıb) və National Endowment for Democracy (NED) (Demokratiyaya dəstək üçün milli fond. 1983-cu ildə yaradılıb) üzərindən həyata keçirilib. Onu da deyim ki, 23 il əvvəlin 80 milyon dolları indinin 800 milyon dolları kimi bir şeydir...
USAİD haqqında onu da deyim ki, bugünlərdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev bu təşkilatın sədri olan Samantha Jane Power-əni (1970) X şəbəkəsində ciddi şəkildə tənqid etmişdi. Çünki bu təşkilat təkidlə Qarabağ ermənilərinin köçü üzərindən Azərbaycanın daxili işlərinə qarışır...
1993-cü ildə isə biznes maqnatı Corc Soros Açıq Cəmiyyət Fondlarını yaratdı. Yuqoslaviyanın dağılmasında yəhudi əsilli amerikalı milyarderin böyük xidmətləri var. O, bu məqsədlər üçün 150 milyon dollardan çox vəsait xərcləyib...
ABŞ NED, USAID, CIA, Freedom House və Soros fondları bütün dünyada “demokratiya ixracını” təşviq etməkdədir. Bu kimi fondlarla yanaşı ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) və Böyük Britaniyanın Gizli Kəşfiyyat Xidməti (ing.Secret Intelligence Service) və yaxud məşhur adı ilə MI6) rejim dəyişikliyi sahəsində böyük təcrübəyə malikdirlər. Tarixdən bəllidir ki, 1953-cü ildə Britaniya və Amerikanın Qacarlar nəslindən olan İranın baş naziri Məhəmməd Müsəddiq (1952-1953) hökumətini devirdilər. Xalqın istəyi ilə iqtidara gəlmiş Məhəmməd Müsəddiqi niyə devirdilər? Çünki o, Britaniyanın İranda ələ keçirdiyi neft yataqlarını milliləşdirməyə cəsarət etmişdi...
Gürcüstanda 2003-cü ildə dövlət başçısı Eduard Şevardnadzenin istefa verməyə vadar edən Qızılgül inqilabı da Amerikanın əl işidir. Amerika 2004-cü ildə Mixail Saakaşvilini iqtidara gətirdi. O, 2013-cü ilə qədər Gürcüstan prezidenti oldu. 2018-ci ildə o, Tiflisdə zindan atıldı. Hələ də həbsdədir və ABŞ da, Aİ də sanki Mixail Saakaşvilini unudub, yəni Qərbin bu üzü də var...
Amerikanın qızışdırdığı Mixail Saakaşvili 2008-ci ilin fevralında separatçı Şimali Osetiyanı ram etmək üçün müharibəyə başladı. Rusiyanın Şimali Osetiyanın müdafiəsinə qalxması Gürcüstana çox baha oturdu...
“The Wall Street Journal ”sonralar etiraf etdi ki, Gürcüstandakı Qızılgül inqilabını Amerika və digər Qərb fondları həyata keçirib. Bu işdə də Corc Sorosun böyük əməyi var. O, təkbaşına Gürcüstandakı “inqilabçı”lara 2003-cü ilin avqustundan oktyabrına kimi 42 milyon dollar buraxdı.
1999-cu ildə ABŞ Konqresi Cənubi Qafqaz və Mərkəzi Asiyada Amerikanın maraqlarını qorumaq və Amerikanın iqtisadi təsirini artırmaq üçün hərəkətə keçdi. Rusiya, İran və Çinin bu regionlarda ambisiyalarına qarşı çıxmaq üçün İpək Yolu Strategiya Aktı qəbul olundu. Bu akt Qafqaz və Mərkəzi Asiya ölkələrinin Amerikaya böyük miqdarda neft və təbii qaz verə biləcəyini qeyd edirdi. Bu isə ABŞ-ın Yaxın Şərq resurslarından asılılığını ciddi şəkildə azalda bilərdi...
Gürcüstanda baş verən Qızılgül inqilabından sonra 2004-cü ilin noyabr-dekabr aylarında Ukraynada Narıncı inqilab baş verdi. Ukrayna prezidentliyinə namizəd Viktor Yuşenkonun tərəfdarlarının digər namizəd Viktor Yanukoviçin qeyri-qanuni prezident elan edilməsinə qarşı keçirilən etiraz aksiyaları bütün ölkəni bürüdü. Yenə Corc Soros, Freedom House, Polşa-Amerika-Ukrayna Əməkdaşlıq Təşəbbüsü, USAİD və Demokratiyaya dəstək üçün milli fond ön sırada idi. Onlar Viktor Yuşenkonun tərəfdarlarına ciddi maliyyə dəstəyi verdilər. Bunlar öz yerində. Rəsmi məlumat isə belədir ki, yalnız Buş (oğul) administrasiyası 2003-2004-cü illərdə Viktor Yuşenkonun tərəfdarlarına 65 milyon dollar ayırıb.
ABŞ senatoru Con Makkeynin (o, ermənilərin əsas müdafiəçilərindən biri kimi şöhrət qazanmışdı) nəzarət etdiyi Beynəlxalq Respublikaçılar İnstitutu da Yuşenkonun kampaniyasına sponsorluq edirdi. Yuşenkonun həyat yoldaşı Katerina Yuşenko Amerika vətəndaşıdır və o, 1980-ci illərdə Ronald Reyqanın prezidentliyi dövründə Ağ Evdə İctimai Əlaqələr Bürosunda işləyib. Yuşenkonun özü ifrat sağçı “Heritage Foundation” analitik mərkəzdə, həyat yoldaşı isə “Yeni Atlantika Təşəbbüsü” neokonservativ beyin mərkəzinin direktoru vəzifəsində çalışıb...
2018-ci ildə Con Makkeynin ölümündən sonra Soros yazdı ki, o, “repressiya və işgəncələrə qarşı duran insan haqları uğrunda cəsur döyüşçü” idi. Soros unudub ki, Makkeyn ABŞ-ın Əfqanıstan, İraq və Liviyaya qarşı başladığı müharibələrin əsas təbliğatçısı olub. Orasını da biləsiz ki, 1991-ci ildən 2011-ci ilə qədər Soros fondları Şərqi Avropa dövlətlərinə və keçmiş Varşava Müqaviləsi ölkələrinə 976 milyon dollar ayırıb.
Soros 2014-cü ildə CNN telekanalına müsahibəsi zamanı 1989-cu ildə Polşa və Çexoslovakiya kimi dövlətlərdəki müxaliflərə hələ Varşava Müqaviləsi üzvü olduqları vaxt pul ayırdığını bildirib. Soros etiraf edib ki, Ukrayna Sovet İttifaqından ayrılmazdan əvvəl o, Ukraynada da eyni işi görüb. O da sirr deyil ki, Qərbin təzyiqinə baxmayaraq Viktor Yanukoviçin (2010-2014) iqtidara gəlişi qaçılmaz oldu. Soros fondu “2013-cü ilin noyabrından sonra Maydan hərəkatına start verdi və Viktor Yanukoviçin devrirdi.
Cənab Soros 19 milyard (!) dollardan çox vəsaiti olan Open Society Foundations (OSF) agentliyi vasitəsilə Qloballaşmanın dünyada yayılması üçün siyasi proseslərə maliyyə dəstəyi verir. O, son 30 ildə qloballaşmanı sürətləndirmək və bütün dünyada milliyyətçi dəyərləri zəiflətmək üçün hər cür səy göstərib. 2019-cu ildə “The New York Times” qəzetinə müsahibəsində cənab Soros deyir ki, düşmənlərimə görə çox qürurluyam. Bütün diktatorları və potensial diktatorları özümə düşmən bilirəm. Qəzet yazır ki, Corc Soros dünyanın 120 ölkəsində demokratiyaya dəstək verib. Yəni 120 ölkənin daxili işlərinə qarışıb. O da maraqlıdır ki, cənab Soros Donald Tarmpı da düşmənləri sırasında görür, halbuki cənab Trampı Amerika xalqı prezident seçmişdi...
Cənab Soros Çini Qərbin “yağı düşmən”i hesab edir: “Biz bunu başa düşməliyik ki, bu, fərqli bir sistemdir. Bu, bizim sistemə tamamilə, özü də diametral şəkildə ziddir". Cənab Sorosun düşüncəsinə görə Çindəki avtoritar sistem Qərb sisteminə zidd olduğuna görə məhv edilməlidir.
Qərbin həyata keçirdiyi Ərəb baharı kimi tanınan etiraz dalğası 2010-cu ilin dekabrına təsadüf edir. İlk qiyam 18 dekabrda Tunisdə başlamış və 1987-ci ildən hakimiyyətdə olan dövlət başçısı Zeynalabdin ben Əlinin ölkəni tərk etməsi və onun qurduğu siyasi sistemin çökməsi ilə nəticələnmişdir. Tunis İnqilabının qələbəsi digər ərəb ölkələrində — Misir, Yəmən, Əlcəzair, Suriya, İordaniyada da kütləvi nümayişlərə gətirib çıxardı. 1981-ci ildən iqtidarda olan Hüsnü Mübarək 2011-ci ildə hərbi çevriliş nəticəsindən iqtidardan getdi.
Bəşər Əsəd rejiminin devrilməsinə göstərilən cəhdin arxasında da Amerikanın maraqları dayanırdı. Belə ki, Nabucco qaz kəmərinin bir hissəsi Suriyadan keçməli idi. Məqsəd o idi ki, Avropanın Rusiyadan qaz asılılığı azaldılsın. Layihənin əsas xammal tədarükçüsü Azərbaycan, Türkmənistan və Misir olacaqdı. İran və Rusiyanın təkidli tələblərini nəzərə alan Suriya buna imkan vermədi. Amerika da Suriyanı xaraba qoydu. Hələ də Suriya özünə gələ bilmir...
Siyasi analitik Moniz Bandeira deyir ki, Amerika iki sütunun üzərində dayanıb: NATO və ABŞ-nin Mərkəzi Bankı səlahiyyətində olan Federal Ehtiyat Sistemi (FES) (daha çox FED olaraq tanınır. 1913-cü ildə yaradılıb). NATO-ya üzv olan ölkələr Vaşinqtonun təlimatları ilə idarə olunur. FED isə bütün dünyanı dolların əsarətində saxlamaqla məşğuldur. FED Deutsche Bank, Barclays və BNP Paribas kimi Avropanın böyük bankları ilə ciddi əlaqələri var. Həmçinin enerji nəhəngləri olan ExxonMobil, Chevron, Royal Dutch Shell və British Petroleum (BP) da FED ilə sıx əlaqədədir.
Federal Ehtiyatlar Sisteminin ən güclü qolu Nyu York Federal Ehtiyat Bankıdır. Bu bank uzun müddətdir ki, 8 ailənin nəzarəti altındadır. Bu sülalələrdən yalnız 4-ü əsasən Amerika mənşəlidir. Bunlar Qoldman Saks, Rokfeller, Lehman Qardaşları və Kuhn Loebdir. Digər 4-ü Paris və Londondakı Rotşildlər, Almaniyadan Varburqlar, Fransadan Lazardlar və Britaniyadan İsrail Moses Sieff bu banka nəzarət edir. Bu ailələr dünyanın ən varlı ailələridir, elə dünyanı da bunlar idarə edirlər. Yəni Amerika demokratiyası deyilən nəsnə əslində böyük kapitalın qulluğunda müntəzir dayanıb...
XIX əsrdə yaşamış alman əsilli bankir Anselm Rotşild belə demişdi: “Mənə millətin pulunu idarə etmək səlahiyyətini verin, o zaman qanunları kimin qəbul etməsi məni heç ilgiləndirməz də”. Fakt budur ki, Amerika demokratiyasında pul qanundan üstün bir şeydir. Ona görə də Amerika beynəlxalq qanunlarla heç vaxt hesablaşmır. Halbuki o qanunların böyük əksəriyyətin özü öz əli ilə yazıb...
Son vaxtlarda Amerika Azərbaycana təzyiqləri artırıb. Niyə artırıb? Bəziləri deyir ki, ermənilərə görə. Məncə, bu yanlış fikirdir. Ermənilərə görə olsaydı 44 günlük müharibədə Amerika susmazdı. Sentyabrda baş verən 24 saatlıq anti-terror əməliyyatına və onun Qarabağ erməniləri üçün fəlakətli nəticəsinə etiraz edərdi. Söhbət Zəngəzur dəhlizinə nəzarətdən gedir. Əslində bu məsələyə görə Amerika Azərbaycana yox, Rusiyaya etiraz etməlidir...
Nəsə, Vaşinqton Azərbaycanı ölkəmizdəki “Amerikanın uşaqları”nın əli ilə total korrupsiya və rüşvətxorluqda ittiham edir. Sirr deyil ki, Azərbaycanın bu sahədə həqiqətən də ciddi problemləri var. Əlbəttə, Amerikanın Azərbaycan xalqına ürəyi yandığına görə yox, Zəngəzur dəhlizi məsələsinə görə bu kimi bəhanələrlə üstümüzə yeriyir. Paradoksal olan həm də odur ki, korrupsiya və rüşvətxorluq baxımından Amerikanın özü də nümunəvi ölkə deyil. Gələn yazımda bu məsələ haqqında daha ətraflı bəhs edəcəm...
Elbəyi Həsənli. Sürix
Xəbər 1781 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|