12.11.2023 08:51
Sənə nifrət edənlərdən də... - Oğlu Mirşahindən yazdı
İzn verin, bu bozarmış dünyanın rəngsiz duyğularına qarışan adamlardan, solğun fikirlərdən sıyrılıb bir-iki kəlmə də mən danışım. Ki, məsələn, nə deməkdir övladlıq və necə duyğudur məsuliyyət? Ancaq bir qədər əvvələ qayıtsaq, adım Mir Çingizdir. Bəli, məhz Mir Çingiz. Hər nə qədər şəxsiyyət vəsiqəmdə Mirçingiz yazılsa da, fərz edin, heç yazılmayıb. Jurnalist ailəsində göz açmışam. Aid olduğum hər iki nəsil kitabxanalara sahib insanlardır. Atamın anası da, anamın atası da göz nurunu kitab vərəqlərinə bəxş edib. Balkona bitişik otağımızın pəncərəsi atamın kitab kolleksiyasının yarısından ibarətdir. Digər yarısını o, özüylə aparıb. Və böyüyüb atamlaşdıqdan sonra həmin boşluğu yenidən doldurmuşam. Gördüyünüz kimi, mənim də kitabxanam var. İşim-gücüm oxumaq və yazmaqdan ibarətdir.
Dedim axı, jurnalist ailəsində doğulmuşam. 11 yaşımda önümə qoyduğum məqsəd gah müxbirlik, gah aparıcılıq, gah layihə rəhbərliyiydi. Möhtərəm oxucu soruşa bilər ki, öz hədəfin olmayıbmı? Əlbəttə olub. Məsələn, hələ jurnalistliyin mənasını qavramazdan öncə 12 vərəq dəftərlərdə qəzet düzəldər, jurnal hazırlayar, güya kitablar çap edər, hər bayram günü otağın qapısını kilidləyib "studiya" qurar, beləcə, anamla qardaşımı qonaq çağırardım. Atamı çox tapmazdıq evdə. Mütəmadi çalışar, çalışar və çalışardı. Bəzən gecəyarı qonaq otağını bürümüş göyümtül işıqdan ötrü oyanardım. Hənirtisizcə çıxardım dəhlizə və görərdim, atam məqalə hazırlayır - Hesabat üçün. Sənədli filmlər üçün. Yaxud gecəyarı zəng edərdi hansısa əməkdaşa: O adama əlli dəfə tapşırmışdım ki, kadrı dəyişsin! Hara baxır bu uşaqlar? Yığışdırın efirdən. Dərhal!
Sonra yenə səssizlik. Qapının cəftəsi dartılır. Və kilidin keçinmə səsi duyulur. Gecədir. Yatmaq vaxtıdır. Amma möhtərəm oxucu soruşmaq istəsə ki, "Bəs axı, bu söhbətin övladlıq hissinə nə dəxli var?", izah edə bilərəm: Mən övladlığı kitablarla, tənqidlərlə və təltiflərlə öyrənmişəm.
Təltiflər beşinci sinifdən bəri otağımızı bəzəyən mükafatlardı. Kitablar özümkülərdən doyub atamın qardaşıma aldığı bədii əsərləri oxumağımın obrazıdır. Tənqidlərsə məni həm övlada, həm insana, həm də jurnalistə çevirən hadisənin təzahürləridir. Məsələn, babam deyərdi, oğulsan, halal olsun! Nə gözəl şeirdi! Qürurlanar, fəxr edər, öpərdim babamın yanaqlarından. Söz yox, saqqalı dalayardı burnumu. Ancaq yenə də sevərdim boynunu qucaqlamağı. Fəqət elə ki, atamın yanına gələr və şeiri ucadan deyərdim, vəssalam, başlayardı tənqid atəşi! - Bala, bu cümlədə nə demək istəmisən? Məqsədin nədir? İnversiya nəyə lazımdır? Pehmən cümləni yerli-dibli silmək lazımdır. Uşağı tərifləməyin.
Bax, budur övladlıq məsuliyyəti: tərifsizlik arzusu və tənqid yanğısı. Məni jurnalist edən ilk meyar atamın tənqid atəşiydi. Ki, hələ də sönmək bilmir. Sözsüz, hər övlad atasını yenilməz qəhrəman sayır və bu təxəyyül məhsulu o vaxtadək böyüyür ki, körpə, atasının adi insan olduğunun fərqinə varır. Mən varmadım ancaq. Əksinə, zaman keçdi, il dolandı, üzüm yüngülvari qırışdı, hətta saçlarımdakı sarı-qırmızı tellər də ağarmağa başladı, təkcə o mübhəm adiliyin şahidi olmadım! Və bunun yerini zamanla ruhuma sirayət etmiş qeyri-adi özgüvən doldurdu. Fərq etmir, biz söhbətləşirik, dərdləşir, görüşürük, ya yox. Çevrilmə! Qonaqlarla birgəyik. Kənddə. Ətrafımızda xoş rayihə dolaşır. Kənd evlərinin hüzurunu bilməyən olmaz. Təbiətin çulğayan diriliyi fonunda əyləşib domino oynayırıq. Hardansa bir nəfər kimliyimlə maraqlanır və dərhal da təbəssümümdən tanıyır məni.
- Oxşayırmış...
Xarakter?
Hə, bax, bu məqamda təbrikdən daha çox təşəkkürlərə ehtiyacım var. Çünki xarakterimin böyük qismi mənə ondan miras qalıb. Səsi, jestləri, mimika və təbəssüm edərkən burun kənarında yaranan o şırımlar kimi. Nə isə. Bura qədər yazdıqlarımın məramını anlamaq çox çətin olmamalıdır. Hər halda Kafkadan daha möhtəşəm məktublar yazmaq iqtidarına sahibəm. Təvazökarca görünməsə belə, mən, öz xislətimlə qürur duyuram. Misal, bilirəm, əlimdən hər şeyimi alsalar, içimdəki bu sonsuz güc ən dibdən qaldırıb ən yüksək nöqtələrin fatehinə çevirəcək məni. Necə ki, atamı çevirib və necə ki, onun çatdığı bütün zirvələr mənim "keçilməz"lərimi yoxa çıxarır. Önümü açır.
"On bir" adlı hekayəm gəlirmi yadına, Ata? Oxuyar-oxumaz zəng etmiş və reanimasadakı oğluna, mənə demişdin: Bala, elə bil ki, bu hekayəni ad gününə təbrik postu kimi mən yazmışam. Və dərhal da paylaşmışdın. Hətta bir gün ölkənin ən möhtəşəm televiziyasını qursam belə, söz verirəm, həmin cümlələrini heç bir oğulun öz atasından eşitmədiyi bir biçimdə qoruyub saxlayacam qulaqlarımda. Lap balaca uşaqlar kimi! Məsumca və təmənnasız... Noyabrı mənə cəmi iki adam sevdirib: Atam və qardaşım. Ki, an etibarilə atamın 60 illik yubileyidir. İşə bir bax! Hər oğulun rastlaşmağa məcbur olduğu həqiqət yerinə gör mənə hansı xəbəri çatdırırlar?
- Atan təltif olunub. Birinci Dərəcəli. Bax bu!
Birinci dərəcəli - Müqayisələr içində ən kritik məqam!
Vətənə xidmət - Övladlığın ilk şərti. Vətən oğlu olmağın məramı və nəticəsi!
Orden - Ömürlük məsuliyyətin möhürləşən meyvəsi! Necə ləzzətlidir...
Bilirsən, ən qəribəsi nədir, Ata?
Az qalsın, ətrafımdakı bütün jurnalistlərdən, hətta sənə nifrət edənlərdən də yenə səni öyrənirəm və bu, möhtəşəmdir. Doğum günün qədər möhtəşəm...
Təbrik edirəm, Birinci Jurnalist! Bütün çətinliklərə, bütün tənqidlərə, bütün kölgələrə, bütün işıqlara, bütün kədər və bütün sevinclərə rəğmən, yaxşı ki, altmış yaşın zirvəsinə çevrildin. Varsan və dirisən! Nə yaxşı ki!
Mirçingiz Ağazadə
2023.11.12
Xəbər 1309 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|