26.12.2019 15:32
Viskidən zəhərlənib ölən polislərlə bağlı cinayət işi açıldı
Qida təhlükəsizliyi sahəsində şəffaflığın, dürüstlüyün təmin edilməsi məqsədilə strateji dövlət idarəetməsinin prinsiplərinə uyğun olaraq, bu sahədə yol verilmiş qanun pozuntularının qarşısının alınması və aşkar edilmiş hüquqpozmalarına qarşı mübarizə istiqamətində Qida Təhlükəsizliyi Agentliyi ilə Baş Prokurorluq tərəfindən kompleks, sistemli və ardıcıl tədbirlərin görülməsi davam etdirilir.
Səhiyyə Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərindən XəzərNews.az-a daxil olan birgə məlumata görə, Bakı şəhər sakinləri Sərxan Bayramovun dekabrın 23-də, Mustafa Mustafayevin isə dekabrın 24-də «zəhərlənmə» diaqnozu ilə xəstəxanaya daxil olaraq vəfat etmələri, Cəlal Həmzəyev, Sənan Teymurov, Elvin Teymurov və Nurlan Nəbiyevin isə zəhərlənərək xəsarət almaları faktları ilə bağlı cinayət işi açılıb.
Cinayət Məcəlləsinin 200.4 (istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 213-1.1(aksiz markası ilə markalanmalı olan məhsulları (malları) belə marka olmadan xeyli miqdarda satma, satış məqsədi ilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla iş üzrə istintaqın aparılması Bakı şəhər prokurorluğunun İstintaq idarəsinə tapşırılıb.
Rəsmi məlumata görə, aparılmış istintaqla zəhərlənərək vəfat etmiş Sərxan Bayramovun, zəhərlənərək xəsarət almış Cəlal Həmzəyev, Sənan Teymurov, Elvin Teymurov və Nurlan Nəbiyevin paytaxtın Nəsimi rayonu, Tbilisi prospektində yerləşən «Baku City» restoranında, vəfat etmiş Mustafa Mustafayevin isə paytaxtın Binəqədi rayonu, Ə.Rəcəbli küçəsi 251 ünvanında yerləşən «Everest» restoranında qəbul etdiyi və zəhərlənmələrinə səbəb olmuş «Chivas Regal 12» markalı spirtli içkilərini «Baku City» restoranının müdiri Füzuli Alıyev və sonuncunun tanışlığı ilə «Everest» restoranına Xəyal Cəfərovun ucuz qiymətə satmasına əsaslı şübhələr müəyyən edilib:
“İstintaq zamanı X.Cəfərovun spirtli içkiləri hazırladığı və icarəyə götürdüyü paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsində icarəyə götürdüyü iki mərtəbəli evə baxış keçirilən zaman, orada 2 ədəd “Chivas Regal 12” adlı boş viski şüşəsi, 9 ədəd satış üçün nəzərdə tutulmuş qaydada qablaşdırılmış halda “Kremlevskie Kuranti Premium” araqlarının boş şüşələri, 8 ədəd araq və viski spirtli içkilərinin qarışdırılmaqla hazırlanması və sonradan ayrı-ayrı boş şüşələrə doldurulması üçün istifadə edilmiş 5 litr həcmli içərisində araq və viski qalıqları olan plastmas qablar, çoxsaylı araq və viski spirtli içki şüşələrinin qapaqları, şüşələrin üzərində vurulan qapaq və etiketlərin bərkidilməsi üçün istifadə edilmiş 4 ədəd hava fen və digər əşyalar aşkar edilərək maddi sübut kimi götürülüb”.
Bundan başqa, X.Cəfərovun istehsal etdiyi spirtli içkilərin boş şüşə və qapaqlarını aldığı Səxavəddin Həsənova məxsus Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 161a ünvanında olan anbara baxış zamanı orada “Chivas Regal 12”, “Chivas Regal 18”, “Chivas Regal 21”, “Jameson”, “Grands”, “Jack Daniels” adlı və s. viski, “Nemirov”, “Ruskiy Standart”, “Belyuga”, “Grey Gouse”, “Minsk”, “Qu Quşu”, “Region”, “Grey Cardinal” adlı və s. araq, “Patron”, “Olmega”, “Siera”, “El Chapo” adlı tekila, “Henessy” və “Remy Martini” konyak və başqa növdən olan 10 min ədəddən artıq spirtli içkilərin öz qutularında, səliqəli şəkildə qapaqları ağızlarına taxılı vəziyyətdə boş şüşələri, həmçinin müxtəlif növ spirtli işçilərin qablaşdırılması üçün nəzərdə tutulmuş qapaqları aşkar olunub.
“Götürülmüş içki və qidalardan müvafiq nümunələr Qida Təhlükəsizliyi Agentliyinə təqdim olunmuş, həmçinin spirtli içkilərin keyfiyyətinin müəyyən edilməsi üçün məhkəmə fiziki-kimyəvi, içkilər üzərindəki aksiz markalarının saxta olub-olmamasının müəyyən edilməsi məqsədi ilə məhkəmə sənədlərin-texniki ekspertizası, eləcə də məhkəmə-tibbi ekspertizaları təyin edilmiş və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.
Cinayət işi üzrə Füzuli Alıyev Cinayət Məcəlləsinin 213-1.1 və 314.2-ci, Xəyal Cəfərov isə həmin məcəllənin 200.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar.
Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılaraq təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilməsi və məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən olan qanunazidd hallarla üzləşən ölkə vətəndaşları və sahibkarlara müraciət edərək Bakı şəhər prokurorluğunun 498-10-54 nömrəli telefon və ya Qida Təhlükəsizliyi Agentliyinin 1003 saylı “Qaynar xətt” əlaqə mərkəzinə məlumat vermələrini xahiş edir.
Qida təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının pozulmasına yönəlmiş qanun pozuntularının qarşısının alınması istiqamətində bundan sonra da ən ciddi tədbirlər görüləcək”, - deyə məlumatda bildirilib.
Xəbər 1370 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|