14.11.2017 16:17
Mətbuat Şurasından xəbərdarlıq
Azərbaycan Mətbuat Şurasının «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasının 8 noyabr 2017-ci il tarixli iclasından sonra adlarının «qara siyahı»ya əlavə edilməsi tövsiyə olunan kütləvi informasiya vasitələrinin bir qrupu tərəfindən Şuranın İdarə Heyətinin üzvlərinə qarşı xoşagəlməz kampaniyaya start verilib. Bu kampaniyaya adları «qara siyahı»da yer alan bəzi informasiya orqanlarının qoşulması da diqqət çəkməkdədir.
Bu barədə XəzərNews.az-a Mətbuat Şurasından (MŞ) verilən məlumatda qeyd edilib. Bildirilib ki, MŞ təmsilçiləri barədə qərəzli, həqiqətə uyğun gəlməyən materiallar, hədələyici anonslar yayımlanmaqda, müxtəlif sosial şəbəkələrdə paylaşılmaqda, real və saxta profillər vasitəsi ilə verilən şərhlərdə böhtanlara, açıq təhqirlərə üstünlük verilməkdədir.
Mətbuat Şurası daha sonra bəyan edib:
"Azərbaycan Mətbuat Şurası bildirir ki, "qara siyahı”ya daxil edilmə peşə prinsiplərinə laqeyd yanaşan, onları mütəmadi pozan, tövsiyyə və iradlara məhəl qoymayan, ümumən etik dəyərlərə zidd davranış və hərəkətlərə yol verən KİV-lərə qarşı ictimai məzəmmət və ictimai qınaq tədbiridir. Şura qurumun Nizamnamə tələblərini rəhbər tutaraq mediada hədə-qorxu və şantajla müşaiyyət edilən yazıları və ya məqalələri qarşı tərəfə - hüquqi, yaxud fiziki şəxsə təsir vasitəsi sayır. Buna görə də «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyası çıxardığı məlum rəyində tam haqlıdır. Təəssüf ki, bəzi KİV-lər və onların jurnalist adına iddia edən rəhbərləri məsələnin mahiyyətini düzgün qiymətləndirməyəcək qədər bəsit fəaliyyət yolundan əl çəkmirlər.
Komissiya rəyə gələrkən həmçinin peşə fəaliyyəti, yaradıcılıq xüsusiyyətləri şikayət(lər) doğurmuş KİV-lərin yazılarında tənqid obyektinə çevrilmiş şəxslərə münasibətdəki forma və metodları əsas götürüb. Bu forma və metodlar isə tam spekulyativ təbiətə malikdir.
Guya şəhid ailələrinin hüquqlarını qorumaq, hansısa ədalətsizliyin qarşısını almaq məqsədi ilə onların adından ölkə rəhbərliyinə aramsız müraciətlərin yayımlanması, eyni şəxslərin hədəfə götürülməsi (bəzən barələrində bir gündə iki və daha çox materialın yayımlanması), özlərinə yaxın media vasitələri ilə "korporativ həmrəylik” (eyni şəxs barədə beş-on saytda eyni materialın yayımlanması), müəyyən təmənna müqabilində məsələni həll etmə imkanlarının mövcudluğuna dair tənqid obyektlərinə ünvanlanan açıq və qapalı eyhamlar, qanunsuz tələblərin yerinə yetirilməsi üçün şikayət müəllifləri kimi göstərilən şəxslərlə sövdələşmələr, milli ayrıseçkilik zəminində ittihamlar və sair belə yarıtmazlıqlar kifayət qədərdir. Bütün bunlar əslində "reket” sözünə sırf hüquqi prizmadan yanaşmaq üçün də ciddi əsaslar yaradır.
Mətbuat Şurasının fəaliyyəti timsalında Azərbaycan mediasının saflaşmasına yönələn işlər eyni zamanda ictimai əhəmiyyətlidir. İndiyədək həqiqi qələm sahibləri, peşənin təəssübünü çəkən jurnalistlər tərəfindən prosesə böyük dəstək göstərilib. İnanırıq ki, bu dəstək bundan sonra da olacaqdır. Hədə-qorxu mesajları ünvanlayanlar, təhqir və böhtan yağdıranlar isə anlamalıdırlar ki, Şura onlarla mübarizədə həm geniş cəmiyyətin dəstəyinə, həm də qanunçuluğun gücünə arxayındır.
Mətbuat Şurasının üzvlərinə münasibətdə nalayiq davranışlar bütövlükdə bu qurumu formalaşdıran həqiqi peşə sahiblərinə, təəssübkeş qələm əhlinə, media cameəsinin daşıdığı bəşəri dəyərlərə həqarət kimi qiymətləndiriləcək, layiqli cəzasını alacaqdır. Şura mübarizəsində haqlıdır və heç bir halda haqlı mövqeyindən geri çəkilməyəcəkdir. Buna hər kəs əmin olsun, xəbərdarlıqdan düzgün nəticə çıxarsın”.
Xəbər 1611 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|