03.02.2024 15:05
Deputatın təklifi dövlətçilik prinsiplərinə ziddir?
Azərbaycanda pullu hərbi xidmətin yaradılmasına ehtiyac varmı?
Milli Məclisin deputatı Elnur Allahverdiyev daha az müddətdə hərbi xidmət keçirilməsi üçün alternativ (pullu) modelin yaradılmasını təklif edib. Hazırda müddətli həqiqi hərbi xidmət 1 il 6 ay, ali təhsilli vətəndaşlar üçün 1 il müddət təşkil edir. Onun təklifi belədir ki, bundan sonra kim pul ödəyəcəksə, 2 və ya 6 ay müddətində hərbi xidmət keçməlidir.
Ödənişli və qısamüddətli hərbi xidmətin dövlət büdcəsinə böyük gəlirlər gətirəcəyini bildirən E.Allahverdiyevin belə bir təkliflə çıxış etməsi təəccüblü deyil, çünki adam biznesmendir, menecer təfəkkürlüdür, həm də ölkənin məşhur “Kontakt Home” mağazalar şəbəkəsinin sahibidir. O, əslində pul müqabilində hərbi mükələfiyyətdən yayınmağı təklif edir. E.Allahverdiyev hesab edir ki, hazırkı hərbi xidmət müddəti gənclərin təhsil karyerasına, insan kapitalının formalaşdırılmasına mane olur və qarşıda Ermənistanla sülh müqaviləsinin imzalanması məsələsi var, həm də bu amilə görə alternativ hərbi xidmət modelinə keçid daha məqsədəuyğundur.
Şübhəsiz ki, E.Allahverdiyevin təklifi öz təşəbbüsü deyil. Bu təklif ideoloji və dövlətçilik prinsipləri ilə daban-dabana ziddir.
BİRİNCİSİ, bu təklif qəbul edilərsə, yeni korrupsiya kanalı açılmış olacaq. Nəticədə büdcə qazanacaq, xalq isə borclanacaq. İlk baxışndan belə anlaşılır ki, ödənişli hərbi xidmət üçün tələb edilən məbləği yalnız varlı ailələr ödəyə biləcək. Bu, şəksizdir. Amma kasıb ailələr də bir neçə il öncədən pul yığmağa, banklardan yüksək faizli kreditlər götürməyə, ayrı-ayrı şəxslərdən faizlə pul almağa məcbur olacaq. Dövlət büdcəsi qazanacaq deyə, xalqı borcalandırmağı doğru addım hesab etmirəm. Çünki dövlətin əsas funskiyalarından biri xalqı qorumaq və onun həyat şəraitini yaxşılaşdırmaqdır.
İKİNCİSİ, E.Allahverdiyevin təklifi gələcəkdə Azərbaycan odusunu ikinci plana keçirmək məqsədi güdür. Sanki belə anlaşılır ki, Ermənistanla sülh müqaviləsi imzalanandan sonra ölkədə məcburi hərbi xidmətə və orduya ehtiyac qalmayacaq. Amma unudur ki, Ermənistanla müharibə bundan sonra da davam edəcək, sülh müqaviləsi bağlansa da, iki ölkə arasındakı problem 20,30,50 il sonra yenidən alovlanacaq. Bu, bizim taleyimizdir. Biz qonşu ölkələrlə gələcəkdə nə gözləyir, onu da bil(m)irik. Güclü ordu və güclü iqtisadiyyat prinsipini heç bir halda arxa plana keçirmək olmaz. Digər tərəfdən, Azərbaycanın gələcək hədəfləri, yerləşdiyi coğrafi mövqe, 3 nəhəng imperiya ilə qonşu olması, Qərblə Şərq arasında əhəmiyyətli körpü rolunu oynaması Ordumuzun böyüməsini, məcburi hərbi xidmətin saxlanılmasını zəruri edir. Hərbi xidmətlə bağlı dövlətin vətəndaşlar üzərində məcburi addımlarının olması mütləqdir. Heç bir halda, bu məsələyə pul, ödəniş amilini yeritmək olmaz.
ÜÇÜNCÜSÜ, hazırki hərbi xidmətin gənclərin təhsil karyerasına və insan kapitalının formalaşmasına mane olduğunu bildirən E.Abdullayevin düşüncəsindən belə anlaşılır ki, hərbçilərin insan kapitalına heç bir aidiyyatı yoxdur və insan kapitalı deyəndə yalnız xaricdə təhsil alan gənclər nəzərdə tutulur. O, anlamaqda çətinlik çəkir ki, əslində Azərbaycanın ən böyük insan kapitalı məhz hərbçilərdir. II Qarabağ müharibəsi bunu isbatlamış oldu.
DÖRDÜNCÜSÜ, deputat bu təkliflə bağlı Türkiyə modelini önə çəkir. Əvvəla, Türkiyə “Kəbə evi” deyil, orada bütün sahələr üzrə yaradılan təcrübənin Azərbaycanda kor-koranə tətbiqi yolverilməzdir. Digər tərəfdən, Türkiyə modelinin tətbiqi Azərbaycanda ordusunda müxtəlif istiqamətlərdə reallaşdırılıb. Məsələn, komanda briqadaların yaradılması.
BEŞİNCİSİ, 1 il 6 ay və 1 illik hərbi xidmət heç bir əsgəri peşəkarA çevirmir. Bu müddət hərbi sahə ilə tanışlıqdır. İndi pul müqabilində bu müddətin daha da azaldılması hərbi sahə ilə tanışlıq imknalarını da minimuma endirəcək.
Ən əsası, Azərbaycan qalib dövlətdir, II Qarabağ müharibəsindən sonra yaranan əminlik və arxayınlıq bu dövlətin bundan sonra mülkiləşdirilməsinə imkan verməməlidir. Dövlət, əksər strukturlar hərbiləşdirilməlidir. Xaricdə təhsilin əsas fazasını hərbi təhsil faktoru təşkil etməlidir. Dövlətə menecerlər də lazımdır, amma gənclərin Qərb ölkələrində kütləvi şəkildə menecment təhsili alması ölkəni fəlakətə sürükləyir.
Heç bir halda şübhə etmirəm ki, bu təklifin irəli sürülməsi təkcə daxili faktorla bağlı deyil, bu məsələdə xarici faktor da var və dirəniş hiss olunur. Uzun illərdir alternativ hərbi xidmət modeli müzakirə olunsa da, əhəmiyyət yükü də az idi. Bundan sonra bu təklifin aktiv fazaya daxil olması təhlükəlidir. Alternativ hərbi modelin tətbiqi cəzbedici görünsə də, taktiki yanaşmadır.
Ümumiyyətlə, ölkədə həll olunmalı minlərlə problem var, yaxşı olar ki, bu problemlərin həlli ilə məşğul olsunlar. Məsələn, narkotik maddələrin dövriyyəsi pik həddə çatıb, Penitensiar Xidmətdə məhbusların hüquqları kobud şəkildə pozulur, orada hər ay milyonlarla yeyinti həyata keçirilir, məhbusların bərbad yaşam şəraiti hələ də kosmetik üsullarla ört-basdır edilir, regionlarda işsizlik hökm sürür,məhkəmələr pulsuz qərar çıxarmır, kriminal durumun səviyyəsi günbəgün artır, hər gün ölkədə 60 ailə boşanır və s.
Çox təəssüf ki, gənc kadrların əksəriyyətinin başı pul qazanmaq istiqamətində işləyir, onların heç biri ideoloji yanaşma sərgiləyə bilmirlər. Özlərinə, şirkətlərinə və büdcəyə pul qazandırmaq üçün hər cür təklifi səsləndirməyə hazırdırlar. Varlı ailənin övladları başqa nə cür düşünə bilərlər ki...
Ourduda islahatların aparılmasının tərəfdarıyam. Daha peşəkar ordu formalaşdırmaq lazımdır, kəmiyyət yox, keyfiyyət önə çəilməlidir. Amma pul qazanmaq naminə də kəmiyyəti aşağı salmaq olmaz. Bu, əlavə problemlər yaradacaq.
Samir Feyruzov
Xəbər 1091 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|