16.06.2020 14:29
Xəzərin suyunun Kürə axmasının səbəbləri AÇIQLANDI
AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun tədqiqatçıları Kür çayında suyun azalmasının və dəniz suyunun çay dərəsinə dolmasının bir neçə səbəbini aydınlaşdırıblar.
İnstitutdan XəzərNews.az-a verilən məlumata görə, bunlardan birincisi, Xəzər dənizi səviyyəsinin dövrü olaraq qalxıb-enməsi ilə əlaqədar, aşağı axında çayda dib eroziyasının tez-tez dəyişməsi və çay dərəsinin dibinin dəniz səviyyəsindən aşağı düşməsi, ikincisi, Kür çayının bu hissəsində asılı materialların kəskin azalmasıdır.
Üçüncü səbəb çay yatağının relyefinə kəsilən Xıllı basdırılmış qalxmasının təsiri ilə süxur laylarının qırışması və yataqda gedən eroziya proseslərinin dəyişməsi, dördüncü səbəb əsas amillərdən biri Xəzər dənizinin Neftçala sahilləri üçün xarakterik olan şərq, şimal-şərq və cənub-şərq istiqamətli küləklərin təsiri ilə dəniz suyunun Kür çayının mənsəbinə və yataqboyu çay axınının əksinə qovularaq çay məcrasının doldurulması, beşinci səbəb Kür və Araz çayları boyunca, eyni zamanda, Kürün qolları üzərində mövcud olan qum-çınqıl karxanalarının təsiri, 6-cı səbəb Kür çayının su potensialı ilə istehlakçı arasında münasibətlərin düzgün idarə edilməməsi və sairdir.
Tədqiqat qrupunun məqsədi son zamanlar Kür çayının aşağı axınında yaranmış su probleminin tədqiqi, səbəblərinin araşdırılması və tövsiyə tədbirlərinin hazırlanması olub.
Alimlər Azərbaycanın baş su arteriyası olan Kür çayında suyun səviyyəsinin iyun ayında, yəni suya tələbatın artdığı yay fəslinin başlanğıcında kəskin şəkildə azalmasını, hətta Neftçala rayonunun Xıllı məntəqəsindən çayın mənsəbinə qədər olan yatağın tamamilə dəniz suları ilə tutulmasını müşahidə ediblər.
Onlar bildiriblər ki, bu vəziyyət çayın deltasında və ona yaxın ərazilərdə sıx məskunlaşmış əhalinin su ilə təminatında ciddi problemlər yaratmışdır. Xıllı məntəqəsi ilə Salyan şəhəri arasında Kür çayı dəniz suyu ilə qarışmış halda və ya, az da olsa, çay suyu şəklində axır. Çayın bu hissəsində vaxtı ilə 100-150 m. enində yataqboyu su axdığı halda, hazırda səviyyənin kəskin şəkildə azalması ilə əlaqədar olaraq sulu yatağın eni bəzi yerlərdə 4-5 m-ə qədər azalmışdır. Çay yatağı boyunca ölçülərini tez-tez dəyişən uzunsov adalar əmələ gəlmişdir. Bəzi yerlərdə çay yatağının akkumulyativ sahilləri tamamilə sudan azad olmuşdur. Kür çayında suyun azalması ilə adaların əmələ gəlməsi və ya yatağın quru hissələrinin genişlənməsi prosesi Sabirabad rayonunda və həmçinin Araz çayının yatağında da müşahidə edilib.
Kür çayında məcra prosesləri çox mürəkkəb olduğu üçün digər səbəblərin də mövcudluğu qaçılmazdır. Bütün bu problemlərin həlli Kür çayı boyunca əsaslı şəkildə kompleks hidroloji, iqlim, hidrogeoloji, geomorfoloji, landşaft və hidroiqtisadi tədqiqatlar aparmağı tələb edir.
Xəbər 1730 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|