Jurnalistlər, dövlət qurumları və ictimaiyyət Mətbuat Şurasına etibar edir
Media rəhbərlərinin fikrincə, VII qurultayda qəbul edilən qərarlar mətbuatımızın inkişafına təkan verəcək
Azərbaycan jurnalistlərinin martın 10-da keçirilən VII qurultayında Mətbuat Şurası tərəfindən ötən müddət ərzində görülən işlə barədə hesabat dinlənilib. Həmçinin ayrı-ayrı media rəhbərləri çıxış edərək Azərbaycan mediasının inkişafı, jurnalistlərin peşəkarlığının artırılması və digər məsələlərlə bağlı fikir mübadiləsi aparıb. Qurultayda Mətbuat Şurasının İdarə Heyətinin tərkibinin genişləndirilməsi məsələsi müzakirə olunub. Şurasının Nizamnaməsində bu məsələ ilə bağlı təklif səsə qoyularaq qəbul edilib. Dəyişiklik nəticəsində İdarə Heyətinin tərkibi genişlənib, üzvlərin sayı 17-dən 23-ə çatıb. Şuranın 11 jurnalistdən, 7 ictimaiyyət nümayəndəsindən və 5 internet informasiya resursu təmsilçisindən ibarət İdarə Heyəti formalaşıb. Bundan başqa, İdarə Heyətinin 2 jurnalistdən, 2 ictimaiyyət nümayəndəsindən və 2 internet informasiya resursu təmsilçisindən ibarət ehtiyat üzvləri də seçilib.
XəzərNews.az bildirir ki, mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında "Azadinform” İA-nın baş redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü Niyaz Niftiyev 2003-cü ildən başlayaraq, Azərbaycan jurnalistlərinin bütün qurultaylarının iştirakçısı olduğunu diqqətə çatdırdı: "Hər bir qurultay Azərbaycan mətbuatının daha da irəli getməsi istiqamətində həlledici qərarlar qəbul edib. Bu günlərdə keçirilən sonuncu – VII qurultayda qəbul edilən qərarların da Azərbaycanda söz və mətbuat azadlığının möhkəmlənməsinə xidmət edəcəyini düşünürəm. İstər Prezident İlham Əliyevin qurultay iştirakçılarına ünvanladığı təbrik məktubunda, istər Prezidentin köməkçisi Əli Həsənovun çıxışı zamanı səsləndirdiyi fikirlərdə, istərsə də ayrı-ayrı jurnalistlərin irəli sürdüyü təkliflər və sonda qəbul edilən yekun qərarda bütövlükdə medianın real mənzərəsi, qayğıları əks olunurdu. Bildiyiniz kimi, qurultayda həm də Nizamnaməyə dəyişikliklər olundu, İdarə Heyətində təmsil olunan üzvlərin sayı artırıldı. Bu da Mətbuat Şurasının işinin daha geniş tərkibdə irəli aparılması üçün atılan mühüm addımlardan idi. Şuranın İdarə Heyətinə seçilən jurnalistlərin və ictimaiyyət nümayəndələrinin tərkibində hər qurultayda dəyişikliklər olunur. Bu da onu göstərir ki, şuranın fəaliyyətinə hər dəfə yeni simalar öz töhfələrini vermiş olurlar. Yeni seçilən üzvlərdən biri də mən oldum. Bu etimada görə bütün qurultay iştirakçılarına təşəkkür edirəm. Düşünürəm ki, həmkarlarımın seçimi heç də təsadüfü deyildi. Tanıyanlar bilir ki, 20 ildən çoxdur ki, fasiləsiz olaraq jurnalistika ilə məşğulam, iki iri həcmli araşdırmanın müəllifiyəm, onlardan biri də məhz son yüz ildə Azərbaycan mətbuatı tarixində multikulturalizm ənənələrinin öyrənilməsinə həsr olunub”.
N.Niftiyev əlavə etdi ki, Azərbaycan Mətbuat Şurası fəaliyyət göstərdiyi ötən 15 il müddətində jurnalistlərlə dövlət qurumları və ictimaiyyət arasında bir körpü rolunu oynayıb: "Şura sədrinin qurultaydakı hesabat çıxışında quruma daxil olan müraciətlərlə bağlı səsləndirdiyi rəqəmlər də onu deməyə əsas verir ki, həm jurnalistlər, həm dövlət qurumları, həm də ictimaiyyət Mətbuat Şurasına etibar edir, onun qəbul etdiyi qərarlara hörmətlə yanaşır. Biz də İdarə Heyətinə yeni seçilmiş üzvlər olaraq Şuranın bundan sonrakı fəaliyyətinin daha da irəli aparılmasına öz töhfəmizi verəcəyik”.
"Xalq Cəbhəsi” qəzetinin baş redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü Elçin Mirzəbəyli bildirdi ki, Azərbaycan Jurnalistlərinin VII Qurultayı kifayət qədər yüksək səviyyədə keçib və mediamızın faktiki olaraq bütün spektrini əhatə edib: "Çoxsaylı təkliflər irəli sürüldü və bunların da böyük əksəriyyəti qurultayın qətnaməsində yer aldı. Bu sənəddə onlayn medianın maliyyələşdirilməsi, kütləvi-informasiya vasitələrinə dövlət dəstəyinin artırılması, Mətbuat Şurası haqqında qanunun hazırlanması ilə bağlı təkliflər yer aldı. Bildiyiniz kimi, yeni İdarə Heyəti formalaşdı və onu qeyd edim ki, bu günə qədər də orada kifayət qədər təcrübəli insanlar təmsil olunurdular. Eyni zamanda, sonuncu qurultayda media sektorunda uzun illərdir fəaliyyət göstərən, bu sahədə kifayət qədər təcrübəsi olan insanlar da İdarə Heyətinə yeni üzv seçildilər. Bu baxımdan hesab edirəm ki, qurultay önəmli bir hadisə kimi mətbuat tarixində qalacaq. Ən müxtəlif məsələlər ətrafında müzakirələrin aparılması da onu göstərir ki, qurultay kifayət qədər mühüm hadisələrlə, mesajlarla yadda qaldı”.
"Gündəlik Teleqraf” Media Holdinqinin rəhbəri, Mətbuat Şurası İdarə Heyətinin üzvü Aynur Camalqızı Azərbaycan jurnalistlərinin qurultayında ilk dəfə iştirak etdiyini bildirdi: "Əvvəlki altı qurultayın heç birində iştirakçı, nümayəndə olmamışdım. VII qurultayla bağlı təəssüratlarım güclüdür. Burada həmkarlarım tərəfindən müxtəlif təkliflər oldu, maraqlı müzakirələr aparıldı. Növbəti fəaliyyət üçün düşünürəm ki, qurultayda kifayət qədər proqram xarakterli məsələlər qaldırıldı. Mətbuat Şurasının yeni dönəmdəki fəaliyyəti üçün hansı problemlərə diqqət ayırması, hansı məsələlərin müzakirə mövzusu olması, ümumiyyətlə mediada hansı problemlərin öz həllini tapması kimi məsələlər aydınlaşdı. Düşünürəm ki, bu məsələlərlə bağlı maraqlı müzakirələr aparıldı, həmkarlarım çox gözəl təkliflərlə çıxış etdilər. Bütövlükdə Azərbaycan mediasının inkişafı, jurnalistlərin nüfuzunun artırılması üçün görülməsi vacib olan işlərin sadalandı. Artıq mən də Mətbuat Şurasının İdarə Heyətində təmsil olunuram və hesab edirəm ki, yaxın gələcəkdə qeyd edilən məsələlər diqqət mərkəzində olmalıdır. Qurultayda vurğulandığı kimi, Azərbaycan mediasında əsas problemlərdən biri "reket jurnalistika” məsələsidir. Bu problemin aradan qaldırılması üçün birlikdə çalışıb, optimal yollar, variantlar tapmalıyıq”.
A.Camalqızı vurğuladı ki, qurultayda jurnalistlərə vahid kartların verilməsi məsələsi qaldırıldı: "Bu təklifi yüksək qiymətləndirirəm və düşünürəm ki, Mətbuat Şurası məsələyə baxmalıdır. Zənnimcə, bu vasitə ilə "reket jurnalistika”nın qarşısını tam olmasa da, böyük faizlə almaq olar. Eyni zamanda, qurultayda Mətbuat Şurası haqqında qanunun qəbul edilməsi barədə məsələ qaldırıldı. Hesab edirəm ki, bu da vacib və əhəmiyyətli bir məsələdir. Belə bir qanunun qəbul edilməsi Mətbuat Şurasının növbəti illərdə daha əhatəli və səmərəli fəaliyyət göstərməsi üçün geniş imkanlar yaradacaq. Fikrimcə, bütün bu və digər qaldırılan məsələlərin birdən həllini gözləmək mümkün deyil. Amma biz tədricən, öz fəaliyyətimiz dövründə bu kimi məsələlərin reallaşması üçün birlikdə çalışıb, ortaya nəticə qoya bilərik”.
Xəbər 1684 dəfə oxunub.