05.03.2019 18:54
Əcnəbilər üçün viza sadələşdirildi - Sərəncam
Prezident İlham Əliyev 2019 Formula 1 Azərbaycan Qran-Pri yarışının təşkili və keçirilməsi ilə bağlı Azərbaycana gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında sərəncam verib.
XəzərNews.az xəbər verir ki, sərəncamda deyilir ki, Azərbaycanda keçiriləcək 2019 Formula 1 Qran-Pri yarışı ilə əlaqədar ölkəmizə gələn və bu Sərəncamın 2-ci hissəsində göstərilən sənədlərdən hər hansı birini təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2019-cu il martın 15-dən mayın 15-dək Azərbaycanın beynəlxalq hava limanlarında viza ala bilərlər.
Aşağıdakı sənədlərdən biri viza verilməsi üçün əsas hesab ediləcək:
- Formula 1 yarışlarının beynəlxalq təşkilatçıları olan “Formula One Management Limited” şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı;
- Bakı Şəhər Halqası Əməliyyat Şirkətində akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı;
- 2019 Formula 1 Azərbaycan Qran-Pri yarışına bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd.
Bundan başqa, Azərbaycan Xarici İşlər Nazirliyinə 2019 Formula 1 Qran-Pri yarışı ilə əlaqədar Azərbaycana gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi, habelə prezidentin 2016-cı il 1 iyun tarixli 923 nömrəli Fərmanının 4.2-ci bəndinə əsasən təsdiq edilmiş ölkələrin siyahısı üzrə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin “ASAN Viza” sistemi vasitəsilə elektron viza almaq imkanı barədə “Formula One Management Limited” şirkətinə, Beynəlxalq Avtomobil Federasiyasına və xarici ölkələrin müvafiq orqanlarına məlumat verməsi;
2019 Formula 1 Azərbaycan Qran-Pri yarışı ilə əlaqədar Azərbaycana gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin “ASAN Viza” sistemi vasitəsilə elektron viza almaq imkanı barədə məlumatın nazirliyin, eləcə də Azərbaycanın xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etməsi tapşırılıb.
Dövlət Miqrasiya Xidmətinə isə Azərbaycana uçuşlar həyata keçirən aviasiya şirkətlərinə 2019 Formula 1 Qran-Pri yarışı ilə əlaqədar ölkəmizə gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumat verməsi tapşırılıb.
Xəbər 1179 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|