Azərbaycanla Ermənistan arasında yeni eskalasiya ehtimalı qalır. Bu barədə “Moody’s” beynəlxalq reytinq agentliyinin təhlilində deyilir. Agentlik hesab edir ki, sülh danışıqlarının davam etməsinə baxmayaraq, münasibətlər çətin olaraq qalacaq. “Moody’s” iki ölkə arasında iqtisadi inteqrasiya və ya ortaq geosiyasi maraqlar olmayacağı təqdirdə geosiyasi gərginliyin yüksək səviyyədə qalacağını proqnozlaşdırır.
Təhlildə qeyd olunur ki, bunlar olana qədər münaqişənin yeni eskalasiyası mümkündür. Bildirilir ki, hər iki tərəf hərbi potensialını artırmaqda, eyni zamanda sərhəddə vaxtaşırı atışmalar davam edir. Bu, mümkün hərbi münaqişənin yenidən alovlanması ehtimalını artırır.
Xəzərnews.az xəbər verir ki, mövzu ilə bağlı Medianews.az-a danışan politoloq Ərəstun Oruclu bildirib ki, belə bir proqnozu Beynəlxalq Böhran Qrupu da səsləndirib.
Onun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında mümkün münaqişə cari il üçün yüksək ehtimalla baş verə biləcək münaqişələr siyahısına daxil edilib: “Əslində düşünürəm ki, proqnoz əsassız deyil. Çünki, Bakı ilə İrəvan arasında sülhün əldə edilməsinə mane olan böyük güclər, qüvvələr var. Onlar regionda öz maraqlarını təmin etmək üçün münaqişədən istifadə etməyə çalışırlar. Münaqişə tərəfləri arasında sülh müqaviləsi imzalandıqdan sonra şübhəsiz ki, müharibə ehtimalı da kəskin şəkildə aşağı düşür. Lakin münaqişə hər zaman bu və ya digər bölgəyə müdaxilə imkanları açır. Bu səbəbdən Ermənistanda revanşistlərin zaman-zaman aktivləşməsi, delimitasiya prosesinə mane olması sülhü pozmağa yönəlib. Azərbaycan tərəfinin tələbləri bəllidir. Onların yerinə yetirilməsi üçün Ermənistan tərəfi addımlar atmalıdır. Rəsmi İrəvanın bu addımları atacağı halda revanşistlər ölkəni xəyanətdə ittiham edəcəklər. Beləliklə də ölkədə hakimiyyətin radikallaşması baş verə bilər. Bu səbəbdən dövlət elə addımlar atmağa məcbur olar ki, təslimçi kimi görünməsin. 2020-ci ildə də münaqişə belə başladı. Paşinyan hakimiyyətə gəldikdən sonra münaqişənin sülh yolu ilə çözülməsinin tərəfdarı idi. Lakin ona qarşı ittihamlar səsləndirildi. Bu səbəbdən də o, radikal yöndə addımlar atmağa məcbur edildi. Nəticədə bu, müharibəyə gətirib çıxardı”.
Ə.Oruclu qeyd edib ki, belə bir ssenari tamamilə mümkündür. Politoloqun qənaətincə, Rusiya Azərbaycandan bəzən açıq, bəzən isə dolayı yolla Zəngəzur dəhlizinin açılması yönündə tələblər irəli sürür: “Dəhlizin açılmasında təkcə Rusiya deyil, ABŞ – də maraqlıdır. Hər bir tərəf öz nəzarəti altında dəhlizin açılmasını istəyir. Bu da münaqişə yaratmaq üçün kifayət qədər əsaslı səbəbdir. Odur ki, proqnoza ciddi yanaşmaq lazımdır”.
Xəbər 36304 dəfə oxunub.