05.04.2023 15:07
“Rusiya Çinin Türküstan coğrafiyasında güclənməsinə maraqli deyil”
"Rusiya və Çin nə qədər müttəfiq və ya tərəfdaş kimi görünsələrdə, iki dövlət arasında ciddi fikir ayrılıqları və maraq toqquşması var. Rusiya Çinin Türküstan coğrafiyasında güclənməsinə maraqli deyil. Ümumiyyətlə ABS strateqləri inanır ki, iki quru gücü arasında struktural olaraq müttəfiqlik mümkün deyil. Hər iki quru güc bir-biri ilə rəqabət içərisindədir, onlar arasında rəqabətin əsas toqquşma zonası kimi Türküstan coğrafiyasını misal göstərə bilərik. ABŞ bir tərəfdən Çini Cənubi-Çin dənizində Qərbə doğru, Rusiyanı isə Qara dəniz və Şərqi Avropada Şərqə doğru sıxışdırmağa çalışır. Dənizə çıxışda ABŞ tərəfindən mühasirələnəcək ölkələrə Türküstanda üz-üzə qalmağa məcbur qalacaqlar".
XəzərNews.az xəbər verir ki, bunu "Sherg.az"a açıqlamasında Rusiya və Çinin Türküstan qarşıdurmasından danışarkən MAMM Türküstan Araşdırmalar Departamentinin əməkdaşı Kamran Sultanlı deyib.
O bildirib ki, Rusiyanın Krımı ilhaq etməsi, Abxaziya və Osetiyanı isğal etməsində və Mariopola hücumunda əsas məqsədi dənizə çıxışı qorumaq ve Qara dənizdə möhkəmlənməkdir:
"İsti dənizlərə çıxmaq Rusiyanın əsrlərə dayanan siyasətidir. ABŞ-a Ukraynanın qələbəsi və ya ən azı məğlub olmaması dəyərlərdən çox məhz Rusiyanın dənizlərə çıxışını önləmək və onu NATO ilə əhatələməkdir. Talossakratik imperiya olan ABŞ üçün vacib olan dənizlərdə hökmranlığını davam etdirmək və Rusiya, Çin kimi teluokratik imperiyalarin dəniz gücü olmasını əngəlləməkdir.
Talassokratik dövlət olan ABŞ geosiyasətin banilərindən biri sayılan admiral Alfred Mehenin (Alfred Thayer Mahan, 1840-1914) "Dəniz gücü" (Sea power) nəzəriyyəsinə uyğun olaraq okeanlara nəzarəti qlobal liderlik baxımından həlledici saymağa davam edirdi, bu səbəblə donanmanın gücləndirilməsi və yeni gəmilərlə təchizatı prioritet elan etmişdi. Mahana görə dünya əhalisinin böyük hissəsi dəniz sahillərində yaşayır, ən böyük meqapolislər dəniz ətrafındadır, əsas inkişaf etmiş bölgələr dəniz sahili əyalətlərdir, buna görə də dənizə hökmranlıq edən, məhz dünyaya hökmranlıq edər. A.Mehen əmin idi ki, dənizdə hökmranlıq düşmənin ticarətini məhv etmək və onu vacib resurslardan məhrum qoymaq üçün yetərlidir. 1897-ci ildə admiral Mehen 1901-1909-cu illərdə prezidentlik edəcək Teodor Ruzveltlə tanış olur və düz 10 il sonra ABŞ ilk dəfə olaraq öz dəniz gücünü və ambisiyalarını nümayiş etdirmək üçün "Böyük ağ donanma"sını dünya turuna göndərir.
A.Mehen hələ o vaxt ABŞ-ın əsas geosiyasi rəqibləri kimi Avrasiya nəhəngləri Çin və Rusiyanı, eləcə də Almaniyanı göstərmişdi. Buna qarşı tədbirlər görmək üçün o, 4 maddəlik təkliflə çıxış etmişdi: Britaniya ilə fəal əməkdaşlıq; Almaniyanın dənizdəki iddialarına mane olmaq; Yaponiyanın Sakit okeandakı ekspansiyasını diqqətlə izləmək və onu əngəlləmək; Asiyalılara (Çin, Yaponiya) qarşı birgə hərəkətləri avropalılarla koordinasiya etmək. Sonrakı dövrlərdə bu tövsiyələrə böyük ölçüdə əməl olundu. Lakin indi ABŞ artan Çin və Rusiya təhdidinə qarşı Yaponiya və Almaniya kimi ölkələrin hərbi güclənməsinə razılıq verir, amma şübhəsiz həm də onları izləyir. Digər tərəfdən Arktika ve Nordic ərazilərində ABŞ-ın Britaniya ilə əməkdaşlığı artır".
Ekspertin sözlərinə görə, Çinlə Tayvan adası ətrafında baş verən gərginliyin əsas səbəbi, Çinin Asiya-Sakit okean regionunda güclənməsini önləməkdir;
"Xi-nin son Rusiya səfərində liderlər birgə bəyanat qəbul edildi. Birgə bəyanat Çin və Rusiya liderleri Mərkəzi Asiyada Qərbin inqilab ixraclarını pislədilər, bunun dövlətlərin daxili işlərinə qarışmaq kimi qəbul etdiler. Bəyanatın bu bəndi onu göstərir ki, Pekin ve Moskva Türküstan coğrafiyasında Qərbin müdaxilələrindən narahatdılar və bu istiqamətdə mövqeləri bir-birinə yaxındır. Lakin bunlara baxmayaraq Rusiya rəsmilərinin son zamanlar Qazaxistanla bağlı çıxışları, Pekini narahat edir. Çin Mərkəzi Asiyada sabitliyə maraqlıdır.
Hər şeydən önəmli Çin Qərblə ticarətdə Orta dəhlizin inkişaf etdirilməsi və təhlükəsiz şəkildə fəaliyyətinə böyük maraq göstərir. Çünki bunun Çinin iqtisadiyyatına birbaşa təsiri var. Lakin şimal dəhlizin Rusiyaya qarsı sanksiyalara görə rolunun azalmasına qarşılıq olaraq, Rusiya da orta dəhlizin daha güclü inkişafına maraqlı deyil və buna müxtəlif yollarnan mane olmağa çalışır. Rusiyanın da iqtisadi inkişafı bundan çox aslıdır".
K.Sultanlının qənaətincə, Qazaxıstanda baş verənlər olduqca narahatedicidir:
"Bir-neçə gün öncə Qazaxıstanın Petropavlovsk şəhərinin bir qrup sakini toplantı keçirərək Qazaxıstandan müstəqil “şəhər xalq şurası”nın yaradıldığını bəyan edib. Müstəqil “şəhər xalq şurası”nın yaradılmasında 19 nəfərin iştirak etdiyi qeyd edilir. Bu şura təmsil etdikləri qurumun nizamnaməsinin layihəsini, rəmzlərini və “Xalq Şurası” üzvü vəsiqəsinin layihəsini təsdiq ediblər. “Petropavlovsk şəhəri əməkçilərinin xalq şurası”nın yaradıcıları Qazaxıstan hökumətini “xalqın həyatı üçün əlverişsiz şərait yaratmaqda” ittiham edən bəyannamə qəbul ediblər və Qazaxıstan hakimiyyətini qəbul etmədiklərini qeyd ediblər.
Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsi “Petropavlovsk şəhəri əməkçilərinin xalq şurası”nın yaradıcılarına qarşı Cinayət Məcəlləsinin 180-ci maddəsinin 2-ci hissəsi (KİV-dən istifadə edərək bir qrup şəxsdə separatizm təbliğatı) ilə istintaqa başladığını elan edib və Cinayət işinin təhqiqatı üçün Milli Təhlükəsizlik Komitəsinin müstəntiqləri və vilayət polisinin əməkdaşlarının daxil olduğu idarələrarası istintaq-əməliyyat qrupu yaradılıb. İş üzrə prosessual prokurorlar təyin edilib. Hazırda ibtidai istintaq çərçivəsində əməliyyat-istintaq tədbirləri, o cümlədən axtarış və götürmə tədbirləri davam etdirilir, müvafiq məhkəmə-tibbi ekspertizaları təyin edilib".
K.Sultanlı söyləyir ki, Şimali Qazaxıstan vilayətinin inzibati mərkəzi olan Petropavlovsk Rusiya ilə sərhəddən 40 kilometr məsafə yerləşir. Şübhəsiz Qazaxıstan prezidenti Tokayev hazırda ABŞ, Rusiya ve Çin arasında balans siyasəti ilə hər üç güc mərkəzi ilə münasibətlərini qorumaga çalışır. Lakin Rusiya tərəfi Çin və ABŞ-ın Türküstanda təsirini artırmasına maraqlı deyil:
"Xi-nin Rusiya səfərindən sonra Çin tərəfi Qazaxıstanda yaradılan bu şuraya münasibət bildirib və bu məsələdə sərt mövqe tutub.
Çinin Qazaxıstandaki səfiri səfir Cjan Syao bildirib ki Qazaxıstan-Çin münasibətləri qızıl qartal kimi yüksəklərə qalxır. Çin Qazaxıstan və Mərkəzi Asiya ölkələri ilə təhlükəsizlik məsələlərində ordular, xüsusi xidmət orqanları arasında əməkdaşlığı gücləndirəcək. Beynəlxalq vəziyyətin necə dəyişməsindən asılı olmayaraq, biz Qazaxıstanın müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasında bundan sonra da qətiyyətlə dəstəkləyəcəyik. Hər hansı qüvvələrin Qazaxıstanın daxili işlərinə qarışmasına qəti şəkildə qarşı çıxacağıq. Çinli diplomatın şübhəsiz mesaji birbaşa Kremlədir. Yeri gəlmişkən qeyd edim ki, Cjan Syao Merkezi Asiyani çox yaxsi taniyan diplomatdır və Çin siyasi elitasının ən nüfuzlu diplomatlarından biridir. Buna qeder Çin prezidenti Xi Jinping Şanxay Əməkdaşlıq Təşkilatının Astana sammiti çərçivəsində bu ölkəyə son səfərində Qazaxıstan ərazi bütövlüyünün Çin üçün qırmızı xətt olduğunu və Cinin başqa ölkələrin Qazaxıstanın daxili işlərinə qarışmasını vacib hesab etmədiyini bildirib".
Ekspert sonda qeyd edib ki, Çin ve Rusiya tərəfdaş kimi görünsələrdə, Türküstan coğrafiyası Çi və Rusiya arasında uzun müddətli rəqabət məkanı olmağa davam edəcək:
"Çin və Rusiya Qərbin müdaxiləsinə qarşı ortaq mövqeyə malikdirlər, lakin həm Qərb həm də Çin Mərkəzi Asiyada ticaret yollarının təhlükəsizliyinə maraqlıdır, eyni zamanda Çin Rusiyanın Türküstan ölkələrinə qarşı imperial ambisiyalı iddialarına qarşıdır, Rusiya ise Çinin bu ölkələrdə təsirinin genişləndirməsinə, Qərbin bu regionda güclənməsinə maraqlı deyil. Görünən odur ki, region dövlətləri də bu üç böyük güc arasında ziddiyyətlərdən istifadə edərək maraqlarını qorumağa çalışacaqlar".
Xəbər 991 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|