05.07.2017 10:32
Aygün Səmədzadənin dediklərinə sərt reaksiyalar gəldi; Bəstəkarın atasına ağır suçlamalar
Xeyrəddin Qoca: “Vaxtilə bəzi “bakılılar” ümümmilli lider Heydər Əliyevə də deyirdilər: “Bakıya gəlmə!”
Yerlibazlıq söhbəti təkcə ölkəmizdə deyil, dünyanın ən inkişaf ölkələrində belə ənənəyə çevrilib. Bu, cəmiyyətdə mövqe tutmaq üçün müəyyən bölgəyə mənsub olmaq anlayışındadır. Azərbaycanda da yerlibazlıq, insanları bu və ya digər regionlara ayırma çox geniş şəkildə yayılıb. “Haralısan?” sualı ilə gündəlik həyatımızda tez-tez rastlaşırıq. Bəzən ictimaiyyətin ən məşhur, nüfuzlu, ziyalı şəxslərinin dilindən yerlibazlıq məsələsini eşidirik.
Elə bu günlərdə tanınmış bəstəkar, əməkdar incəsənət xadimi, deputat Ziya Səmədzadənin qızı Aygün Səmədzadə sosial şəbəkədə yerlipərəst olmadığını deyib, rayon camaatı haqda sərt fikirlər bildirib: “Yerlipərəst və qohumbaz deyiləm. Düşünürəm ki, milləti geriyə aparmağın ən asan yollarından biri məhz sadaladığım keyfiyyətlərdir. İnsanın zəkasını, savadını, istedadını, qabiliyyətini yerliçiliyə qurban vermək böyük bəladır. Bu məsələdə nə qədər səmimi olduğumu mahnılarımın ifaçılarının Azərbaycanın müxtəlif bölgələrindən olması sübut edir”.
Daha sonra bəstəkar yerlibazlıq söhbətlərin Bakıya sonradan gələnlərin dəbə gətirdiyini vurğulayıb: “Ümumiyyətlə, heç bir vaxt ”filankəs bakılıdır deyə, onu üstün tutaq söhbəti nə ailəmdə, nə də yaxın çevrəmdə olmayıb. Yerlibaz söhbətləri isə həmişə Bakıya sonradan gələnlər salıb. Yəqin düşdükləri yer, təklik, ev üçün darıxmalar da müəyyən aqressiya, özünü müdafiə halları yaradıb, bunu da anlayıram. Amma bu Bakını sevməməyə səbəb deyil".
Daha sonra bəstəkar sualla müraciət edib:
“Mənə çox maraqlıdır, Bakını və bakılıları bu qədər sevməyən adamlar niyə burada yaşayır? Hər bölgənin yalnız öz balaca Vətənini sevən adamı qayıtsın yurduna, orda da yaşasın onda. Ora da həkim, müəllim, jurnalist, vəkil lazımdır”.
Əməkdar incəsənət xadiminin fikrincə, təhsil müəssisələrində rüşvət də məhz rayon adamları tərəfindən yaradılıb. O, fikrini bununla əsaslandırıb:
“Rəhmətlik anam deyərdi ki, biz oxuyanda ali məktəblərdə rüşvət yox idi. Rayonlardan imtahan götürənlərə səbət-səbət çolpa, motal pendiri və sair gələnəcən. Və bu gün on yumurta, 5 kiloqram ətlə universitet bitirənlər professor olub, camaata dərs keçir. Yerlibaz şərhlərə ehtiyac yoxdur...”
Bəstəkarın bu yanaşması sosial şəbəkədə, mətbuatda geniş müzakirələrə yol açıb, tənqid obyektinə çevrilib. Tanınmış yazıçı, eks millət vəkili, vaxtı ilə Azərbaycanın İstanbuldakı konsulu olmuş Xeyrəddin Qoca özünün feysbuk səhifəsində belə yazıb: “Hörmətli Aygün Səmədzadə! ”Yerlipərəst və qohumbaz deyiləm..." yazaraq, statusunuzda “sığortalanmağa” çalışmısınız, lakin tam əksinə alınıb. “Kim Bakını sevmir, qayıtsın yurduna, orada da yaşasın...” demişsiniz... Vaxtilə bəzi “bakılılar” ümümmilli lider Heydər Əliyevə də deyirdilər: “Bakıya gəlmə!”
Və hər vəchlə onun Bakıya gəlməsinə mane olmaq istəyirdilər! Atanız Ziyad Səmədzadə vaxtilə uzun illər Heydər Əliyyevlə birlikdə işləmişdi. Sonralar millət vəkili olan atanız Milli Məclisdə Heydər Əliyevə danışmaq üçün “reqlament” qoyurdu, “vaxt verirdi”.
H.Əliyev də ona əsəbləşərək deyirdi: “Ziyad Səmədzadə, sən konyukturaya xidmət edən adamsan!”.
Qəribədir, indi də televiziyalarda Milli Məclisdəki həmin “səhnələr” dönə-dönə göstərilsə də, atanız yenə “deputat” “işləyir”...
Unutmayın ki, Azərbaycanı və Bakını çox illər rayondan Bakıya gələn insanlar idarə ediblər və edirlər!
Bir də təhsil müəssisələrində rüşvəti rayon adamlarının yaratdıqlarını deməklə böyük səhvə yol verirsiniz! Dediyiniz “Bakılılar günü” nə məna verir? Həmin gün necə təsis edilib? İndi nə edək, hər rayonun şərəfinə xüsusi gün təsis edək? Birdəfəlik bilin, bakılılar Azərbaycan əhalisinin bir hissəsidir və onların xüsisi bir fərqi yoxdur. “Korennoy bakılıyam!” sözləri ilə üstünlük qazanmağa çalışmağı da tərgitmək lazımdır."
Əslən bakılı olan sənətçi Əli Mirəliyev “Yeni Müsavat”a “Aygün Səmədzadə başından çox böyük danışıb” deyib. “Əvvəla, o, bakılı deyil, buzovnalıdır. Bakılı olan mənəm, içərişəhərliyəm. Amma mən həmişə yerlibazlıq söhbətindən qaçmışam. Çünki vay o şəhərin halına ki, onun kəndi yoxdur. Vay o bakılının halına ki, səhər tezdən durmur, amma rayon camaatı səhər saat 6-dan yuxudan durur, işlərini görür, mala-qoyuna gedir, günün altında tarlada işləyir. Aygün, sən şəhərli olub axı nə etmisən?!” deyə, sual edib.
Sənətçi “rüşvəti şəhərə rayonlu gətirib” məsələsinə də sərt yanaşıb: “Rüşvəti şəhərə rayon camaatı gətirməyib. Rüşvəti şəhərə Mircəfər Bağırovdan sonra Vəli Axundov gətirib. Bizdə rüşvət olmayıb, sonradan gətirilib. Sən axı niyə rayonlular haqqında belə deyirsən?! Bilmədiyin halda niyə başını bu məsələyə soxursan? Niyə mənim xalqımı parçalayırsan?! Olmaz! Niyə insanları regionlara bölməliyik? Hamımız bir millətik... Aygün sən iki mahnı yazıb, indi bakılı-rayonlu söhbəti açırsan?! Sənin Bakı haqqında yazdığın o mahnılar artıq bizim millətə lazım deyil. Ayıb deyil sənin üçün? O cürə akademikin qızısan. Kimə lazımdır bu söhbət? Olmaz belə etmək! Bizim regionların saf qızları, oğlanları var”.
Masallı rayonunun Bədəlan kəndindən olan əməkdar artist Baloğlan Əşrəfov isə Aygün Səmədzadənin yerlibazlıq söhbətinə bu cür mövqe bildirdi: “Elə bir sənətin sahibiyəm ki, mənim üçün yerlibazlıq söhbəti heç vaxt yoxdur. Şəkidən, Balakəndən, Gəncədən tutmuş bütün bölgələrdə olanda yadıma düşmür ki, haralıyam. Hər yerdə məni hörmət-izzətlə qəbul edirlər. Bu yerlibazlıq söhbətini salmağın indi heç yeri yoxdur. Aygün Səmədzadə böyük bəstəkardır. İnana bilmirəm ki, bu cür səhvlərə yol versin. Ümumiyyətlə, mənim üçün Azərbaycanda məkan yoxdur. Ölkəmizin nə qədər regionları var, Baloğlan Əşrəfov oralıdır. Yerlibazlara qarşı mənim heç hörmətim yoxdur. Xoşum da gəlmir ki, məsələn desinlər ki, ”Baloğlan bizim Buzovnanın fəxridir" və sairə. Bu cür söhbətləri bəyənmirəm və etirazım var".
Bəstəkar isə statusunda heç bir təhqir olmadığını vurğulayıb: “Tənqid təhqir deyil. Və dəfələrlə dediyim fikri bir daha təkrarlayacağam”.
Xəbər 2543 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|