15.04.2017 09:34
İpoteka krediti üçün müraciət edənlərin sayı AZALIB
Bir müddət əvvəl kommersiya bankları ipoteka kreditlərini dayandırsa da, hazırda bəzi banklarda kredit verilişi bərpa olunub.
XəzərNews.az-ın məlumatına görə, "PAŞA Bank" ASC, "UniBank" KB ASC"Kapital Bank" ASC, “AtaBank” ASC, “Bank Respublika" ASC, "Bank of Baku" ASC , “Muğanbank" ASC, “Yapı Kredi Bank” QSC, “Xalq” Bank ASC öz müştərilərinə ipoteka kreditləri təklif edən banklar sırasındadırlar. İlkin ödəniş məbləği ümumi şərtlərlə verilən ipoteka kreditləri üzrə 15-25 faizdən, güzəştli ipoteka kreditləri üzrə isə 15 faizdən başlayır.
Kommersiya banklarındakı mənbənin verdiyi məlumata görə, hazırda vətəndaşların ipoteka kreditlərinə müraciəti olduqca aşağıdır.
İqtisadçı Natiq Cəfərli bunun səbəblərini açıqlayıb. Ekspert bunu ipoteka şərtlərinin sərt olması ilə əlaqələndirib.
“İpoteka Fonduna əlavə olaraq 200 milyon manat ayrılması qərarı verilib. İpoteka Fondu yenidən fəaliyyətə başlayaraq tikinti bazarında canlanma yaratmağa çalışmalıdır. Qeyd edim ki, İpoteka Fondu yaradılarkən 2011-ci ildən sonra tam olaraq özünü maliyyələşdirmə sisteminə keçməli idi. Fond bu işin öhdəsindən gələ bilməyib. Bu gün isə büdcədən dotasiya alaraq fəaliyyət göstərməklə məşğuldur. Bu həm də dolayısı ilə İpoteka Fondunun öz işini qura bilmədiyinə dəlalət edir.
Son zamanlar problemi kreditlərin həcmi artıb və bunun azaldılması istiqamətində hansısa addımlar atılmayıb. Bundan irəli gələrək kredit şərtləri sərtləşib və ipoteka üçün müraciət edənlərin sənədləşmə məsələsində daha sərt tələblər irəli sürülüb”.
İqtisadçı deyib ki, yerinə yetirilməsi vacib olan tələblərdən biri də maaş məsələsidir:
“Təqribən ailənin aylıq gəliri (xanım və bəyin birlikdə, yaxud birinin) 1000 manatdan yuxarı olduqda ipoteka kreditinin verilməsi barədə daha asan qərar çıxarılır. Azərbaycanda rəsmi maaşlar aşağı səviyyədədir. Digər tərəfdən, qeyri-rəsmi maaş alanlar, sübut edə bilməzlər ki, rəsmi göstəriləndən daha çox vəsait qazanırlar. Ona görə də ipoteka üçün müraciət edənlərin sayı kifayət qədər azalıb. Bu, birbaşa tələblərin sərt olması ilə əlaqədardır. Mənə elə gəlir ki, tələblərdə müəyyən qədər dəyişikliklər olmasa, ipotekaya müraciət edənlərin sayı az olacaq. Çünki ölkədə o kriteriyalara cavab verən çox az vətəndaş var.
Ümumilikdə bu şərtlər daxilində ipoteka kreditlərinə müraciət edənlərin sayı azalıb. Şərtlərdə dəyişiklik olmasa, çox güman ki, İpoteka Fonduna müraciət edənlərin sayında ciddi irəliləyiş olmayacaq. Yeganə ümid sosial mənzil layihəsidir. Sosial mənzil layihəsi İpoteka Fondu ilə birləşdirilsə, o zaman sosial layihələr çərçivəsində-daha az ödəniş sayəsində insanların bu kreditlərə marağı və əlçatanlığı artar”.
(modern.az)
Xəbər 2827 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|