30.11.2025 20:03
Mən, bulud adamam, yağış adamam...
"Ədəbi düşüncələr" rubrikasında şair Əli Hacı Ağaevlinin şeirləri oxucularla vaxtaşırı görüşür. Bu misralar sosial şəbəkələrdə geniş maraq doğurmaqla yanaşı, illərin yaddaşından keçib gələn duyğuların, insanın özünə dönüş anlarının poetik izləridir. Şairin fərqli dövrlərdə qələmə aldığı bu nümunələr sanki zamanın içindən seçilmiş kiçik ruh parçaları kimi oxucunun qəlbinə toxunur. Asan oxunan, lakin iç qatında dərin mənalar gizlədən bu şeirlər Əli Hacının mənəvi–ruhani dünyasının poetik aynasıdır. Onun misralarında gündəlik həyatın sükutundan doğan pıçıltılar, insanın daxili axtarışları, yaddaşın köhnəlməyən izləri özünəməxsus bir səmimiyyətlə səslənir. Bu rubrika vasitəsilə oxucular yalnız şeirləri deyil, həmin misraların arxasında dayanan ruhun, düşüncənin, yaşantının nəfəsini də duyacaqlar. Şairin iç dünyasından süzülüb gələn işıq bir az da onlar üçün yanacaq.
Nə sənə yol gəlir, nə mənə körpü
Sənə od, özümə daş adı verdim!
Getmisən, havamı bir hava bildim,
Bütün fəsillərə qış adı verdim!
Kötükdən çıxartdım ağac sevgimi,
Çıxartdım gözünü baxışlarımın!
Qapını açanda kədərə, qəmə
Heç birin görmədim tanışlarımın!
Mən, bulud adamam, yağış adamam
Odu söndürərəm, ot göyərdərəm!
Düzüb misraları sətirbə-sətir,
Sözün şərəfinə ad göyərdərəm!
Nə yola baxıram, nə də körpüyə
Havada nəfəsim, suda yolum var!
Məndən üz döndərən yar-yoldaşlara,
Müqəddəs sandığım vida yolum var!
Sən də xoş getmisən, yerin mübarək
Tanrı istəyini doyunca versin!
Görüm sənə gələn bütün bəlalar,
Məni yaxın bilib,məndə can versin!
Nə sənə yol gəlir, nə mənə körpü
Sənə od, özümə daş adı verdim!
Getmisən,havamı bir hava bildim,
Bütün fəsillərə qış adı verdim!
Xəbər 1812 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|