09.02.2021 11:04
“Ayaqlarımı yaralandığım yerdə basdırdılar” - 20 yaşlı qazi
“Bir dəqiqə... Bəlkə də həyatımın bütün axarını dəyişəcək o dəqiqəni gecikdim. Üç nəfər idik. Silah yoldaşlarım irəlidə, mən isə axırda gedirdim. Onlar yubanmadan səngərə girdi. Elə irəli atılıb, səngərə girəcəkdim ki, düşmənin atdığı minaatan mərmisi düz yanıma düşdü. Partlayışın dalğası məni havaya qaldırdı, elə göydə ayaqlarımı kəsib atdı. Bədənimin ikiyə bölündüyünü gözlərimlə gördüm...”
Bu sözlərin müəllifi İkinci Qarabağ müharibəsinin yaşı az olsa da, ürəyi böyük, mərd və cəsarətli qazisi, Sumqayıt şəhər sakini, 2001-ci il təvəllüdlü Alxasov Camal İlqar oğludur. Camalı sosial şəbəkələrdən tanıyırsınız. Sumqayıtın ən ağır yaralanan qazilərindən biridir.
Sumqayıt şəhər 34 nömrəli tam orta məktəbin məzunu olan Camal Alxasov 2019-cu ilin aprel ayında Ağcəbədi rayonun N saylı hərbi hissəsində həqiqi hərbi xidmətə çağırılıb. Müharibə başlayanda hərbi xidmətdə olduğunu deyən Camal Alxasov müvafiq əmrlə Füzuli istiqamətində gedən döyüşlərə qatıldığını bildirib.
Vətən torpaqları uğrunda bədəninin yarısını qurban verən Camal qanlar içərisində atası ilə danışıb. Atasının “Necəsən?” sualına isə “yaralanmışam, amma bomba kimiyəm” deyən Camal hər kəsə mərdlik, igidlik nümunəsi oldu.
44 günlük müharibədə yaşananları isə qəhrəman qazimizin elə öz dilindən eşidək.
XəzərNews.az Oxu.az-a istinadən İkinci Qarabağ müharibəsinin 20 yaşlı qazisi Camal Alxasovla müsahibəni təqdim edir:
- Müharibənin başladığını hərbi xidmətdə öyrəndiniz. Ailənizə məlumat verə bildiniz?
- Düşmən bizə qarşı növbəti dəfə təxribatlara əl atdı. Onlara layiqli cavab verilməli idi. Bizə də müharibənin başlandığı barədə məlumat verildi və ilk olaraq Füzuli istiqamətində gedən döyüşlərdə iştirak etdik. Mən orada maddi texniki təminat işinə baxırdım. Səngərdə olan əsgərlərə silah-sursat, qida daşınmasına baxırdım. Bizim taborun maddi-texniki təminat bölüyündə idim.
- Güllə yağışının arasında maşın idarə etmək çətin deyildi?
- Çox çətinlik olurdu. Artilleriya atəşinə məruz qalırdıq. Müharibə bitənə qədər Qubadlıyadək mübarizə apardıq. Biz evlərdə yatmırdıq ki, minaatanla vurarlar, ev uçar başımıza. Çöldə yaş torpaqda yatırdıq. Füzulidə, Cəbrayılda, Qubadlıda altında yatmadığımız ağac, kol-kos qalmamışdı. Səhərə qədər üstümüzə şeh düşürdü.
- Neçə nəfər birlikdə hərəkət edirdiniz?
- Biz üç nəfər idik. Mən sürücü idim, digər iki nəfər isə mənimlə birlikdə gedirdi. Vaxtımız az olurdu, ancaq tapşırıqlara uyğun olaraq lazımi şeyləri əsgərlərə çatdırırdıq. Oktyabrın 31-nə qədər dəfələrlə ölümdən qurtulmuşduq. Amma o gün qismət belə idi, belə oldu...
- Hadisənin oktyabrın 31-i baş verdiyini dediniz. O gün nə oldu?
- Qubadlıda bizim 10 tonluq su maşınımız qalmışdı. Ayın 31-i səhər-səhər üç nəfər həmin maşının arxasınca getmişdik. Yarım saat maşını təmir etməyə çalışdıq. Elə həmin an düşmənin atdığı minaatan mərmisi maşının yaxınlığına düşdü. Qəlpələrdən biri gözümün küncünə dəydi, o biriləri isə qollarımı müxtəlif yerlərdən yandırdı. Zərbədən sonra ərazidən kənara qaçdıq.
Sonra gizləndiyimiz hasarın yaxınlığına daha bir minaatan mərmisi düşdü. Oradan uzaqlaşmaq istəyəndə polkovnik-leytenant Tahir Məmmədov əli ilə bizim onlar tərəfə gəlməli olduğumuzu işarə etdi.
- Yaralanmağınızı xatırlayırsınız?
- Həmin ərazidən qaçanda bir neçə dəqiqəmiz vardı. Çıxmasaydıq, həmin mövqeləri bombalayacaqdılar. Əsgərlər irəlidən qaçdı, mən də arxada idim. Orada zirzəmi vardı, qaçdıq ki, ora girək. Cəmi bir dəqiqə... Bütün həyatımı o bir dəqiqə gecikmə həll etdi. Düşmənlə aramızda 200-300 metr məsafə vardı.
Zirzəmiyə girməyimə 10 metr qalmışdı ki, minaatan mərmisi düz arxama düşdü. Partlayışın dalğası məni havaya qaldırıb göydə ayaqlarımı kəsdi. Sol ayağımı dizdən 4 barmaq yuxarı, çarpaz kəsdi, sağ ayağımı isə topuqdan aparsa da, qəlpələr sümüyü dağıdıb, baldırımı təmiz parçalamışdı. Qolu üstə yerə çırpıldım, sağ qolum sındı. Barmaqlarım işləmir. Sol əlimin isə barmağı kəsildi, tam qopmamışdı. O qədər qan itirirdim ki, gözlərimi aça bilmirdim.
- Döyüş meydanında yaralı halda çox qaldınız?
- Dayanmadan atırdılar. Məni ordan çıxarana qədər bədənimə, qollarıma qəlpələr dəydi. Bir də bəxtim onda gətirdi ki, qəlpələrdən biri şah damarımı yandırdı, qanaxmanın qabağı bir az alındı. Bir müddət sonra uşaqlar məni sürüyə-sürüyə zirzəmiyə saldılar.
Döyüş yoldaşlarım mənə “qardaşım, şəhid olursan, uca zirvəyə yüksəlirsən. Axirətdə görüşərik” dedilər. Bir kəlmə dedim ki, mənə kömək eləyin.
- Bəs sizi oradan xəstəxanaya necə apardılar?
- Mən Qubadlıda gedən döyüşlərdə yaralanıb 2-3 saat o vəziyyətdə zirzəmidə qaldım. Heç bir maşın risk eləyib ora gələ bilmirdi. Nəhayət bir ambulans gəldi və məni Xanlıq kəndinə apardı. Məni güc-bəla ilə maşına qoydular. Xanlıq kəndinə çatana qədər özümdə deyildim. Nəhayət məni xəstəxanaya çatdırdılar. Orada 7-8 saat mənim üzərimdə əməliyyat aparılıb. Heç kim sağ qalacağıma inanmırdı. Çox çətin və riskli əməliyyatı Roman Çobanov adlı həkim etdi. İlk olaraq Ehtiram müəllimin, daha sonra Roman həkimin sayəsində mən bu gün sizinlə söhbət edirəm. Əməliyyatdan ayılanda dəhşətli ağrılar hiss edirdim. Ayaqlarımdan birini baldırdan yuxarı, digərini isə bir az aşağı kəsdilər. Buna səbəb isə ayağımın zərbədən təmiz parçalanması idi.
Bir neçə santimetr sümük saxlaya bildilər ki, gələcəkdə protez düzəldiləndə istifadə edim. Bir onu bildim ki, dedilər ki, təcili Bakıya çatdırılmasam, yaşama şansım az olacaq. Bakıya isə çatmağım, hansı vəziyyətdə çatacağım sual altında idi. Çox riskli olsa da, itirəcəyim heç nə qalmamışdı. Ehtiram məni Fəxri həkimlə birgə ambulansla Bakıya gətirib çatdırdı.
- Bakıya çatana qədər nələr baş verdi?
- 31 oktyabr əməliyyatdan çıxmışdım. Bir neçə saat sonra gecə ilə yola düşdük. Ambulansın sürücüsü Ehtiram Quliyev məni Bakıya çatdırmağa nail oldu. Bəlkə də heç kim bu riski gözə ala bilməzdi. Çünki həkimlər mənim sağ qala bilməyəcəyimi demişdilər. Bəlkə mən belə bu qərarı verə bilməzdim, amma yaxşı ki, o bu riski gözə alıb mənim həyatımı xilas etdi. Gecə oyandım, su istədim. Amma mənə su vermədilər. Atama zəng etmək istədiyimi dedim. Sürücü telefonunu verdi ki, al, zəng elə. Yolda atamla danışanda dedim, narahat olma, yaralanmışam “Papanin”ə (Silahlı Qüvvələrin Baş Klinik Hospitalına - red.) gəlirəm. Atam özü də Birinci Qarabağ müharibəsində iştirak edib. Hərbi Hospitala gətirildiyimi deyəndə başa düşüb ki, vəziyyətim ağırdı. Amma mən heç nə demədim. Nəhayət çatdıq.
- Səninlə eyni yerdə olan digər iki əsgərdən nə xəbər var?
- Əsgər yoldaşlarım mənim xəstəxanaya çatanda şəhid olduğumu zənn ediblər. Onlardan birinin boynunu qəlpə yaralamışdı. Hamı deyib ki, Camal şəhid olub. Sonra polkovnik-leytenant Tahir Məmmədov sağ qaldığımı bilib, mənə zəng etdi. Dedi ki, indi yaralandığım yerdə dayanıb, mənimlə danışır.
Mənə dedi ki, ayaqlarının ikisini də burada basdırdıq. Hər şey yaxşı olacaq. Mən ona dedim ki, yaxşıyam. Bilirsiniz, bu vəziyyətim məni incitmir. Vətən üçün canımız qurbandı. Sabah protez qoyulsa, yenə ehtiyac olsa, mən düşünmədən yenə Vətənimə xidmətə gedərəm.
Elə silah yoldaşlarımız oldu ki, bir cızıq belə yoxdu bədənində. Amma kontuziyadan heç kimi xatırlamır. Rütbəsini bilmir, ailəsini tanımır. Amma şükür olsun ki, ayaqlarım olmasa da, ağlım üstümdədir.
Xatırladaq ki, prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Alxasov Camal İlqar oğlu “Cəsur döyüşçü”, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib.
Xəbər 6802 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|