Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi


17.11.2021  20:12 

Nikol Paşinyan yenə yanlış hesabladı





A+  A-

Dünən Laçın-Kəlbəcər istiqamətində dövlət sərhədlərimizi pozaraq Ermənistanın başladığı geniş miqyaslı əməliyyat icrasına Londondan start verilmiş yeni bir planın kulminasiya nöqtəsi idi.

Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevə qarşı İngiltərədə mal-mülk iddialarının ortaya atılması ilə başlayan “qara PR” Zəngəzur dağlarında Ermənistanın yeni eskalasiyasına dönənə qədər baş verənləri göz önünə gətirdikdə, tanış “dalğa və koordinatalar”ı müəyyən etmək heç də çətinlik yaratmır.

44 günlük savaşda qazandığı qəti qələbədən sonra Azərbaycan Ermənistanı diplomatik masanın küncünə sıxışdırıb. İlham Əliyev ikinci Qarabağ savaşının yaratdığı yeni reallığa söykənərək Ermənistandan “Zəngəzur dəhlizi”nin açılmasını, sərhədlərin müəyyənləşməsini və tanınmasını, sülh sazişinin imzalanmasını, “3+3 formatı”nda Güney Qafqazda əməkdaşlıq modelinin qurulmasını tələb edir. Ermənistan bu tələblərə həm ayrı-ayrılıqda, həm də birlikdə qarşıdır. İrəvan prosesə mane olmaq üçün Azərbaycanda mövcud olmayan inzibati vahidin- Dağlıq Qarabağın statusunu gündəmə gətirir, ancaq istəyinə heç vəchlə nail ola bilmir. Erməni hakimiyyəti onu da yaxşı başa düşür ki, 2025-ci il əsgərlərini Xankəndiyə və ətrafına yerləşdirmiş Rusiya üçün “deadline” ilidir. Azərbaycanın əlində çox mühüm bir təsir vasitəsi var- sülməramlıların Qarabağda qalma müddətinin uzadılmasına veto qoymaq. Odur ki, hər keçən gün Xankəndidə işğalçı ordunun qalıqlarının və seperatçı hərbi-cinayətkar xuntanın mövcudluğu üçün zamanı daraldır. Azərbaycanla Ermənistan arasında sərhədlərin dəqiqləşdirilməsi, ölkələrin bir-birini tanıması isə, Azərbaycana qarşı ərazi iddialarının birdəfəlik rəfə qaldırılması deməkdir. Bu və üstəlik, “6-lıq formatı”nda Azərbaycan və Türkiyə ilə qarşılıqlı əlaqələr sistemi qurmaq tsexokronizmi rəsmi ideologiyaya çevirmiş Ermənistan üçün zehniyyət formatlanması deməkdir. 1918-ci ildə İrəvanı Azərbaycan Xalq Cümhuriyyətindənn qopararaq süni dövlət kimi ortaya çıxmış Ermənistanın ərazi genişləndirmək iddiasından vaz keçməsi İrəvandakı hökuməti və hökumət olmaq istəyənləri müstəqillik faktı qarşısında qoyur.

Yəqin ki, eşitmisiniz, “Remora” adlı bir balıq növü var. Bu balıq su hövzəsindəki iri balıqlara yapışır, onlarla birgə hərəkət edir, ifrazatları ilə qidalanır. Ermənistan Anadoluda və Cənubi Qafqazda marağı olan, bu maraqlar naminə türklərlə üz-üzə gələn dövlətlərin boynuna yapışmış remoradır. İki əsrdən çox bir müddətdə Osmanlıya, Türkiyəyə və Azərbaycana qarşı hər cür xəyanəti, şərəfsizliyi özlərinə rəva görmüş, amansız qətliamlar törətmiş bir toplum nə öz xislətindən əl çəkmək, nə də yapışdığı “böyük balıq”ların sırtından düşmək istəyir.

Əgər xatırlayırsınızsa, bu il noyabrın 10-da- faktiki olaraq Ermənistanın kapitulyasiya aktı sayılan Üçtərəfli Bəyanatın imzalanmasının birilliyi ərəfəsində Moskvada Rusiya prezidenti Vladimir Putinin təşkilatçılığı ilə İlham Əliyevlə Nikol Paşinyanın görüşü gözlənirdi. Bütün siyasi ekspertlər bu qənaətdə idi ki, Putinin araçılığı ilə baş tutacaq müzakirələr “Zəngəzur dəhlizi”nin açılması, sərhədlərin dəqiqləşməsi, sülh sazişinin mətninin masaya qoyulması, Cənubi Qafqazda yeni əməkdaşlıq modelinin qurulması baxımından konkret nəticələr doğuracaq. Ancaq Nikol Paşinyan Moskvaya getmədi və bununla Qarabağ savaşında qırılmış, dırnaq boyda qalmış buynuzunu, necə deyərlər, həm Putinin, həm də İlham Əliyevin çomağına sürtdü. Bununla da kifayətlənməyib Ermənistanda Rusiya əleyhinə aksiyaların təşkilinə start verdi, müdafiə nazirini Xankəndiyə göndərməklə, Daşaltı postunda Azərbaycan və rus əsgərlərinə qumbara atdırmaqla, Qaragöldə və digər sərhəd məntəqələrində gərginliyi artırmaqla, Arayik Arutyunyanın dili və əli ilə Qarabağdakı erməniləri rəsmi şəkildə silahlandıracağına eyham vurmaqla Bakıya və Moskvaya “ara, siz nə danışırsınız” mesajı göndərdi.

Nikol Paşinyan hər nə qədər macəraçı küçə uşağı olsa da, özünüqoruma refleksləri erməni hiyləgərliyi ilə birləşmiş bir siyasətçidir. O çox yaxşı fərqindədir ki, nə Vladimir Putinin cızdığı xəttdən kənarda çox qala bilər, nə də İlham Əliyevin təzyiqləri qarşısında uzun müddət tab gətirə. Azərbaycan artıq xeyli vaxtdır ki, Ermənistandakı hakimiyyət mücadiləsinə yön verir və bunu hər kəsdən daha yaxşı elə Nikol özü bilir. Məhz elə bu səbəbdən də o, yenidən 1992-ci il texnologiyalarına “qayıtdı”: Ermənistan ordusu Laçın və Kəlbəcərdən hücuma keçəcək, bir neçə məntəqə tutacaq, əsgərlərimizi həlak edəcək və əsir götürəcək, Qərbin və İranın “5-ci kolon”ları “bəs, nə oldu, İlham Əliyev” deyə Azərbaycanda küçələrə tökülüşəcəkdi. Mixail Saakaşvili Qafqaza yenidən “məxməri inqilab bombası” kimi atılandan sonra Bakıda “qələbəni əldən vermiş İlham Əliyevə” qarşı meydana çıxacaq istənilən avantüristi kimin maşası olmasına baxmadan sosial şəbəkə bir andaca “Azərbaycanın Mişası”na çevirəcəkdi.

Ancaq Nikol yenə yanlış hesabladı.

Nikol hələ də başa düşməyib ki, 44 günlük savaşda Azərbaycanın qələbəsini şərtləndirən iki başlıca amil var- modernizm və milli ruh! Miflər və nağıllar aləmində yaşayan erməni siyasətçilərindən fərqli olaraq, Azərbaycan məhz Əliyevlərin iqtidarda olmasının sayəsində Ermənistandan da, Gürcüstandan da fərqli yol tutaraq modernizm və milli ruh faktorunu maksimum müstəqillik faktına çevirib. Elə bu səbəbdən də Azərbaycan öz torpaqlarını azad etmək, öz sərhədlərini qorumaq üçün heç kimdən icazə istəmir, üstünə gələni dünən Zəngəzur yüksəkliklərində olduğu kimi, darmadağın edərək çıxdığı deşiyə qaytarır.

Nikol Paşinyan erməni toplumunun başının altına yastıq qoymaq üçün deyir: “Biz bu gün göstərdik ki, dövlətik”!

Pah!

O necə dövlətdir ki, həmləyə çıxardığı əsgərinin yanından mərminin yeli keçməmiş səfirliklərə minnətçi göndərir, beynəlxalq təşkilatların elektron poçt qutularında ağlaşma qurur, bunları da qoyaq bir qırağa, baş naziri telefondan sallaşıb rəsmən Rusiyaya yalvarır ki, gəl, mənim sərhədlərimi qoru?!.

Bir ölkə ki öz sərhədlərini özü qoruya bilmir, bir ölkə ki müstəqil şəkildə mövcud olmağı bacarmır, bir ölkə ki remora sayaq böyük balıqların- ABŞ-ın, Rusiyanın, Fransanın ifrazatı, yardımları ilə qidalanır, o ölkəyə “dövlət” yox, “Dıydıqstan” deyərlər.

Dünən dıydıqlara layiqli cavab verməklə Azərbaycanın müzəffər Ali Baş Komandanı və ordusu isbat etdi ki, başlayarsa, üçüncü savaş Qarabağda deyil, Qərbi Zəngəzurda gedəcək.

Taleh ŞAHSUVARLI

Xəbər 6613 dəfə oxunub.




09.11.2024  16:24 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +