09.09.2024 10:29
Abbas Əraqçı “qıl körpüsünü” İrana yaxınlaşdıra bilərmi?
İranın yeni xarici işlər naziri paradoksal imiş. Abbas Əraqçı nazirn müavini olarkən aktivliyi, regional mövzulara ciddi yanaşması, beynəlxalq hüququ prioritet qəbul etməsi ilə diqqət çəkmişdi. Vitse-prezident C.Zərifin istefasını da ona qarşı qısqanclıq nümunəsi kimi qəbul edilmişdi.
Abbas Əraqçının xarici işlər naziri statusunda işə başlaması ilə tək onun yox, İranın yeni təqdimatı oldu. İran İslam Respublikası İslam dünyasının liderliyinə yol göstərənliyə iddialıdır. Ali dini lideri bütün dünya müsəlmanlarının lideri kimi təqdim edənlər də var. A.Əraqçı nazir kimi ilk beş əlaqəsini xristian dövlətləri ilə qurdu. Avropa dövlətlərinin bu ardıcıllıqla İran Xİ nazirinə zəng etməsi qeyri-mümkündür. Sadəcə İranın Avropaya meylli olacağını nümayiş etdirməkdən ötrü A.Əraqçı Almaniya, Fransa, İtaliya və Böyük Britaniyanın nazirləri ilə danışdı. Bu ərəfədə Ermənistanın xarici işlər naziri ilə də əlaqəsi oldu. Ermənistan regionda və ya İranın qonşuları arasında A.Əraqçının əlaqə saxladığı yeganə dövlət idi. Nəinki Azərbaycan və Türkiyə, hətta İraqlı həmkarını belə "unutdu".
Həm İ.Rəisinin dəfnində, həm də M.Pezeşkianın inauqurasiyasında ərəb - İslam dövlətləri xeyli aktiv idi, amma A.Əraqçı bunu görmədi. Görünür, ali dini liderin ofisində işləmək onda İslam dövlətlərinə nifrət yaradıb. Hələ də A.Əraqçının küt, savadsız olduğunu ortalığa qoymağa tam əsas yoxdur. Bunun ən yaxşı izahı isə onun savadsızlığı ilə olmalıdır. Azərbaycan xarici işlər naziri ilə danışdıqdan sonra Qafqazla bağlı mövzuları önə çıxardı və Ermənistana əvvəlki qiymətini bir az azaltdı.
Rusiya Azərbaycanla münasibətlərini əvvəlkindən daha da istiləşdirdi. Hətta İranda bəzi ekspertlərin fikrincə, Rusiyanın Azərbaycandan ehtiyacı var. Azərbaycan Rusiya kimi dövlətin müəyyən problemlərinin həllində kömək edə bilən gücdə göründü. Bu İranı dərhal qıcıqlandırdı. Zəngəzur koridoru mövzusu ortalığa gəldi. RF XİN-nin sözçüsü M.Zaxarova İranın Zəngəzur koridoru ilə bağlı narazılığının olduğunu aktuallaşdırdı. V.Putin Azərbaycan Prezidentinə zəng edərkən Şimal-Cənub dəmir yolu marşrutu, yəni Zəngəzur koridorunu gündəliyə gətirdi. RF-in dediyi qaz svopu da İranın xoşuna gəlməyən ideyadır. Putin İranın Rusiyadan qaz almaq xahişini bəyan etdi. Belə dövrdə A.Əraqçı İranın Zəngəzur koridoru ilə bağlı mövqeyinin tək Azərbaycana aid olduğunu gizlətməkdən ötrü İranın şimalında, cənubunda, şərqində və qərbində bütün qonşuların sərhəd bütövlüyünün pozulmasını İran üçün təhlükə adlandırdı. A.Əraqçının dediyi o halda düzgün ola bilər ki, Küveyt, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan Respublikası, Ermənistan Respublikası və Türkmənistanla İranın sərhədlərini İran müəyyənləşdirmiş olsun. Beynəlxalq aləmdə tanınan sərhədlərlə bu düzgün deyil.
Küveytlə indi də İranın mübahisəsi var. Eyni fikri Səudiyyə Ərəbistanı barədə də demək olar. Artıq BƏƏ-nin 3 adasına münasibət İranın hətta iki ən yaxın müttəfiqi və İranı bu vaxta qədər müdafiə etmiş BMT TŞ üzvü Çin və Rusiyaya da bəllidir. Hər ikisi o üç adanı İranınkı hesab etmir, BƏƏ-nin ərazisi hesab edir. O zaman İran kömək etsin ki, BƏƏ-nin üç adası ona qayıtsın. Həm BMT nizamnaməsinə, həm də RF və Çinə görə o adalar İranınkı deyil. Tək İranla yox, Ermənistanın heç bir qonşusu ilə delimitasiya, demarkasiya olunmuş sərhədi yoxdur. Bütün ermənilərin tarix boyu ən böyük konfliktogenliyi də məhz buradan yaranıb. İstənilən anda Gürcüstana ərazi iddiası irəli sürə bilər. Türkiyəyə, Azərbaycana sürüb. Nəinki Azərbaycanla, hətta Ermənistanın Gürcüstanla sərhədinin 20%-i delimitasiyadan keçib. Belə olan halda sərhədi bəlli olmayan Ermənistanın sərhədini A.Əraqçı nə qaydada, hansı adla, formada müəyyənləşdirib?! Heç olmasa İran Ermənistanın sərhədini tanısın və tanıtsın. Bunu etmirsə və savadsızlığı, zəifliyi ilə İranı diqqət mərkəzinə gətirirsə, bu, İranın “qıl körpüsünə” getməsi, “qıl körpüsünün” İrana tərəf çəkilməsi anlamındadır. A.Əraqçı nazir olduğu dövrdə İran seçim qarşısında qalacaq. Bəlkə də bu “qıl körpüsü” timsalında oldu.
Mübariz Əhmədoğlu
Politoloq
Xəbər 4483 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|