Azərbaycan ərazisindən RF sülhməramlılarının çıxması yeni geosiyasi reallıq yaratdı. Əlbəttə, RF sülhməramlıları Qarabağ ərazisinə daxil olanda bunu da ciddi geosiyasi dəyişiklik kimi təqdim edənlər oldu. Çünki Azərbaycanda Rusiyanın hərbi bazası yox idi və “Şərq Tərəfdaşlığı” ölkələri içərisində bu parametr üzrə yeganə ölkə idi.
RF sülhməramlılarının Azərbaycan ərazisindən çıxması artıq yeni regional reallıqları nəzərə almalı idi. İran xeyli aktivləşmişdi. Yardım, kömək adı ilə Ermənistanı öz tərkibinə qatmaq istəyirdi, konsepsiyası aydındır. Çar Rusiyası vaxtilə güclü olub, Qafqazın 17 şəhərini, İrəvanı İranın əlindən alıb. İndi Rusiya Ukrayna müharibəsindən getdikcə zəifləyir və İran Qafqazda yenidən dominant olmalıdır.
Bu dominantlıq da Ermənistandan başlamalıdır. Təbii ki, bunu müxtəlif adlarla ermənilərə inandırırdı. Uzun müddət Ermənistanın ictimai-siyasi mühitində iş aparıb, xeyli strukturlar yarada, ekspertləri özünə tərəf çəkə bilmişdi. N.Paşinyan isə bu dövrdə İranla Qərbi barışdırmaq istiqamətində ekvilibiristika qurmuşdu. Bəlli oldu ki, İran həmin İrandır. N.Paşinyan Qafqazda “böyük qırğından” danışdı, bu qırğının qarşısını almaq üçün 4 kəndi təcili Azərbaycana qaytardı.
Paşinyanın Qərb havadarlarının da məsləhəti bu işdə heç də az rol oynamadı. ABŞ və Qərbin məsləhəti ilə Paşinyan 4 kəndin Azərbaycana qaytarmasını sürətləndirdi. Gizlicə RF -dən Qarabağdan çıxan sülhməramlılarını Ermənistan göndərməyi xahiş etdi. Qarabağdan çıxıb Azərbaycanın qalan ərazisi ilə Dağıstana gedən RF sülhməramlılarının bir qismi Ermənistana getdi.
3 tərəfli bəyannamə Yerevanın təkidi ilə bərpa oluna bilər. Zəngəzur koridoru Azərbaycanın tələb etdiyi qaydada işə düşə bilər. Bu koridora RF sülhməramlıları və ya RF sərhədçiləri nəzarət edə bilər. İran yubatdı-yubatdı qazancı bu oldu. Amma tək bu deyil. RF İranı tanıdı və ali dini lideri RF-in müftisi şeyx Ravil Qaynuddinlə eyniləşdirdi. Xamneini 85 yaşını o təbrik etdi.
Rusiyada İrana inam hədsiz çox böyük idi. Hətta İran ardıcıl anti-Rusiya addımlar atmasına baxmayaraq RF İrana qarşı ancaq yaxşılıqla məşğul idi. Nəhayət, İran Rusiyanı nüvə sahəsindən, əvvəlcədən razılaşdırılmış AES tikintisindən, 4 neft yatağının birgə istismarı layihəsindən uzaqlaşdırdı. İsraillə əlaqəli proseslərdə 10-na yaxın dövlətlərlə məsləhətləşən İran Rusiyanı görmədi, əksinə mətbuatında indi ABŞ-ın Ukraynaya yardım ayırmasını təbliğ edir. İran Rusiyanı bezdirdi və İran anlamalı idi ki, kimsə Rusiyanı başa sala bilər. Görünür RF-i yaxşı başa salıblar və bu gün Rusiya artıq İrana Cənubi Qafqaz, ümumilikdə Qafqaz regionuna müdaxilə edən dövlət kimi görünür.
Tək Rusiya deyil, Allah da İrandan üz döndərib. Çünki Tavuşda əhalinin etiraz aksiyalarının gur vaxtında İrandan Ermənistana gələn yolu da sel bağladı. Bəlkə də N.Paşinyan “sel yaratdı”, bu ayrı məsələdir. Bunu da qəbul etmək mümkündür.
İran özünə baxmalıdır. Azərbaycan qədər dünyada İrana yaxın ikinci dövlət olmayıb. Artıq bütün dünya dövlətləri İranın Azərbaycana münasibətinin nə olduğunu bilirlər.
İranın Ermənistana münasibətinin bütün iç mahiyyətini bilirlər. Normal məntiqlə belə İrana heç yerdə hörməti ola bilməz. İranın etdiyi əməllərin nəticəsidir, indi qabağına çıxır. İranla Rusiya ola bilər İranın daxilində tarixi hansısa məkanda bəlkə də yeni dialoq aparmağa hazırlaşa bilərlər.
Mübariz Əhmədoğlu
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin (SİTM) rəhbəri
Xəbər 7161 dəfə oxunub.