8-ci mikrorayon, Azadlıq prospekti 188/28 ünvanında 170-ə yaxın ağacın məhv edilərək, yerində obyekt tikilməsi ilə bağlı redaksiyamıza şikayət daxil olub. XəzərNews.az bildirir ki, Musavat.com-un müxbiri adıçəkilən ərazidə olub, məsələni yerində araşdırıb.
Ərazidə olduğumuz zaman qazıntı işlərinin həyata keçirildiyinin şahidi olduq. Təqribən 50-yə yaxın ağacın yerində obyekt tikintisi üçün hazırlıq gedir. Tikiləcək obyektin bünövrəsi qazılıb, əraziyə tikinti materialları gətirilib. Tikinti aparılan ərazinin ətrafınakı digər yaşıllıqlar da məhv edilir.
Obyektin bünövrə çuxuru ağacların əhatəsində qaızılıb. Onlarla ağac bünövrənin tam ortasında qalıb. Bir neçə ağac isə zədələnmiş, qırılmış vəziyyətdədir.
Sakinlər iddia edir ki, əvvəllər ərazidə 150-dən çox müxtəlif növ ağac olub. Son ilyarım ərzində onlar zaman-zaman məhv edilərək, yoxa çıxarılıb: “Bu ərazidə təqribən 170-ə yaxın çox dekorativ və meyvə ağacları var idi. İlyarım ərzində bu yaşıllıqlar məhv edildi. Ağacların kəsilməsində Binəqədi Rayon Yaşıllaşdırma Sahəsinin rəisi Maşallah Məmmədovun da rolu var. Onun işçilərinin ağacları necə məhv etmələrini isbat edən foto və videogörüntülər də var. Əvvəlcə ağacları budamaq, qulluq etmək adı ilə məhv etdilər. Sonra gördülər ki, tez-tez cərimələnirlər, ağaclara gələn su xəttini kəsdilər. Təkrar şikayətlərdən sonra yenidən su çəkdilər. Bir sözlə, öz məqsədlərinə çatdılar. İndi isə tamamilə yaşıllığı yoxa çıxarmağa çalışırlar”.
Diqqət çəkən məqamlardan biri isə tikinti aparılacaq ərazidə parkın abadlaşdırma planını göstərən lövhə vurulub. Yəni layihədə yaşıllaşdırma və abadlıq işlərinin aparılacağı əks olunur.
Lakin yaxınlığındakı 28-ci binanın sakinləri bu planının gözdən pərdə asmaq üçün hazırlandığını bildirdilər: “Çoxsaylı şikayətlərdən sonra ərazidə yaşıllığın abadlaşdırılmasını göstərən lövhə asdılar. Biz sual edirik, əgər burada abadlaşdırma, yaşıllaşdırma işləri aparacaqlarsa, nəyə görə ağacları məhv edirlər? Əgər bu park vətəndaşlara xidmət edəcəksə, onların istirahəti üçün nəzərdə tutulubsa, bu yaşıllıq niyə qırılmalıdır? Ağacları mühasirəyə alıb, böyük bir ərazidə bünövrə niyə salınır? Qazıntı işlərindən açıq-aşkar bəlli olur ki, obyekt tikintisidir. İşbazlar burada ya qəlyanxana, ya sauna, ya da restoran tikməyi planlaşdırırlar”.
Bina sakini Elçin Hüseynov bir neçə ay öncə eyni vəziyyətin şahidi olduğunu bildirdi: “ Təqribən bu ərazidən 200 metr uzaqlıqda yol kənarında yaşıllığı abadlaşdırıb, obyekt tikdilər. Hətta bununla bağlı şikayətlər də oldu. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “İdeya” ictimai birliyi, BŞİH-i əməkdaşları əraziyə baxış keçirdilər. İşbazlar obyektin kitabxana kimi fəaliyyət göstərəcəyini deyib, vəziyyətdən çıxış yolu tapdılar. Obyektin üzərinə “Kitabxana” yazdılar. Ara sakitləşəndən sonra kitabxananı kababxanaya, qəlyanxanaya çevirdilər. Restoran kimi fəaliyyətini davam etdirdilər”.
E.Hüseynov yaşıllığın məhv edilməsi ilə bağlı şikayətlərdən sonra Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən təzyiqlərə məruz qaldıqlarını bildirdi: “Son illər istər yaşıllıqların, istərsə də digər məsələlərlə bağlı şikayətimizi bildirən zaman icra hakimiyyəti tərəfindən narazılıqla qarşılanıb. Bizi hədələyiblər ki, etiraz etməyin. Bir neçə dəfə icra başçısının göstərişi ilə əraziyə polis əməkdaşları göndərilib. Bu səbəbdən də insanlar psixoloji təzyiqlə üzləşir, problemlərini deməyə çəkinirlər. Biz rayon İcra Hakimiyyətindən narazıyıq ki, belə hallara yol verir, bizim problemlərimizə göz yumur”.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz: