19.03.2023 20:09
Yuxusuzluq: Kimlər risk altındadır?
XəzərNews.az Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Günay İsmayılovanın müsahibəsini təqdim edir:
Günay xanım, ilk öncə bilmək istərdik ki, yuxusuzluğun simptomlarına nələr daxildir?
- Yuxusuzluq (tibbi dildə “insomnia”) yuxuya getmək və ya yuxuya getməkdə çətinlik çəkən yuxu pozğunluğudur.
Yuxusuzluğun simptomları aşağıdakılardır:
• yuxuya getməkdə çətinlik;
• gecə ərzində yuxudan tez-tez oyanmaq;
• səhərlər çox erkən oyanmaq;
• oyandıqdan sonra yorğunluq hissi.
- Yuxusuzluğun səbəbləri hansılardır?
- Yuxusuzluğun yaranma səbəblərinə aiddir: depressiya, xroniki stress, emosional narahatlıq, gərginlik, yuxuya mane olan xarici amillər (səs-küy, işıq, isti hava), narahat ayaq sindromu; çox ağır fiziki yorğunluq; uzun müddət sürən ağrılar, aritmiyalar, hormonal pozğunluqlar, narkotiklərə məruz qalma, alkoqol və nikotinin istifadəsi, enerji içkiləri, burun çəpərinin əyriliyi və ya poliplər səbəbindən nəfəsalmanın pozulması, bəzi dərmanlar (məsələn, depressiya, yüksək qan təzyiqi və ya astmanın müalicəsində istifadə olunan dərmanlar), yuxu rejimində dəyişikliklər (məsələn, gecə növbələrində işləmək).
- Az yatmağın orqanizm üçün hansı fəsadları var?
- Əgər yuxusuzluq insanı uzun müddət narahat edirsə, bu ciddi sağlamlıq problemlərinə gətirib çıxarır. Nevrotik pozuntular (gərginlik, fobiya, panik ataklar, depressiya və s.) yaranır, yaddaş itkisi, neyrodegenerativ xəstəliklər (məsələn, Alzheimer xəstəliyi), ürək-damar xəstəlikləri, yüksək qan təzyiqi, immun sisteminin disfunksiyası, hormonal disbalans riski artır.
- Normal yuxu rejimi necə tənzimlənməlidir?
- Yuxu orqanizmin bərpası üçün zəruri olan təbii bioloji prosesdir. Sağlam insan yuxusu orta hesabla sutkada 7-8 saat davam etməlidir. Normalda yuxu gecə saatlarında olmalıdır. İdeal olaraq, insan axşam saat 22:00 ilə 23:00 arasında yatmalı və 3-5 dəqiqə ərzində yuxuya getməlidir. Bu, sağlam yuxu üçün ən optimal vaxtdır. Bu zaman stress hormonu olan kortizolun səviyyəsi azalır, melatonin (yuxu hormonu) isə əksinə yüksəlməyə başlayır.
Qeyd edim ki, yuxusuzluq qısamüddətli (kəskin yuxusuzluq) və ya uzunmüddətli (xroniki yuxusuzluq) ola bilər. Kəskin yuxusuzluq adətən stressdən yaranır və bir neçə gündən bir neçə həftəyə qədər davam edə bilər. Ancaq bəzi insanlarda bir ay və ya daha çox davam edən xroniki yuxusuzluq halları da görülə bilər.
- Kimlər risk altındadır?
- Yuxusuzluqdan şikayət edən xəstələrin ən çox yayılmış qrupları bunlardır: 60 yaşdan yuxarı insanlar, elmi işçilər və yaradıcı peşələrlə məşğul olanlar, gecə saatlarında işləyənlər, tez-tez iqlimi və coğrafi mövqeyini dəyişməyə məcbur olanlar, psixi pozğunluqları və digər xroniki xəstəlikləri olan şəxslər.
- Bəzi yuxu rejimi pozulmuş şəxslər həkim nəzarəti olmadan müəyyən dərman vasitələri qəbul edirlər. Bunun hansı əks təsiri ola bilər?
- Yuxusuzluğun medikamentoz müalicəsi mütləq həkim tərəfindən təyin olunmalıdır, çünki bəzi dərmanlar arzuolunmaz yan təsirlərə səbəb ola bilər. Məsələn intoksikasiya, daxili orqan və sistemlərin zədələnməsinə gətirib çıxara bilər.
- Yuxusuzluğun qarşısının alınması üçün məsləhətlərinizi bilmək istərdik. Yuxu pozulmaları olan xəstələr nə zaman həkimə müraciət etməlidirlər?
- Xroniki yuxusuzluğun müalicəsi ilk növbədə buna səbəb olan amillərin, xəstəliklərin müalicəsi ilə başlayır. Çox vaxt qeyri-medikamentoz müalicə üsulu yaxşı nəticələr verir.
Yuxusuzluqdan əziyyət çəkən insanlara aşağıdakıları bilmək tövsiyə olunur:
• Hər gün eyni vaxtda yatmaq və oyanmaq.
• Gündüzlər yatmamağa çalışın, çünki bu, gecə yuxuya getməyinizə mane ola bilər;
• Günün sonunda qəhvə, spirtli içkilər və ya siqaret istifadə etməyin, çünki kofein və spirtli içkilər stimullaşdırıcı xüsusiyyətlərə malikdir və yuxuya getməyinizə mane olur;
• Müntəzəm olaraq məşq edin. Eyni zamanda, yatmazdan əvvəl ağır məşqlərdən çəkinin;
• Günün sonunda ağır yeməklərdən maksimum şəkildə uzaq durum;
• Yatmaq üçün düzgün mühit seçin. Yataq otağınızın şəraiti yaxşı yuxu almanızda ən böyük rol oynayan amillərdəndir;
• Yatmazdan əvvəl otağı yaxşı havalandırın;
• Axşam saatlarında stress yaradan amillərdən uzaq durun;
• Gündəlik olaraq yatmazdan əvvəl bir məşquliyyət seçin. Nümunələrə isti duş qəbul etmək, sakitləşdirici musiqi dinləmək və ya kitab oxumaq daxildir.
Bütün bunları etməklə yuxusuzluğu aradan qaldırmaq mümkün olmursa, həkimə müraciət etməniz tövsiyə olunur.
Xəbər 5038 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|