13.02.2019 13:54
“BP Azerbaijan” hesabat açıqladı - XƏRCLƏR
“BP Azerbaijan” şirkəti 2018-ci il üzrə hesabatı açıqlayıb.
Şirkətdən XəzərNews.az-a verilən məlumata görə, 2018-ci il ərzində Azəri-Çıraq-Günəşli (AÇG) üzrə fəaliyyətlərə təqribən 505 milyon dollar əməliyyat məsrəfləri və 1 milyard 150 milyon dollar əsaslı məsrəflər xərclənib.
İl üçün AÇG-dən ümumi hasilat – Çıraq (46 000), Mərkəzi Azəri (154 000), Qərbi Azəri (126 000), Şərqi Azəri (97 000), Dərinsulu Günəşli (105 000) və Qərbi Çıraq (57 000) platformalarından birlikdə – gündə orta hesabla 584 000 barel və ya ümumilikdə təqribən 213 milyon barel, yəni 29 milyon tona çatıb. İlin sonunda AÇG-də ümumilikdə 117 neft hasilat quyusu və 44 su injektor quyusu və 7 qaz injektor quyusu istismarda olub. 2018-ci ildə AÇG-də 14 neft hasilat quyusu və 3 su injektor quyusu qazılıb.
Hesabat dövründə AÇG və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam edib.
Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və Şahdəniz qazı üçün təqribən 55 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 75 milyon standart kubmetrdir.
İl ərzində terminal üçüncü tərəf həcmləri də daxil olmaqla 284 milyon bareldən çox neft və kondensat, o cümlədən təqribən 255 milyon bareldən çox Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə, 28 milyon bareldən çox Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə və təqribən 1,3 milyon barelə yaxın ayrıca kondensat ixrac kəməri vasitəsilə ixrac edib.
Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.
İl ərzində terminaldan həmçinin gündəlik orta hesabla 28,4 milyon standart kubmetr (1003 milyon standart kubfutdan çox) Şahdəniz qazı ixrac edilib.
Ötən ildə BTC üzrə əməliyyat xərclərinə təqribən 116 milyon dollar, əsaslı xərclərə isə təqribən 41 milyon dollar xərclənib.
2018-ci il ərzində isə BTC vasitəsilə 34 milyon tondan çox (təqribən 255 milyon barel) xam neft ixrac olunub və bu neft Ceyhanda 327 tankerə yüklənib.
2018-ci ildə Şahdəniz üzrə fəaliyyətlərə 578 milyon dollardan çox əməliyyat xərcləri və təqribən 1,44 milyard dollar əsaslı xərclər çəkilib. İl ərzində yataqdan 11,5 milyard standart kubmetr qaz və 2,5 milyon ton (təqribən 20,5 milyon barel) kondensat hasil edilib.
2018-ci il ərzində CQBKG üzrə işlər Azərbaycan və Gürcüstanda boru kəməri marşrutu boyunca uğurla davam edib. Bu iki ölkə ərazisində Türkiyəyə ilk kommersiya məqsədli qaz çatdırmaları üçün nəzərdə tutulmuş bütün infrastruktur plana uyğun şəkildə tamamlanaraq 30 iyunda başlamış ixrac əməliyyatları üçün hazır vəziyyətə gətirilib. Hazırda boru kəməri vasitəsilə Türkiyəyə kommersiya daşımaları həyata keçirilir və CQBKG-nin Azərbaycan və Gürcüstan ərazisindəki qurğuları və boru kəməri hissələri ixrac qaz həcmlərini daşıyır.
Xəbər 1755 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|