12.02.2019 18:43
Əflatun Amaşov: “Azərbaycanda kitablar çox bahadır”
Milli Məclisin bu gün keçirilmiş plenar iclasında çıxış edən millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov "Kitabxana işi haqqında" Qanuna təklif olunan dəyişikliyi vacib sayıb.
XəzərNews.az-ın məlumatına görə, Ə.Amaşov deyib ki, bu dəyişiklik kitabxanaların elektron sistemə keçməsi ilə bağlıdır.
“Daha bir mühüm dəyişiklik kitabxanaların pulsuz məcburi nüsxələrlə təchizatı ilə bağlıdır. Hesab edirəm ki, hər iki məsələ olduqca vacibdir.
Azərbaycanda müxtəlif mətbəə və nəşriyyatlarda kitablar çap olunur. Ancaq təəssüf ki, onların kitabxanalara çatdırılması işi düzgün qurulmayıb. Bu sahədə əksər hallarla qanunun tələbləri gözlənilmir. Burada məsuliyyətin artması həm də imkan verəcək ki, kitabların məzmununa diqqət yetirilsin. Biz müxtəlif dövrlərdə bəzi anti-milli qüvvələrin öz məqsəd və mənafelərini yaymaq üçün kitablar buraxdıqlarının şahidi olmuşuq. Təəssüf ki, nəşriyyat və mətbəələr məsələyə ciddi önəm vermir. Əslində onların belə bir mexanizmi də yoxdur ki, müvafiq yoxlama işləri aparsın”.
Deputat digər bir məsələyə də toxunub:
“Bu da kitabların qiyməti ilə bağlıdır. Qiymətlər çox bahadır. Əsasən də ölkəyə kənardan gətirilmiş kitabların qiyməti. Məlumatlara görə, hazırda ölkəyə il ərzində 200 min kitab gətirilir. Sovet dövrü ilə müqayisədə bu rəqəm dəfələrlə azdır. Qiymətə gəldikdə isə, təsəvvür edin ki, kitab Azərbaycana gətirilərkən 7 faiz gömrük, 18 faiz əlavə dəyər vergisi tutulur. Üstəlik satış zamanı gəlir əldə etmək üçün təqribən 20-25 faiz də əlavə olunur. Bundan başqa satış müvafiq dövlət qurumuna hesabat verərkən onlar yenidən 18 faiz də ödəməli olurlar. Gəlin hesablayaq, 7+18+20+18=63. Lap olsun 60. Bundan sonra təsəvvür edin ki, oxucu kitab əldə etmək üçün nə qədər pul xərcləməlidir.
Bəzi ölkələrdə çap məhsulları bütün növ vergilərdən azaddır. Mən həmkarım Fazil Mustafanın burada səsləndirdiyi fikirləri dəstəkləyirəm. Təklif edirəm ki, ümumiyyətlə bütün çap məhsulları – qəzet, jurnal, kitab istehsalı və ölkəyə gətirilməsi üzərindən ƏDV götürülsün. Nəzərə alaq ki, gələcək elmə, biliyə söykənir. İstərdim ki, gələcəyimiz naminə bunu utunmayaq".
Xəbər 1179 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|