22.10.2022 10:03
Budurmu İranın Azərbaycana qardaş münasibəti?
Son günlər İran Azərbaycanla sərhəddə yenidən təlimlərə başlayıb. İran Azərbaycanla sözdə qardaş olsa da əməldə düşməndir. İranın Azərbaycanla sərhəddə keçirdiyi təlimlər növbəti əzələ nümayişdir, bunun başqa izahı yoxdur.
Nümayiş etdirilən kadrlardan aydın görsənir ki, İran ordusu qeyri-peşəkar, müasir dövrün hərbi standartlarından tamamilə geridə qalıb. Uzun illər tətbiq olunmuş sanksiyalar səbəbindən İran ordusu texnoloji baxımdan 1970-ci illərin səviyyəsini keçə bilməyib. Təlimlər zamanı hədəflərin düzgün müəyyənləşdirilməməsi, İran texnikalarının hədəf götürülməsi və dağıdılması bu fikri bir daha təsdiq edir.
Onu da qeyd edək ki, İranın ciddi cəhdlə təriflədiyi dronlar Ukrayna ordusu tərəfindən asanlıqla məhv edilir. Bununla yanaşı, bu gün İran Ukrayna şəhərlərinin, mülki əhalisinin hədəf götürülməsində birbaşa iştirak edir. Riyakarcasına inkar və təkzib etməsinə baxmayaraq, İran dronlarını, mütəxəssislərini Ukraynaya qarşı hərbi əməliyyatlarda iştiraka cəlb edib.
İranın əzələ nümayişi bu gün heç kimi, o cümlədən də Azərbaycanı qəti narahat etmir. Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla mətbuata birgə bəyanatında bildirib: “Türkiyə-Azərbaycan birliyi bölgədə çox önəmli bir amildir. Bu, sülh, sabitlik amilidir. Ancaq, eyni zamanda, əgər kimsə yenə də bizə qarşı ədalətsiz hərəkət etmək istəsə, əlbəttə ki, bu amili ciddi nəzərə almalıdır”. İran bu mesajdan çox ciddi nəticə çıxarmalı və hansı qüvvə ilə üz-üzə gəlmək istədiyini anlamalıdır. Bunun vəbalı və nəticəsi İran üçün çox ağır olacaq.
İran onu da anlamalıdır ki, Azərbaycanın atdığı addımlar, o cümlədən də Zəngəzur dəhlizinin reallaşdırılması heç kimə qarşı yönəlməyib, əksinə, bölgənin inkişafına əsaslı töhfə vermək məqsədi güdür. Türkiyə Prezidenti R.T.Ərdoğan mətbuata birgə bəyanatında bildirib: “Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirəcək Zəngəzur dəhlizi ilə bağlı bəzi dairələrdəki qorxu və narahatlıq mənə görə reallıqdan uzaqdır… Bu yol bölgənin sülh, əmin-amanlıq və sabitliyinə töhfə verəcəyi kimi, Xəzərdən keçməklə Şərq-Qərb, Orta Dəhliz marşrutları üzərində yerləşən bütün ölkələr üçün ticarət və sərmayə imkanları təqdim edəcək”.
İran öz ənənəsinə sadiq qalaraq ermənipərəst və anti-Azərbaycan siyasətini davam etdirir. Təsadüfi deyil ki, Türkiyə Prezidenti R.T.Ərdoğanın Azərbaycana səfəri zamanı İranın xarici işlər naziri Əmir Abdullahian da İrəvana səfər etdi. İran bununla Azərbaycana hansı mesajı vermək istəyir?
İran bütün dövrlərdə Ermənistanın yanında olduğunu, onun maraqlarını tam müdafiə etdiyini öz əməli ilə təsdiq edib. Azərbaycan torpaqları işğal altında olduğu dövrdə İran Ermənistanla siyasi, iqtisadi-ticarət, humanitar əlaqələrini inkşaf etdirib, birgə layihələr həyata keçirilib. İran rəhbərləri müntəzəm qaydada Ermənistanın Koçaryan və Sarkisyan kimi əli Azərbaycan xalqının qanına batmış cəllad rəhbərlərinə isti münasibət göstərərək qucaq açıb, İran-Ermənistan dostluğu və qardaşlığı haqqında bəyanatlar veriblər.
30 illik işğal dövründə İran həmin ərazilərdə Azərbaycan xalqına məxsus milli mədəni irsin dağıdılmasına, məscidlərin uçurulması və təhqir olunmasına göz yumub, İrəvanda, Şuşada məscidləri bərpa etməklə, farslaşdırmaqla Ermənistanın "humanist" simasını qoruyub saxlamağa çalışıb. İran şirkətləri Azərbaycanın işğal edilmiş ərazilərində qarət və talançılıq prosesində çox yaxından iştirak ediblər. Budurmu İranın Azərbaycana dost və qardaş münasibəti? Hanı bəs İranın “sadiqliyini” ifadə etdiyi İslam dəyərləri, müsəlman qardaşlığı və təəssübkeşliyi?
44 günlük Vətən müharibəsi dövründə İran rəhbərliyi ən sonuncular sırasında, artıq müharibənin taleyinin həll edildiyinı və Azərbaycanın şəksiz qələbə qazandığına əmin olduqdan sonra ölkəmizə dəstək ifadə edən bəyanat verib. Amma müharibənin gedişində Ermənistana silah göndərilməsindən tutmuş Azərbaycanın təhdid olunmasına kimi ölkəmizə qarşı hər cür vasitələrdən istifadə edib. Bunlar hamısı təkzib olunmaz faktlardır.
Azərbaycanın torpaqları işğal altında olan dövrdə yalnız növbətçi bəyanatlarla kifayətlənən İran rəsmiləri indi Ermənistanın ərazi bütövlüyünün "qırmızı xətt" olması ilə bağlı ardıcıl bəyanatlar verir, Azərbaycana qarşı hədələr və hədyanlar səsləndirir, hərbi təlimlər keçirir, bütün mümkün vasitələrlə Ermənistanı müdafiə edirlər. Müsəlmanların qanını axıdan bir dövlətə dəstək verən İranın İslam dəyərlərinin müdafiəsi, bu prinsiplərə sadiqlik haqqında danışmağa haqqı yoxdur.
İranda azərbaycanlıların və ermənilərin hüquq və azadlıqlarına olan münasibət də rəsmi Tehranın ikiüzlü siyasət yürütdüyünü aydın göstərir. İran hakimiyyəti azərbaycanlıları bütün hüquqlardan məhrum edib, ana dilində təhsil almaq, yazmaq hüququnu belə əlindən alıb. İranda azərbaycanlıların hər hansı birlik, təşkilat yaratması hakimiyyətə və dövlətə qarşı təhdid kimi dəyərləndirilir və bundan irəli gələn sərt addımlar atılır. Ermənilər isə İranda bütün imkanlardan istifadə edirlər, öz dillərində mediaları fəaliyyət göstərir, ana dilində təhsil alırlar.
Hazırda İranda cərəyan edən hadisələr, kütləvi etirazlar, iğtişaşlar insanların rejimin tətbiq etdiyi üsul-idarə ilə artıq barışmadığını göstərir. İran cəmiyyəti artlq din amilindən istifadə etməklə bütün hüquq və azadlıqlarının məhdudlaşdırılmasını, orta əsr təfəkkürünü, teokratik idarəçiliyi, anti-insani davranışı qəbul etmir.
Onu da qeyd edək ki, İran hakimiyyətinin milli sərvətləri ayrı-ayrı ölkələrdə təsir güclərinin yaradılmasına və saxlanmasına, stabilliyin pozulmasına yönəltməsi İranın dünyada terroru dəstəkləyən ölkə imicinin formalaşmasını şərtləndirən əsas amillərdir. Azərbaycan ictimaiyyəti İranın Ermənistanın ölkəmizə qarşı terror siyasətinə verdiyi davamlı və açıq dəstək nümunəsində bunun dəfələrlə şahidi olub.
Bu gün İranın təsiri altında olan, bu ölkənin yalan təbliğatına məruz qalan insanlar başa düşməlidir ki, onlardan öz xalqına və dövlətinə, ölkəmizin milli maraqlarına qarşı istifadə olunur. İran belə insanların beyinlərini yumaqla, maliyyələşdirməklə Azərbaycan daxilində öz dayaq nöqtələrini formalaşdırmağa çalışır, təxribatlar üçün öz aləmində plasdarm hazırlayır.
Həmin vətəndaşlarımız bunu anlamalı, İranın onlardan din pərdəsi altında ölkəmizə qarşı istifadə etməsinə, murdar və çirkli niyyətlərini həyata keçirməsinə imkan verməməlidir. Son hadisələr İranın məqsəd və məramını açıq ortaya qoydu.
Sonda bir daha vurğulayaq ki, Azərbaycan güclü, müstəqil, müasir silah arsenalına və texnikasına malik dövlətdir, Azərbaycanı heç kim haqq yolundan döndərə bilməz.
Ceyhun Məmmədov,
Milli Məclisin deputatı
Xəbər 947 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|