27.10.2022 18:11
Qurultay 203 min manatı belə “udub“
Mədəniyyət Nazirliyi Azərbaycan Yazıçılar Birliyinin XIII Qurultayının təşkilinə büdcədən 203 min manat ayrıldığını açıqladığı gündən etibarən məsələ böyük rezonans doğurub. AYB üzvləri bu vəsaitin Azərbaycan Akademik Milli Dram Teatrının icarəsinə, qurultay üçün hazırlanan posterlərə, qonaqlar üçün təşkil edilən kofe-breykə və xarici qonaqların təyyarə bileti ilə Bakıda qonaqlanmasına xərcləndiyini bildirirlər. Sadaladığımız faktorların 203 min manatlıq bir xərc tələb etmədiyini düşündüyümüz üçün kiçik bir araşdırma etmək istədik.
Tədbirə təxminən 20 nəfər xarici qonaq dəvət edilib. Tədbirdəki müşahidələrimizə əsasən isə qurultaya Türkiyədən üç, Pakistandan bir, Rusiyadan da bir nəfər təşrif buyurmuşdu. “Google”da Bakıdakı beşulduzlu hotellərin bir gecəlik qiyməti barədə araşdırma apardıqda məlum olur ki, günlük icarə haqqı 100-200 manat aralığındadır. Qonaqların Bakıda iki-üç gün gecələyəcəklərini, eləcə də yemək və yol xərclərini nəzərə alsaq, bir nəfər üçün təxminən üç min manat civarında vəsait xərclənir. Yəni ümumilikdə 60 min manatın 20 nəfər xarici qonaq üçün xərcləndiyini deyə bilərik.
Geriyə qalan əsas məsələ qurultayın keçirildiyi məkanın - Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının icarə haqqıdır. Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, “Azdrama”nın günlük kirayəsi beş-altı min manat civarındadır.
Müqayisə üçün qeyd edək ki, Azərbaycanın məşhur məkanlarından olan “Hilton Baku”da 150-200 nəfərlik bir günlük icarə haqqı 5 000, yarım günlük isə 3 500 manatdır. Həmin qiymətə zalda proyektor, ekran, iki ədəd mikrofonla birlikdə səs sistemi, mineral sular və konfrans üçün avadanlıqlar daxildir. Kofe-breyk isə adambaşı 17 manat təşkil edir.
“JW Marriott Absheron”da da məbləğ çox fərqlənmir. Belə ki, burada 200 nəfərlik zalın icarə haqqı altı min manatdır. Qiymətə proyektor, ekran, səs sistemi daxildir. Kofe-breyk isə bir nəfər üçün 15 manata nəzərdə tutulub.
“Azdrama”da kofe-breykə ayrılan vəsait isə nəinki adambaşı 15-17 manat, heç 10 manat məbləğində də olmazdı. Ən maksimal məbləğdən hesabladıqda bunun üçün də iki min manat xərcləndiyini ehtimal edə bilərik. Kitab və poster çapına isə nə qədər pul sərf olunduğu bəlli deyil. Amma güman edirik ki, 135 min manat xərclənməyib. 35 min manatın da kiçik işlər üçün xərcləndiyini düşünsək, sual olunur: Yerdə qalan 100 min manat hanı? /Oxu.az
Xəbər 1011 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|