18.09.2017 13:58
Dövlətə 15 milyardlıq xəyanət - Cahangir Hacıyevin talanı və yalanı...
Beynəlxalq Bankdakı müdhiş maliyyə fırıldağı ilə bağlı yeni şok faktlar; ABB sabiq rəhbəri Moskvada milyonları çirkli hovuzda və zibillikdə necə “yuyub”-fakt və şəkillər; C.Hacıyev bankın London nümayəndəliyinin rəhbərinə 1 milyon funt-sterlinq “yüklədiyi” üçün ürəyi partlayıb; onun azadlığı üçün çalışan kimlərdir?
Bu yaxınlarda Azərbaycan Beynəlxalq Bankının keçmiş sədrinin cinayət işi üzrə məhkəmənin yekunlaşması və onun 15 illik həbs həyatının birinci ili tamam olacaq.
Sual yaranır: nə dərəcədə ədalətli oldu bu cəza? Ölkənin oğurlanan və xaricə daşınan hər 1 milyard manat sərvətinə görə cəmi 1 il həbs?! Bu hesabla, məsələn, 10 min manat mənimsəyən vəzifəli şəxs 4,3 dəqiqə həbs olunmalıdır? Absurd kimi görünür...
Ehtimal etmək olar ki, Cahangir Hacıyevin sabiq nazir qudası əziyyət çəkib məhkəmənin belə qərar verməsinə nail ola bilib. Milyardları talayan şəxsə məhkəmədə bir-iki milyon manat mənimsəmə cəzasının verilməsinin başqa izahı varmı?! Bundan sonra keçmiş bankir “burjuy” kamerasında 2-3 il “dincəlib” azadlığa çıxa bilər.
C.Hacıyevin mənimsədiyi pullar bir tərəfə, dövlətin təminat verdiyi xarici tərəfdaşları qarşısında da “gözü kölgəli” etdi. Dövlət Beynəlxalq Bankı uçurumdan qorumaq və batmış kreditlərdən təmizləmək üçün 10 milyard manatlıq istiqrazlara zamin durmuşdu ki (“Aqrokredit” ASC vasitəsilə), dərhal bankın xarici sələmçiləri baş qaldırdı və dövlət onlara olan 3 milyard dollardan çox borca da zamin durdu.
Maraqlı bir müqayisənin də yeri var: son illər ölkəyə ən böyük zərər Kür çayının daşması nəticəsində dəymişdi - 700 milyon manat. Belə çıxır ki, C.Hacıyev 21 dəfə daha artıq pulu heç “uf” demədən Kürə axıdıb. Bir az da iş başında qalsaydı, onun vurduğu zərər nəyinki daşqınlarla, hətta zəlzələ və sunamilərin vurduğu maddi zərərlə müqayisə oluna bilərdi.
Azərbaycanın maliyyə tarixinə “əsrin firildağı” kimi düşəcək bu hökmün “yubiley”i ərəfəsində bu mövzuya qayıdaraq bir daha vurulan zərəri yada salmaq zərurəti yaranır. Xüsusilə C.Hacıyevin “sağ əli” olan sabiq deputat Dunyamin Xəlilovun məhkəmə prosesinin bu günlərdə başa çatması fonunda bu cinayətdə hər gün yeni-yeni faktlar da üzə çıxır.
Real pul qarşısında - “konfet kağızı”
Uşaqlıqda hər birimiz yəqin ki, zarafatla konfeti yeyib onun parıldıyan kağızının arasına zir-zibil doldurub dosta vermişik: açsın və “sevinsin”. Kim bilərdi ki, bu primitiv uşaq zarafatını Cahangir Hacıyev özünün həyat fəlsəfəsinə, əsas fırıldaq üsüluna çevirəcək. Təbii ki, əvvəl boş “konfet kağızı” tapmaq lazımdır ki, bu məqsədlə C. Hacıyev 100-dən artıq offşor şirkətlər açır. Sonra həmin şirkətlər “konfeti” zir-zibil və ya hava ilə doldururlar - heç bir dəyəri olmayan qiymətli kağızlar (veksel, səhm və s.) buraxıb, Beynəlxalq Banka satırlar və ya girov qoyurlar. Fırıldaqçıların xərcləri cüzidir - offşor şirkəti açmaq və bir-iki yemək-içmək. Əldə edilən oğurluq gəlir isə fantastik səviyyədə-milyonlar...
Ümumiyyətlə, Cahangir Hacıyev və onun çetesi Beynəlxalq Bankın vəsaiti ilə 3,4 milyard ABŞ dolları və 1 milyarda yaxın avro həcmində veksel (“konfet kağızı”) alıblar.
Sonra “konfet kağızı” əməliyyatının ikinci mərhələsi başlayıb - C. Hacıyevin nəzərətində olan həmin offşor şirkətlər bankın vəsaitini alaraq, onunla sərbəst davranmaq imkanını əldə ediblər. Faktiki olaraq bankın vəsaiti nəğdləşdirilib və birbaşa Hacıyevin dəstəsinin ixtiyarına keçib.
Üçüncü mərhələdə (dələduzlar üçün ən ləziz mərhələ) həmin vəsait qiyməti süni şəkildə şişirdilmiş layihələrə yönəldilib və fərq “yeyilib”. Dələduzlar öz oğurluq gəlirlərini artırmaq üçün bəzi hallarda heç həyatda mövcud olmayan, ya da əvvəlcədən qeyri-real və ya zərərli layıhələr maliyyələşdirib. Nəticə isə aydındır - “Cahangirın dəstəsi” əldə olunan pulları xaricə daşıyaraq çırpışdırıblar.
Dələduzların fantaziyası sərhəd tanımırdı. Ənənəvi energetika və tikinti sahələri ilə yanaşı, yeni “innovativ” layihələrə, şou-biznesə, yalançı xeyriyyəçiliyə, hətta xaricdə “Kral Klubu”n yaradılmasına pul səpələyərək, mənimsəyiblər. Məsələn, guya İsraildə enerji istehsalı layihəsinə 38 milyon dollar xərclənib. Həmin vəsaitin real olaraq hara sərf edildiyi isə məlum deyil. Və ya, C.Hacıyev Qazaxıstanda neft layihəsinə 95 milyon dollar yönəldib - pul isə geri qayıtmayıb. Ya da, təminatsız veksel fırıldağını işə salaraq Rusiyada loqistik mərkəz tikdirmək adı ilə 77 milyon dollar mənimsənilib. 45 milyon dollar isə sintetik brilyantların istehsalı adı ilə yoxa çixıb.
Beynəlxalq Bankın “beynəlxalq” sərgüzəşləri
Bəzi hallarda isə C.Hacıyev ümumiyyətlə, heç bir təminatsız, sənədləşmə və elementar araşdırma aparmadan yüz milyonlarla dolları “xarici layihələrin maliyyələşdirməsi” adı ilə mənimsəyib.
Belə ki, C.Hacıyev Albaniyanın kriminal dairələrində yaxşı tanınan Rezart Tacı adlı bir şəxsə ona məxsus olan neft emalı zavodların alınmasına 340 milyon ABŞ dollar həcmində vəsait ayırıb. Daha doğrusu - kriminal dostlar bu pulu banka “atıblar” və aralarında bölüblər. Çunki zavodların hələ həmin dövrdə Albaniya dövlətinə, üçüncü şəxslərə külli miqdarda borcları yaranmışdır. Nəticə kimi, həmin zavodlar Albaniyada satışa çıxarılıb və Beynəlxalq Bankın ayırdığı vəsaitin qaytarılması qeyri-mümkündür. C.Hacıyevın “kriminal qardaşı” Rezart Tacı da dələduzluq və vergi borcu səbəbindən həbs olunub. İndi bu iki “podelnik” türmələrdən ancaq “Skype” ilə danışa bilərlər...
C.Hacıyev ümumiyyətlə, hər zaman kriminal dairələrlə iş görməyə həvəsli olub. Belə ki, Rusiyada “maliyyələşdirilən” (mənimsənilən) bir çox layihələrdə bankirin partnyorları keçmişdə müxtəlif cinayətlərdə iştirak etmiş şəxslər olub, bunların əksəriyyəti də Gürcüstanın kriminal dairələrinin yetirmələri idi.
Bu da fakt: Cahangir Hacıyev özü kimi dələduzlardan biri, Levan Tujba adlı şəxslə 440 milyon ABŞ dollarlıq krediti qondarma “Abxaz Respublikasına” investisiya yatırmaq adı ilə mənimsəyib. Tanınmamış Abxaziyanın illik dövlət büdcəsinin xərcləri orta hesabla 150 milyon dollar təşkil edir. Bu kreditlə üç Abxaziya almaq olardı. Təbii ki, keçmiş bankirin “ustalıqla” həyata keçirdiyi bu əməliyyatın bir məqsədi var idi - bankın vəsaitini dağıdaraq özü pul qazansın. Həmin Levan Tujba bu mənimsəməyə görə Moskvada saxlanıb dindiriləndə dedi ki, bu puldan ancaq 130 milyon dolların “üzünü” görüb. Qalan 310 milyon dolları Cahangir onun ayağına yazıb, öz cibinə qoyub. “Oğru oğruya atar da...”
Sual olunur: separatizmdən neçə illərdi əziyyət çəkən Azərbaycanın vətandaşı hansı mənəvi əsasla qondarma “Abxaz Respublikası”na pul yatırır? Dövlətin payı olan bankın rəhbəri, başqa sözlə birbaşa ölkəni təmsil edən vəzifəli şəxs və o vaxtlar “bərkgedən” bir nazirin yaxın qohumu nə ixtiyarla Azərbaycanın regionda strateji partnyoru olan Gürcüstanın separatçı bir vilayətinə investisiya yatırır?! C.Hacıyevın bu kimi əməlləri təkcə Azərbaycan iqtisadiyyatına yox, həm də ölkənin xarıci siyasətinə və imicinə zərbə vurub.
Daha bir şok fakt: C.Hacıyev Moskvada bir sıra tikinti layihələrinə 1 milyard 180 milyon dollar yatırıb (əslində, basdırıb). Həmin layihələr üzrə bankın pulunun heç olmasa bir hissəsinin qaytarılması belə indi böyük sual altındadır.
Təqdim edilən fotoya diqqət edin: sizcə. Bu çirkli hovuz nədir? Bu şəkil Cahangir Hacıyevın Moskvadakı “ümumi sahəsi 26 min kv. m olan yüksək gəlirli investisiya layıhələrindən” birinın təsviridir. Ən azından Cahangir Hacıyevin saxta sənədlərində belədir - müasir biznes kompleks. Bəs, bu çirkli hovuzun qiyməti nə qədərdir? 250 milyon dollar!!! Fırıldağın miqyasına baxın!
Daha bir şəkildəki Moskva şəhərində 55 min kv.m sahəsi olan yaşayış kompleksidir, hətta bir neçə min adam da yaşayır. “Axı bura it pişik qəzdirmək üçün zibillikdir” deməyin. 2006-ci ildən C.Hacıyev bu it-pişik məkanına nə az, nə çox, bankın düz 116 milyon dollarını “yatıraraq” mənimsəyib.
Qeyd etmək lazımdır ki, xaricdə səpələnən kreditlərin əksəriyyəti C.Hacıyevin birbaşa göstərişləri əsasında heç bir təminat olmadan, habelə müvafiq sənədləşmə aparılmadan ayrılırdı. Bundan əlavə, o, öz əməllərini ört-basdır etmək məqsədilə bankın ali orqanı olan Səhmdarların ümumi yığıncağına, Müşahidə Şurasına, Mərkəzi Banka yalan və təhrif olunmuş məlumatlar təqdim edib. C.Hacıyev pulları nə səhmdarları (əsasən dövlətin), nə əmanətçilərı, nə müştəriləri saya salmadan sağa-sola səpələyib və mənimsəyib.
Milyonçu sürücülər, cangüdənlər, dostlar, qohumlar.... və yarıda qırılmış ömür
Bu barədə mətbuat kifayət qədər yazıb - C.Hacıyevın rəhbərlik etdiyi cinayətkar qrup fiziki şəxslərə milyonlarla girovsuz kreditlər yazaraq pulları mənimsəyib və beləliklə də həmin adamları (içərisində cinayətkarların yaxın dostları və qohumları da var) qurban veriblər.
Adi vətəndaş Beynəlxalq Bankdan 1000 manat kredit alanda min cür sənəd istənildiyi, həftələrlə get-gələ salındığı halda C.Hacıyev şəxsi sürücüsünə, təkcə şəxsiyyət vəsiqəsi ilə 12 milyon dollar kredit yazdırıb. Cahangir Hacıyev və vəkilləri isə hələ də utanmadan günahsız olduqlarından danışırlar.
Nağd kreditlərlə yanaşı C.Hacıyev özünün və ailə üzvlərinin adına plastik kartlar açaraq dövlət bankının xəzinəsini də talayıblar. Açılan hesablar üzrə 16 ədəd plastik kartlar vasitəsi ilə 30.628.727 dollar və 9.368.007 avro, 3.433.931 ingilis funt sterlinq, eləcə də 8.616.062 manat mənimsənilib. Rəqəmlər sözün əsl mənasında insanı şoka salır. 5-6 il ərzində 100 milyon manata yaxın vəsaiti necə şəxsi ödənişlərə xərcləmək olar?! “İnvestisiya layihələri” adı altında milyardları oğurlayaraq xaricə ötürərək mənimsəyən C.Hacıyevin nəfsi və kirli əlləri birbaşa bankın kassasına da soxulub.
C. Hacıyevin nəfsi və pula qurban verilmiş vicdanı hətta insan həyatını da yarıyolda qırıb. Məlumata görə, Beynəlxalq Bankın London nümayəndəliyinin rəhbəri C.Hacıyevin nəfsinin qurbanı olub. Belə ki, C.Hacıyev ənənəvi London səfərlərin birində bankın nümayəndəliyinin rəhbəri Rüfət İmamverdiyevə əmr edir ki, o, bankın Mərkəzi İdarəsinə müraciət etsin və açılan kredit kartı üzrə limiti 1 milyon funt sterlinq həcminə çatdırsın. London nümayəndəliyinin rəhbəri dərhal əmri icra edir. Pullar R. İmamverdiyevin kredit hesabına otuzdurulur. Bu pulları isə nə R. İmamverdiyev, nə də London nümayəndəliyi tərəfindən xərclənmir. C.Hacıyev və ailə üzvləri bahalı şəhər olan Londonda super luks həyət tərzi sürməyə öyrəşmişdilər. Məsələn, dünyanın ən bahalı ticarət mərkəzlərindən biri olan “Harrods”da C.Haciyevin xırda bazarlığı 50-80 min dollar civarında olub. Vaxt keçir, kredit kartdan pul xərclənib (kredit də İmamverdiyevın ayağına bağlanıb), həmin krediti ödəmək lazım gəlir. London nümayəndəliyinin rəhbəri kredit məsələsini C.Hacıyevin yadına salır. Bir neçə israrlı müraciətdən sonra BB rəhbəri “məsələdən xəbərim yoxdu, pulu özün xərcləmisən, özün da bağla...”, deyib. 1 mln funt sterlinq R.İmamverdiyev üçün təbi ki, fantastik və əlçatmaz məbləğ olub. Bunun stresi gənc yaşına baxmayaraq R.İmamverdiyevin sonunu gətirir. O, dünyasını dəyişir, iki azyaşlı uşağı yetim qalır. C. Hacıyev “suçsuzam” deyəndə bu faktı ən azı yadına salsın, “insani keyfiyyəti”, işçilərə göstərdiyi “qayğı”nı unutmasın...
Oğurluğun 40 gün ömrü
C. Hacıyevin cinayət əməllərinə aid qalın bir kitab yazmaq olar. Xüsusiylə, Hacıyevin dələdüz partnyoru Dünyəmin Xəlilovla törətdiyi cinayətlərdən və Azərbaycandan milyardla manatı oğurlayıb xaricdə yerləşdirilməsinə aid ayrıca kitab. Həmin kitabda Hacıyevin havalanmış başı və sərhədsiz iddiaları ilə Londonda kral cəmiyyəti açmaq, Rusiyada kino çəkmək, təzə moda evi yaratmaq, “xeyrəçilik” adı ilə bankın pulunu yemək və sair “projelərindən” bəhs etmək olar.
İndi, həbs həyatının birinci ilində “Cahangir Hacıyevə və Dünyəmin Xəlilova çox sərt cəza verilib”, “iqtisadi cinayətə görə belə cəzalandırmazlar”, “Cahangir Hacıyev kreditləri qaytara bilərdi” və s. kimi iddialar ortaya atılır. Hətta C.Hacıyevi “siyası məhbus” kimi tanınmasına cəhdlər də var.
Hazırda da C.Hacıyevin dəstəsindən olan cinayətkarlardan azadlıqda olanlar var. Eyni zamanda, C.Hacıyevin hələ də yüksək rütbəli himayədarlarının olması şübhə doğurmur. Amma bu adamlar dərk etməlidirlər ki, Cahangir Hacıyev 15 illik həbsini hələ bir istiqamətdə törətdiyi cinayətlərə görə aldı - kredit kartları və fiziki şəxslər ilə bağlı fırıldağlarına görə. Onun daha ağır cinayətlərinə çox güman bu yaxınlarda hüquqi qiymət veriləcək. Onu da nəzərə almaq lazımdır ki, Cahangir Hacıyevin törətdiyi əməllər təkçə Cinayət Məcəlləsinın maddələri ilə ölçülmür.
Bu cinayətkar təkçə Azərbaycanın maliyyə və bank sektoruna ağır zərbə vurmayıb - ölkənin bütün iqtisadiyyatı, cəmiyyət, hər bir vətəndaş onun əməllərindən hələ uzun müddət əziyyət çəkəcəklər. Ölkənin daxili və xarici borcları məhz onun “fəaliyyəti” nəticəsində ən azı 15 milyard manat həcmində artdı. Və azı 10-12 il bu borcları bağlamaq məcburiyyəti qarşısındayıq. Bu hər bir vətandaşımız, o cümlədən hər bir ailə, hər bir nəsl üçün ağır bir yükdür. Bundan əlavə - dələduzun çirkin əməllərinə görə dinamik inkişaf edən Azərbaycanın dünyada işgüzar imicinə də ləkə dəydi. Bu ümumiyytlə dövlətə, ölkəyə, millətə xəyanət deyilmi?!
“Yeni Müsavat”
Xəbər 1995 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|